Sahil metrosunun yaxınlığında bir uşıqfor var. Vallah, orada hər gün o qədər maraqlı söhbətlər, hadisə və mənzərələr olur ki, adam bilmir, hansına qulağını versin, hansına gözünü.
Ötən həftənin 1-ci günü:
Sahil bağının yanın ilə qızlı-oğlanlı bir dəstə gənc gəlirdi. İşıqfora yaxınlaşanda gördülər ki, işıqfor qırmızı işığını yandırıb. Lakin aşağıda tıxac olduğundan maşınlar dayanıb, keçid də boşdur. O tərəfə baxdılar, bu tərəfə baxdılar, dedilər ki, getdik ey. Keçidin yarısında tıxac açıldı, maşınlar şütüməyə başladı, gənclər də. Baxırsan, deyirsən, bəh-bəh, belə yerdə necə olmayasan gənc?..
Ötən həftənin 2-ci günü:
Bir dəstə gənc qız gəlib metroya tərəf olan işıqforda dayandılar. Yenə qırmızı işıq yanır, lakin sakitlikdir. Qızlardan biri o birilərə dedi ki, ay qızlar, nəyə dayanmışıq ki?.. Elə bunu demişdi ki, qızlar necə götürüldüsə, bir-iki saniyənin içərisində o biri tərəfdə oldular. Orada dayananlardan onlardan ilham alıb yolu qırımızı işıqda keçənlər də oldu. Belə baxırsan, deyirsən, maşallah, gənclik budur, bax...
Ötən həftənin 3-cü günü:
Dayanmışam işıqforun altında, gözləyirəm ki, yaşıl yansın. Yaşıl da yanınca qırmızıdaca cavan-yaşlı mənə tərəf gəlir. Sanki gözlərindən üzərimə bu ifadələr yağırdı: başın xarab olub, niyə dayanmısan orada? Keç, get də. Mən də tez nəzərlərimi onların üzündən ayırdım ki, daha çox məzəmmətə məruz qalmayım.
Ötən həftənin 4-cü günü:
Yenə dayanmışam işıqforun altında, gözləyirəm. Bir dəstə oğlan gəldi. Qırmızı işıqda maşınların arasından necə süzə-süzə keçirdilərsə, deyirsən bəlkə maraqlı bir “şou”ya baxırsan. Maşınlar siqnallayır, bunlar hündürdən gülür. Sanki bir-biri ilə yarışırdılar. Camaat da nə etsin, onlara tamaşa edirdi. Belə baxırsan, deyirsən, maşallah, gör necə ilan kimi qıvrılıb açılırlar maşınların arasında. Heyif deyil, cavan olmaq...
Ötən həftənin 5-ci günü:
Yenə həmin məkan, həmin işıqfor. Dayanmışıq camaatla birlikdə, yaşılı gözləyirik. Lakin qırmızıda həmişəki kimi keçən keçənindir. Bir azdan yaşıl işıq yandı. Lakin zolağın üstündəki maşınlar imkan vermir ki, keçək o yana. Camaatın yolunu kəsib arxayın, heç nə olmayıbmış kimi dayanmışdılar. Elə bil hələ minnət də edirdilər ki, nə olsun yaşıl yanır, görmürsünüz yol yoxdur, gözləyin bir iki dəfə qırmızı yaşıla, yaşıl qırmızıya yerini versin, sizin də yolunuz açılsın da...
Nə deyim, vallah, bütün bu mənzərələrin fonunda şairin “Belə yerdə qalan, vallah, vərəmlər” misrasından savayı nədəncə başqa nə isə fikirləşə bilmirəm...
Mətanət Məmmədova