PDF Oxu

Sosial

  • 2 741

Ölmək istəyirik... -FELYETON

image

İndi durub kiməsə sual versən ki, niyə ölmək istəyirsən? Deyəcək ki, canın ölsün, mənə də qurban olasan, belə sən öləsən, gəlim halvanı yeyim, əzizin ölsün, ehsana gəlim...

Amma biz əslində ölmək istəyirik. Yuxarıdakı sual ağır gəlsə də, verəcəyimiz təqdirdə cavabımızı məhz o cür almalı olsaq da, mən deyim, siz qulaq asın ki, biz niyə ölmək istəyirik. Ay qardaşlar, ay bacılar, marketlərdə yağlar satılır, əsl demək indiki zəmanədə bir az qəbahət olar, ortabab kərə yağından dəfələrlə ucuz. Əksər insan da marketə girən kimi qaçır o yağların üzərinə.

Baxırsan-baxırsan, deyirsən ki, biz həqiqətən də ölmək istəyirik.

Sırağagün marketlərdən birində sosiska vardı, endirimə düşmüşdü. Bir kiloqramı əvvəl 9, indi 6 manat olmuşdu. Daşıyanın sayı vardı, hesabı vardı... Hələ əvvəlki qiymətini düşünüb öz-özümə dedim, görəsən, bu sosiska nə ətindən hazırlanıb ki, bir kiloqramı 9 manata başa gəlir. Çox düşündüm, amma cavab tapa bilmədim.

Sosiskanı daşıyanlara baxa-baxa dedim ki, görəsən, biz niyə ölmək istəyirik?

O günləri qonşudayam. Kənddən anası zəng vurub deyir ki, bəs anan ölsün, bir gələn də yoxdur ki, sizə yumurta, pendir göndərəm. Qonşum da cavab verir ki, ay ana, səni istəməyən ölsün. Yumurtanı, pendiri nə edirəm, buralar doludur. Metrodan evədək əlli yerdə yumurta qoyublar, kənd yumurtası, qiyməti də 30-35 qəpiyə, alıb gətirirəm. Marketlərdə elə ləzzətli pendirlər var ki, sənin pendirin onların yanında heç nədir. Ta biz o pendirlərə öyrənmişik. Göndərsən də yeyə bilmərik. Əziyyət çəkib göndərmə heç.

Belə baxdım-baxdım, dedim, İlahi, biz niyə ölmək istəyirik?

Qohumlardan birinin qızı nişanlanıb. Ana da başlayıb qızına cehiz yığmağa. O gün deyir ki, qıza slikon yorğan-döşək, yastıq aldım. Nə az, nə çox, bu dəstə 600-700 manat da pul verib. Mən də dedim, axı elə bil sən yun yorğan-döşək hazırlamışdın qıza? Deyir, hazırlamışdım, hə, düzdür, amma indi qızlara yun yorğan-döşək vermirlər. Ta yun dəbdən düşüb.

Nə ağ dindim, nə qara. Dedim görəsən, biz niyə ölmək istəyirik?

Aradabir evə yaxın parka gedirəm. İtlər də sahibləri ilə parka gəlirlər. Nə qədər it saxlayır camaat?.. Saxlasınlar, əlbəttə, özləri bilər. Amma arada görürəm ki, sahibləri bu itləri basıb bağrına düz ağzından öpürlər...

Baxıram-baxıram, deyirəm, görəsən, biz niyə ölmək istəyirik?

Mətanət Məmmədova

Digər xəbərlər