PDF Oxu

Sosial

  • 1 035

30 il: dağıdılan yurdlar, sağalmayan yaralar...

image

İndi Qarabağ azaddır. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin 20 sentyabrında birgünlük anti-terror əməliyyatı ilə 30 il işğal altında qalan torpaqlarımızı geri qaytardıq. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin uzun illər torpaqlarımızın azad olunması ilə bağlı həyata keçirdiyi siyasət və müzəffər ordumuzun rəşadəti nəticəsində düşmən qovuldu, ərazi bütövlüyümüz təmin edildi. Artıq 5 ildir ki, əzəli və əbədi yurd yerlərimizdə geniş quruculuq işlərinə başlanılıb. Soydaşlarımız öz ata-baba yurdlarına qayıdır, işğaldan azad edilmiş torpaqların hər birində bərpa işləri görülür ki, 30 il məcburi köçkün kimi yaşayan soydaşlarımızın hamısı doğma evlərinə qayıda bilsin.

Ermənilərin xalqımıza vurduğu zərərin misli yoxdur

Dərdli danışqan olar, deyirlər. 30 il erməni işğalı altında qalan Qarabağdan, oradakı yurd yerlərimizin ermənilər tərəfindən viran edilməsindən söhbət açmaq istəyirəm yenə. Bəli, bu, elə bir dərddir ki, dünya durduqca danışsaq da, yenə sinəmizdəki yaralara məlhəm ola bilməz. Bu elə yaradır ki, yüz illər üstünə məlhəm qoysaq da, sağalması mümkün deyil. Bütün yaralardan fərqli olaraq, qoy bu yara heç sağalmasın da. Çünki sağalarsa, ermənilərin Qarabağa etdiyi zülm, bu xalqa zaman-zaman verdiyi əzab-əziyyət unudular. Qoy bu yara sağalmasın. Sağalmasın ki, ermənilərin necə dəhşətli bir düşmən olduğu nəsilbənəsil yaşadılsın. Dağıdılan minlərlə tarixi, mədəni abidələr, obyektlər, muzeylər, məktəblər, kitabxanalar, yaşayış binaları, evlər yüz illərlə yaradılmışdı, 30 ilin qurbanı oldu. Soydaşlarımız bu ata-baba yurdlarından silahın ucunda zorla çıxarıldı. İllərlə əlləri ilə kərpic-kərpic qurduqları evlərini qoyub çıxmalı oldular.

Ermənilərin bu xalqa vurduğu həm maddi, həm mənəvi zərərin misli yoxdur. Hansı milyonlar bu itirdiklərimizi qaytara bilər? Hansı milyonlar bizə balalarımızı, itirdiyimiz 30 ili qaytara bilər? Hansı milyonlar köçkünlükdə yurd həsrəti ilə dünyasını dəyişən insanların ruhuna təsəlli ola bilər?

Yurdun dağılması elə bir dərddir ki, heç bir qüvvə insanın içindən bu ağrını-acını silib apara bilməz. Buna görə də yurdumuzu dağıdan, talayan, satıb-sovan, vuran edən, sərvətlərimizi mənimsəyən, daşıyıb dünya bazarlarında satan ermənilər bizim əbədi düşmənimizdir.

Bir ev bir ömürdür

Bəli, bir ev bir ömürdür. Ev qurmaq, bağ salmaq hər bir azərbaycanlı ailəsinə xas olan keyfiyyətlərdəndir. Əsrlərdən gələn bu keyfiyyət artıq ailə dəyərlərimizə, adətlərimizə çevrilmişdir. Bunu ata-babalarımızdan, nənələrimizdən, analarımızdan elə bir tərbiyə olaraq almışıq ki, həddi-buluğa çatan kimi özümüz üçün ev qurmaq, həyət, bağ salmaq qarşımızda duran ən vacib vəzifə olur. Bunun üçün illərlə çalışırıq. Gənclik çağımızdan başlayaraq ev qururuq. Birazdan ailə böyüyür, dünyaya uşaqlar gəlir. Onların böyüməsi ilə paralel qurduğumuz evlərimizin başa gəlməsi ailədəki qayğılar səbəbindən gecikir. Bir ay evin bir hissəsini tikirik, gələn ay bir hissəsini. Baxırsan ki, artıq evlilikdən 10 ilə yaxın bir vaxt keçir, hələ də ev tamamilə hazır deyil.

Beləliklə, hər ay bir kərpic, hər il bir otaq, illər ötür, evin qurulması da sanki səninlə bir ömrə sığmağa başlayır. Ev bitir, sonra başlayırsan həyəti qurmağa. Bu il bir işini görürsən, gələn il bir işini. Həyəti həyət halına salanadək baxırsan ki, neçə-neçə illər keçib gedib.

Bağ salmaq isə bizdə belədir ki, hələ torpaq alıb ev tikməyi nəzərdə tutduğun andan artıq evin tikiləcəyi yeri müəyyən edib, kənarlarda ağac əkməyə başlayırsan ki, böyüsün kölgəsində oturasan, meyvəsindən yeyəsən. Bağ işi də çətin işdir. Çünki daim diqqətdə olmalıdır. Quruyanlar kəsilməli, yerinə yeni tinglər əkilməlidir ki, el içində deyildiyi kimi, vaxta gəlib yetirə bilsin.

Bir sözlə, evimiz, həyətimiz, bağ-bağçamız necə deyərlər, dişimizlə-dırnağımızla qurub-yaratdıqlarımızdır. Ona görə də əzizdir, doğmadır. Çünki zəhmət sərf edirik, gecəmizi gündüzümüzə qatıb bir evin sahibi olmaq üçün çalışırıq. Belə isə 1990-ci ildən başlayaraq Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam və digər rayonlarımızdan evlərindən zorla çıxarılan insanları anlamaq o qədər asandır ki... Onlar evlərindən çıxarılarkən hansı hissləri yaşayıblar, əlləri ilə min bir əziyyətlə qurduqları evlərini qoyub çıxarkən hansı vəziyyətə düşüblər? Bütün bunları anlamaq o qədər asandır ki...

Onların zorla, silah burnunda evlərindən çıxarıldıqlarını, evlərini, həyətlərini, bağ-bağçalarını, mal-mülklərini qoyub hara gedəcəklərini təxmin belə edə bilmədiklərini düşündükcə, adamın ürəyi parça-parça olur. Bir ömür çalış, ev qur, həyət qur, bağ-bağça sal, gəlib səni zorla çıxarıb sahiblənsinlər. Bu, çox böyük dərddir, sağalmayan yaradır. Sonra biləndə ki, düşmən mal-mülkünü talayandan sonra evinə, həyətinə, bağına od vurub yandırıb, gəl, ürək, buna göz görüm, necə dözürsən.

Beləliklə də ermənilərin azərbaycanlılara vurduğu maddi ziyanın misli yoxdur. Maddi ziyandan yaranan mənəvi ziyanın da, eynilə, misli yoxdur. Evin yıxılmasından, dağılmasından böyük dərd ola bilməz. Düşmənin soydaşlarımıza qarşı törətdiyi bu cinayətləri tarix bağışlamayacaq. Eləcə də yurdu boş qalan, dağıdılan insanlar bağışlamayacaq. Minlərlə insanın ürəyindəki yara isə heç vaxt sağalmayacaq.

Yuxularımızda gəzdiyimiz evlər, həyətlər, bağçalar...

Bu gün Qarabağ və Şərqi Zəngəzurun işğal olunmuş torpaqları azad edilib, Böyük Zəfər qazanmışıq. Lakin insanların xatirələri olduğu kimi qalır və qalacaq da. Çünki onların itkisi böyük idi. Bu xatirələr yaşansın. Yaşansın ki, olanlar da unudulmasın.

Laçın sakini Həsən: Bir gecə yuxumda Laçındaydım. Evimizin yolunu tapmağa çalışırdım. Hər tərəfi ot basmışdı, bütün cığırlar, yollar itmişdi. Ha axtarırdım, lakin tapa bilmirdim. Ətraf xarabalığa bənzəyirdi. Dam örtüyü olmayan, qapı-pəncərəsi sökülüb götürülmüş, od vurub yandırılan evlər xarabalıqdan başqa heç nəyi ifadə etmirdi.

Axı mən Laçını heç vaxt belə görməmişdim. Nədir günahı görəsən bu yurdun ki, bu günə salınıb? Cansız, dili-ağızı olmayan evlər, həyətlər, ağaclar nə üçün sökülüb, viran edilib, kəsilib, doğranılıb?

Yuxumda ha gəzdim, gəzdim, evimizi tapa bilmədim. Çünki ətraf tamamilə bir-birinə bənzəyirdi. Fərqli heç nə yox idi ki, onunla nəyi isə təxmin edə biləsən.

Ağdam sakini Xuraman xala: Bir gecə yuxumda həyətimizdə idim. Bir yurd bu günə necə düşə bilər, İlahi? Əlimlə nəyi hara qoymuşdumsa, hamısı bugünkü kimi yadımda idi. Hara, hansı tərəfə baxdımsa xarabalıqdan, uçqunlardan başqa heç nə görmədim. Amma çox yaxşı xatırlayırdım, ərik ağacının altındakı taxtadan düzəldiyimiz masa və oturacaqları. Alça ağacının altına böyük bir daş qoymuşdum, üstünə duz səpirdim ki, mal-heyvan çöldən gələndə yalasın. Baxdım ki, o daş yerindədir. Bir anda həyət mal-heyvanla, qoyun-quzu ilə doldu. O günlər canlandı gözlərim önündə: sağdığım vedrə-vedrə süd, hazırladığım pendir, şor, kərə. Bu ağacın altında süfrə açdım, əllərimlə hazırladığım nemətləri süfrəyə düzdüm bir anın içərisində. Uşaqların, nəvələrin səsi ətrafı bürüdü. Gözlərimi yummuşdum, o anları olduğu kimi xatırlayırdım...

Birdən gözlərimi açdım. Sən demə yuxudan da oyanıb gözlərimi açmışam. Gözlərim ağappaq tavana zillənmişdi. Gözlərimdən yaş axdıqca, səhərdən bəri yuxuda yurdumda olduğumu anladım. Kaş ki, oyanmazdım, dedim...

Kəlbəcər sakini İbad əmi: Bir gecə yuxumda Kəlbəcərdəydim. Küçələri dolaşırdım. Evimizi axtarıb tapmağa çalışırdım. Hər yer daş-kəsək idi. Yıxıla-dura bir təhər evimizə tərəf gedən yolu təxmin edə bildim. Uçulmuş evimizə çatanda ürəyimdən elə bir sızıltı keçdi ki, sanki iki əl dayanmadan sıxırdı. Gözlərim önündə uçuq, yandırılmış qapqara divarlar, evimizin qırılıb dağıdılmış, sındırılmış əşyalarından qalan parçalar ətrafa səpələnmişdi.

Zalım düşmən necə də qəddarlıqla dağıtmışdı evimizi. Nə qapısı, nə pəncərələrindən bircəsi də qalmamışdı. Bircə “əl damı” dediyimiz yerin köhnə taxta qapısı, üzərindəki sim yerində idi. O simlə axşamlar qapını bağlayırdıq. O qapı atamdanqalma idi. Taxtaları yan-yana bir-birinə mıxlamaqla düzəltmişdi. Yaxınlaşıb qapını qucaqlayıb o qədər öpdüm ki... Sanki atamı qucaqlamışam kimi hiss etdim. Axı o qapıda onun əllərinin izi, alnının təri hələ də qalmaqda idi...

Füzuli sakini Narınc: Bu gecə yuxumda Füzulidə-evimizdəydim. Oradakı xoş bir yay günündə idim. Hər yer necə də səliqəli idi. Hər şey öz yerində... Düşündüm ki, bəs deyirdilər, ermənilər evimizi tar-mar edib, yandırıb. Burada axı heç nəyə əl dəyməyib.

Atam, anam, babam, nənəm, bacı-qardaşım-hamımız evdə idik. Masa ətrafında əyləşib çay içirdik. Onların səsləri eyni o səs, söhbətləri eynilə o söhbətlər idi. Necə də şən idik. Bir azdan nənəm keçib divanda əyləşdi. Mən də yanına getdim. Saçımı sığallamağa başladı. Bir neçə gündən sonra Bakıya gəlməli idim. Mənə öz nəsihət və tövsiyələrini verdi. Ağıllı ol, mənim balam, dedi.

Oyananda elə bir şok keçirdim ki, bunu ifadə etmək olduqca çətindir. Füzulu harada idi, evimiz, həyətimiz, babam, nənəm harada idilər. Amma inanın, mən nənəmin əllərini oyanandan sonra da saçlarımda hiss edirdim.

Lakin bir azdan tamamilə anladım ki, bütün bunlar yuxu imiş. İndi nə bizim ev var, nə də nənə-babam. Evimiz ermənilər tərəfindən xarabalığa çevrilib. Bunları eşidən baba-nənəm isə dünyalarını köçkünlükdə çoxdan dəyişiblər...

O yurdlara qayıdırıq

Dağıdılan tək yurdlarımız deyil, minlərlə tarixi-mədəniyyət abidələrimiz, muzey, məktəb, xəstəxanalar, minlərlə müxtəlif obyektlərin hər birinin taleyi soydaşlarımızın evinin, həyətinin bağının taleyi ilə eynidir. Onlardan əsər-əlamət belə qalmayıb. Görün, erməni adlı qonşuluqdan kənar olanlar dövlətimizə, ölkəmizə nə qədər maddi ziyan vurub. Onların ziyanı tək bununla bitmir. Birinci və İkinci Vətən müharibələrində 25-30 minə yaxın həyatını itirən insan, minlərlə qazi, itkinimizin hər birinin acı taleyi ermənilər tərəfindən bizə vurulan mənəvi zərərdir. Hələ üstəlik bu müharibələrdən aldığı travmalarla böyüyən uşaqlarımızın, oğul yolu gözləyib, “öldü”, xəbərini alan ata-analarımızın, həyat yoldaşını itirən qadınlarımızın yaşadıqlarını düşünəndə, deyirsən ki, bəli, yağı düşmənin xalqımıza vurduğu zərərin misli yoxdur.

Biz o yurdlara qayıdırıq. Çünki 2020-ci ilin 44 günlük savaşında Ali Baş Komandanımız, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə milli ordumuz o yurdların hər birini yağı düşməndən azad edib. Onlar birdəfəlik o torpaqladan qovulub.

İndi Qarabağ dövlətimizin diqqət və qayğısı ilə yenidən qurulur, bərpa olunur. Artıq yüzlərlə soydaşımız Böyük Qayıdışla yurdlarına qayıdıblar. Böyük Qayıdış yaxın gələcəkdə digər yurd yerlərimizə də olacaq.

Qarabağ illər sonra əvvəlki növrağına qayıdacaq, yenə gözəlliklər diyarına çevriləcək. Lakin insanların yaraları sağalmaz olaraq qalacaq. Bütün bunları gələcək nəsillərimiz üçün yazıb saxlamaq, onlara danışmaq, yaddaşlarına hopdurmaq hər birimizin vətəndaşlıq borcudur. Çünki bir yurdun yurd olması üçün əsrlər ötür. Ermənilər bizim əsrlərlə yurd olan torpaqlarımızda daşı daş üstündə qoymadılar. Yurdumuzu, evimizi, şəhərimizi, rayonumuzu, kəndimizi dağıtdılar. Abidələrimizi yerlə yeksan etdilər. Bütün bunlar unudula bilərmi? Minlərlə insanın 30 ildə yurd deyə-deyə dünyasını dəyişməsini, yurd həsrəti ilə qovrulmasını, əzizlərinin qəbrini ziyarət edə bilməyən soydaşlarımızın, 30 il məcburi köçkünlük yaşayan vətəndaşlarımızın yaşadıqlarını unutmaq olarmı?

Biz döyüş meydanında düşmənin layiqli cavabını vermişik. Qisasımızı almışıq. Lakin 1990-cı ildən 2020-ci ilə qədər bir qərinəyədək olan zaman kəsiyi tariximizin elə bir səhifəsidir, o səhifə elə bir dəsti-xətlə yazılıb ki, əsrlər sonra da olduğu kimi qalacaqdır. Onu unutmağa haqqımız yoxdur. Çünki onu unutmaqdan böyük günah ola bilməz xalqımız üçün...

Mətanət Məmmədova

Digər xəbərlər