PDF Oxu

Sosial

  • 1 025

Ölən və öldürən məktəblilər

image

Lalə Mehralı

Əksəriyyət məktəbdə baş verən bu kimi zorakılıq hallarını əks etdirən videoları ürək ağrısı ilə seyr edir. Kimi günahlandıraq? Bu zorakılıq müəllim-şagird arasında da olur, müəllim-direktor arasında da, şagirdlə şagird arasında da. Axır illər trendə məktəbin gözətçiləri, texniki işçiləri də qoşulub. Övladına tərbiyə verməyən valideyn, tərbiyələnmək istəməyən uşaq, amalı, məqsədi təhsil yox rüşvət olan direktorlar, məktəbin inventarlarını satıb yeyən təsərrüfat müdirləri, məktəbdə biznes quran texniki işçilər, dərs cədvəli satan müavinlər, tərbiyəsiz uşaq əlində naçar qalan müəllimlər, döyülən yaxud döyən şagirdlər, öldürən və ölən uşaqlar, bütün bunlara gözünü yumub, qulağını tıxayan nazirlik – sizcə, hansı daha çox günahkardır?

Məktəblərdə ən böyük boşluq nədir, bilirsinizmi? Müəllim avtoritetinin yoxa çıxması. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra yazıq görkəmə saldılar. Müəllimi elə yazıqlaşdırdılar ki, uşağa söz deməyə risk etmir. Daha müəllim nə təhsil verir, nə təlim verir, nə də tərbiyə. İşi-gücü səhərdən-axşamacan lüzumsuz kağız-kuğuz işlərini bitirmək, jurnal yazmaq, summativ yoxlamaqdır. Başını qaldırıb sinifə baxa bilmir ki, nə baş verdiyini görsün. Onun bu halı ailəsindən tərbiyə, nəzarət görməyən şagirdlər üçün göydəndüşmə fürsətdir.

Biz Elgünün faciəsini hələ unutmamışıq, indi də Vaqifə məzar oldu Gəncə. Öldürən məktəbli, ölən məktəbli, ilahi, dəhşətə bir bax! Məktəblərdə özbaşınalıq baş alıb gedir. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. Kəpənək deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meyilli olan nəsil yetişib. Onlar bıçaqla lovğalıq edirlər, qısnama zamanı hədə-qorxu gəlmək üçün istifadə edirlər. Məktəblilərin üzərindən dəfələrlə beşbarmaq deyilən təhlükəli alət aşkarlanıb. Şagirdlər müəllimin üzünə üfürür siqaretin tüstüsünü. Bütün səlahiyyətləri əlindən alınmış müəllim nə edəcək bu vəziyyətdə?

Uşaqlar saytlardan zorakılıq təbliğ edən oyunların simvolu olan silahları sifariş edirlər. Daha sonra sifariş edilən silahları məktəbə gətirib sinif yoldaşlarına paylayırlar. Məktəblər və məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilir. Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var. Xüsusilə də məktəbdə çalışan psixoloqlara çox mühüm vəzifə düşür.

Məktəblərdə təhsildən başqa hər şey var - bullinq, zorakılıq, qısnama, bıçaqlama, öldürmə. Məktəblərdə yalnız dərs yoxdur, elm yoxdur, təhsil yoxdur. Təhsil can çəkişir, nazirlik susub. Məktəblər, məktəblilər kriminal film qəhrəmanına çevrilib, nazirlik susur. Biz də susaq?!

Digər xəbərlər