PDF Oxu

Sosial

  • 833

Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir

image

Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı ilə deyil, əsrlərboyu bəşər tarixinə verdikləri böyük şəxsiyyətləri və qüdrətli övladları ilə ölçülür. Böyük Azərbaycan xalqı bütün dövrlərdə olduğu kimi, iyirminci əsrdə də Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yetirmişdir. Müasir dövrdə müdrik dövlət xadimi Heydər Əliyevin adı müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Müstəqil Azərbaycanın simasını müəyyənləşdirmiş bu qüdrətli şəxsiyyət xalqımızın tarixində və taleyində silinməz izlər qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur”.

Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolunu göz önünə gətirsək, bu ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq. Bu, Azərbaycandır! Dahilərin həyatı xalqa məxsusdur. Ümummilli Liderimizin ötən əsrin 40-cı illərində xüsusi xidmət orqanlarında əmək fəaliyyətinə başladığı dövr dahi şəxsiyyətin Azərbaycan naminə missiyasının birinci mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin xüsusiyyəti ondan ibarətdir ki, o dövrün cəmiyyəti üçün kifayət qədər qapalı olan bir təşkilatda fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev imperiya maraqlarına yox, Azərbaycanın milli maraqlarına xidmət göstərmiş, rejimin yaratdığı çətinliklərə baxmayaraq, təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların yetişdirilərək irəli çəkilməsinə nail olmuşdur. Xalqımızın böyük oğlu yaradıcı ziyalıların, milli düşüncəli kadrların incidilməsinin qarşısını almış, xalqın həqiqi maraqlarına cavab verən yaradıcı mühitin formalaşmasına çalışmışdır.

Azərbaycanın xilası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Xalqımızın böyük oğlunun 1990-cı il iyul ayının 22-də Moskvadan Naxçıvana qayıdışı Azərbaycanın qurtuluş tarixinin parlaq səhifəsini təşkil etmişdir. Bu böyük şəxsiyyətin Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi və milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmişdir. Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə Azərbaycanın müstəqilliyi naminə atılan addımları yüksək dəyərləndirən ölkə Prezidenti İlham Əliyev demişdir “O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Ölkəmizin müstəqilliyinin bünövrəsi də məhz o illərdə qoyulmuşdu. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Beləliklə, Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə, çalışdığı bütün vəzifələrdə, ictimai-siyasi quruluşlardan asılı olmayaraq, həmişə Azərbaycan xalqını müdafiə edirdi. Doğma Azərbaycanın inkişafına səy göstərirdi. Bunun nəticəsində bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan çox sürətlə inkişaf edir”.

Bu gün hər bir azərbaycanlı görkəmli dövlət xadiminin ölkəmizi müstəqilliyə, Milli Qurtuluşa aparan yolunu – 1990-cı ilin iyul ayında görkəmli dövlət xadiminin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdışını böyük qürur və ehtiramla xatırlayır. Siyasi şərhçilər, politoloqlar haqlı olaraq həmin tarixi hadisəni böyük qurtuluş – Vətəndən başlanan yolun başlanğıc günü adlandırırlar. Bəli, məhz 1990-1993-cü illərdə Naxçıvanda verilən tarixi qərarlarla müstəqil Azərbaycanın təməl prinsipləri formalaşdırılıb. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmaqla Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədilik məqamına ucaltdı. Tarixi, siyasi hadisələr göstərir ki, əslində, Azərbaycan əsl müstəqilliyinə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan etməklə ölkənin tarixi irsə hörmət prinsipləri əsasında, sağlam təməllər üzərində yeni inkişaf xəttini qurdu. Görkəmli dövlət xadiminin yoluna, Onun ideyalarına sədaqətin ifadəsi olaraq 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.

Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatlarından, yüksək kürsülərdən gəldi, eyni zamanda daxili sabitlik bərqərar edildi, cəbhədə atəşkəsə nail olundu, bütün proseslərdə qanunun aliliyi əsas götürüldü, hüquqi-demokratik, dünyəvi dövlətçilik modeli formalaşdırıldı. İqtisadi sahədə mühüm addımlar atıldı, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı ki, nəticədə, Azərbaycanın iqtisadi inkişafını şərtləndirən nəhəng layihələr gerçəkləşdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da ölkəmizin bugünkü və gələcək uğurlarının əsası qoyuldu, müstəqil siyasətin təməli daha da möhkəmləndirildi.

Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü Ümummilli Lider Heydər Əliyevdə olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi, 15 iyun tariximizə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Böyük Öndərimiz Azərbaycan naminə yaşadığı həyatın, mənalı ömür yolunun siyasi mübarizələrlə dolu olan anlarını göz önünə gətirərək deyirdi “Bütün həyatımı təhlil edərək görürəm ki, hər halda bir başlıca hadisə də var. O da bundan ibarətdir ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.

Ümummilli Liderimizin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən və separatçılıq meyillərindən xilas olmuş, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alınmış, milli ordu quruculuğunda əməli addımlar atılmış, əldə olunmuş sabitlik nəticəsində iqtisadi inkişafın əsası qoyulmuşdur. Bu gün ölkəmizin sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!

Bu da bir həqiqətdir ki, Azərbaycan və Heydər Əliyev adları həmişə qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Respublikası xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir. Azərbaycanlı olmağı ilə daim fəxr edən Ulu Öndərimizin keçdiyi mənalı ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər gələcək nəsillər üçün əsl örnəkdir. Bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir. Ulu Öndərimizin müəyyənləşdirdiyi yol, strategiya uğurla davam etdirilir. Bu kursun layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Liderimizin ideyalarına sadiq qalaraq Azərbaycanı günü-gündən uğurlu sabaha, xoşbəxt gələcəyə qovuşdurur. Onun rəhbərliyi ilə qəbul olunmuş mühüm Dövlət proqramları uğurla reallaşdırılır, yeni-yeni nailiyyətlər qazanılır.

Ümummilli Liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən Prezident İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmişdir. Azərbaycan Prezidenti tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmiş, əhalinin rifah halı xeyli yaxşılaşdırılmışdır.

“Biz müstəqil dövlətik, öz taleyimizi özümüz həll edirik”– Prezident İlham Əliyevin bu fikri atılan hər bir addımın əsasında ölkənin uğurlu gələcəyinin dayandığını göstərir. Bu addımlar Azərbaycanın parlaq gələcəyini təmin etmişdir. Prezident İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilmişdir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. Ölkə başçısı öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın qazandığı bütün uğurlar müstəqilliyimizin bəhrəsidir, dövlət müstəqilliyimiz möhkəmləndirildikcə ölkəmiz daha qüdrətli dövlətə çevrilir “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.

“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, – deyən cənab İlham Əliyev qazanılan tarixi qələbəmizlə Ulu Öndərin dövlətçilik irsinə necə sadiq olduğunu, Ata vəsiyyətini yerinə yetirdiyini nümayiş etdirir. Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edə biləcək alternativsiz liderdir. Ölkənin davamlı və sabit tərəqqisini təmin edərək uğurlara imza atan Prezident İlham Əliyev Azərbaycanı sürətli inkişaf magistralına çıxarmışdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini Prezident İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişiklikləri, bizi Azərbaycanın parlaq sabahına yaxınlaşdıran siyasi kursun alternativsizliyini yaxşı başa düşür.

Bu gün dahi şəxsiyyət Heydər Əliyevin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin işi və əməlləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcək, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq”.

Bu gün Ulu Öndərin siyasi varisi, yenilməz liderinin rəhbərliyi altında qalib, müzəffər xalqın nümayəndələri olaraq Müstəqillik, Müstəqilliyin bərpası, Zəfər, Dövlət Suverenliyi günlərini təntənə ilə qeyd edirik. İşğaldan azad olunan bütün torpaqlarımızda müstəqilliyimizin rəmzi sayılan üçrəngli Dövlət Bayrağımız dalğalanır, soydaşlarımız öz doğma evlərinə qayıdır, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz bərpa olunur. Dünyanın hansı ölkəsində, məmləkətində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyi müstəqil, qalib Azərbaycanla döyünür, həmvətənlərimiz öz sözlərini bütün xalqlar içərisində çəkinmədən, alnıaçıq şəkildə deyə bilirlər. Ən əsası isə odur ki, bu gün ölkəmizin apardığı müstəqil diplomatiyaya böyük hörmət və etimadla yanaşılır, siyasi iradəyə heç bir hegemon dövlət, heç bir qaragüruhçu qüvvə təsir göstərə bilmir. Zəfərimizin rəmzi sayılan Şuşadan xalqa müraciətində qalib Azərbaycanın Müzəffər Liderinin də dediyi kimi “Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda güclü imkanlarımız var”.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər