PDF Oxu

Sosial

  • 1 153

Qohum nikahlar: rəsmini dövlət qadağan etdi, qeyri-rəsmini də biz edək!

image

Bəzilərimizin şüurlu şəkildə, bəzilərimizin isə qeyri-şüurlu şəkildə dərk etdiyimiz qohum nikahlar kimin necə qəbul etməsindən asılı olmayaraq həqiqətən də insan cəmiyyəti üçün çoxsaylı problemdən başqa bir şey deyil. Lakin təəssüf ki, bunu hələ də yetərincə dərk etməyən, məsələnin əsl mahiyyətinin nədən ibarət olduğunu anlamayan insanlar var. Baxmayaraq ki, uzun illər boyu övladları gözləri önündə müxtəlif qan xəstəliklərindən əziyyət çəkir, xəstəxana-xəstəxana, həkim-həkim gəzirlər, lakin hələ də bunun səbəbkarının qohum nikah olduğuna inanan çox az adam var.

Belə də olub ki, qan qohumu olan iki gənc ailə qurub, lakin övladları sağlam doğulub. Bax, bu məsələ də uzun illər insanları çaş-baş salıb. Qohum nikah problem yaradır deyəndə, “Odur filankəs də qohum nikah ilə ailə qurub, iki-üç sağlam övladı doğulub, siz nə danışırsınız?”,- deyən çoxsaylı insan var. Lakin bir məsələni həmişə anlamaq istəməmişik deyim, dərk etməmişik deyim, ola bilər ki, qohum evlilikdə xəstə uşaq doğulmasın, lakin bu uşaqların gələcəkdə dünyaya gətirdiyi övladlarında və yaxud övladlarının övladında qohum evliliyin fəsadları özünü göstərəcək. Odur ki, anlamağa çalışaq ki, ümumilikdə qohum nikah bizə dərd-bəladan, qəm-kədərdən başqa heç nə vermir. Elə buna görə də bəzi ölkələrdə ən azı dörd, yeddi nəsil sonra qohum evliliyinə icazə verilir.

Uzun illər boyu...

“Qardaşımın gül kimi qızı var, oğlum, onu almalısan, “Bacı, qızın, bax, mənim oğlumundur”, “Qardaş, qızınla oğlumu göbəkkəsdi etmişik ha, yadından çıxarma”, “Bacı, qızınla oğlum beşikkəsdidir ha, birdən başqasına verərsən” kimi sözləşmələr, istəklər övladlarımız başqasını seçsə də, qəlbini başqasına versə də, daha üstün gəlib. Valideyn diktəsi, arzusu, istəyi, “sözü” gəncləri zaman-zaman öz sevdiyindən ayırıb. Gözlər yaşarıb, qəlblər parça-parça olub, sevənlər bir-birindən ayrılıb, bir ömür gözləri bir-birini axtarıb, lakin bütün bunları ürəyinə gömüb ana-ata xətrinə onların bacı-qardaşlarının övladları ilə ailə qurublar.

Belə nikahlardan dünyaya çoxsaylı xəstə uşaqlar gəlib. Nəticədə də çoxsaylı qohum evliliyi pozulmalı olub. Dünənədək bir-birinə can deyib-can eşidən bacı-qardaş, qardaşlar və bacılar bir-biri ilə düşmən olublar. Tək xəstə uşaqların doğulması ilə deyil, yox, olub ki, gənclər baxmayaraq ki, əmiqızı-əmioğludur, dayıqızı-bibioğludur, lakin ailədə xasiyyətləri tutmayıb, bir-birini ər-arvad kimi anlaya bilməyiblər. Aralarında sevgi olmadığından münasibətlər yaxşıya doğru yön almayıb. Bundan sonra iki qardaş olub düşmən. Biri günahı qardaşının qızında, o biri qardaşının oğlunda görüb. İki bacı olub ömürlük düşmən, bir-birini görəndə yollarını dəyişib, üz-üzə gəlmək belə istəyiblər. Bacının biri günahı bacısı qızına, o biri bacısı oğluna yükləyib.

Deməli, qohum nikahlar sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsi ilə yanaşı, həm də çox vaxt qohumluq münasibətlərini sonlandırır. Qardaş-bacı arasına nifaq salır. Axı bütün bunların dəfələrlə şahidi olmuşuq.

Dövlətimiz bizi özümüzdən çox düşünür

Bəli, biz özümüz özümüzü, doğulan xəstə uşaqları nədənsə göz ardına aldıq zaman-zaman. Lakin ölkədə qohum nikahlardan doğulan xəstə uşaqların statistikası hər il bir qədər qabardıqca, dövlətimiz bunun yaxşı bir gələcək vəd etmədiyini gördü və qarşısını almaq üçün yollar axtardı. Uzun illər maarifləndirmə işlərinə başlandı. Aid qurumlar, mətbuat vaxtaşırı bu barədə hərtərəfli məlumatlar verdi, araşdırmalar apardı, nəticələri xalqa çatdırdı. Lakin təəssüf ki, beynimizə hopan stereotiplərdən yaxa qurtara bilmədik. Bütün bunların bizim xeyrimizə olduğunu dərk etmədik.

Ötən il Milli Məclisdə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının və bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olmasının qadağan edilməsi müzakirə edildi, qanun layihəsi qəbul olundu və dövlət başçısı tərəfindən 28 iyun 2024-cü il tarixdə Ailə Məcəlləsində edilən dəyişiklik təsdiqlədi. Beləliklə, 2025-ci ilin 1 iyul tarixindən yuxarıda qohumluq dərəcəsi göstərilən qohumlar arasında nikahın bağlanması qadağan olundu.

Göründüyü kimi, dövlətimiz bizi özümüzdən daha çox fikirləşir, gələcəyimizin qeydinə bizdən daha çox qalır. Hansı ki, bütün bu məsələlərdə biz dövlətə kömək etməli, genofondumuz, sağlam gələcəyimiz naminə bunu biz etməliyik. Çox təəssüf ki, nə qədər deyilsə də, qulaqlarımız kar oldu, eşitmədik, yenə də qohum gənclərin bir-biri ilə nikaha daxil olmasından çəkilmədik. Nəticədə isə minlərlə uşaq bizim qurbanımız oldu. Onların sağlamlığını, gələcəyini əllərindən aldıq. Həmyaşıdlarında olan aktiv həyatı, sağlam bədəni, zəkanı onlardan aldıq. Öz istəklərimizin qurbanına çevirdik onları. Eləcə də o uşaqların valideynlərinin üzərinə ömürlük bir yük qoyduq. Sağlamlıq imkanı məhdud uşaq böyütmək, onun cəmiyyətə inteqrasiyasına nail olmaq heç də asan məsələ deyil. Bunu xəstə uşağı olanlar bilər.

Hər birimiz dəfələrlə qohum nikahlardan doğulan uşaqların aqibəti ilə rastlaşmışıq. Heç kim deyə bilməz ki istər qonşuluqsa, istər qohumlar arasında belə uşaqlarla qarşılaşmayıb. Çox təəssüf ki, biz qarşımızdakı mənzərəyə yalnız baxmışıq, onun ağırlığını, əsl mahiyyətini görə bilməmişik.

Beləliklə, bu gün şüurlu, normal insanların hər biri dövlətin təşəbbüsünü, qərarını alqışlayır. Qohumlar arasında rəsmi nikah dövlət tərəfindən qadağan edildi, bəs qeyri-rəsmi nikahlar, bax bunlara biz qadağa qoymalıyıq: bir-birimizi qınaq etməklə, doğru yol göstərməklə, nələrin baş verəcəyindən xəbərdar etməklə.

Altı aya 1429 qohum nikah

Elə ki, gələn ildən-yəni 2025-ci ilin iyul ayının 1-dən bioloji qohumluğu olan şəxslərin nikaha daxil olmasının qadağan edilməsi xəbərini aldıq, dedik nə edək, etməyək, o tarixədək təcili övladlarımızın toy mərasimini reallaşdıraq. Beləliklə, bioloji qohumluğu olan şəxslər arasında cari ilin yanvar ayında 252, fevralda 131, martda 176, apreldə 139, mayda 271, iyunda isə 460 nikah qeydə alınıb. 2024-cü ilin yanvar ayında isə 155, fevralda 113, martda 116, apreldə 111, may ayında 121, iyunda 134 belə nikah rəsmiləşdirilmişdi. 2021-ci ildə 2199, 2022-cü ildə 2542, 2023-cü ildə 1950, 2024-cü ildə 2060 belə nikah qeydə alınıb.

Budur, bax, bu rəqəmlər bizim şüurumuzun hələ də geridə olduğundan, baxmayaraq ki, məsələyə dövlət səviyyəsində yanaşma olub, hələ də məsələnin mahiyyətini dərk etməkdə geridə qaldığımızdan xəbər verir.

Bu ilin altı ayında 1429 qohum nikahın bağlanması və statistikanın əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə daha qabarıq olması, el arasında deyildiyi kimi, “tez-bazar” toylardan, nikahlardan xəbər verir.

Əslində bu rəqəmlər adamı bir qədər də düşünməyə vadar edir. Düşündükcə acı bir gülüş də doğur. Nəyə görə? Ona görə ki, sanki insanlar düşünür ki, qohum nikahların qadağan edilməsi bu qədər narahatedici bir məsələ deyil, lakin qanuna dəyişiklik olunub da, həmin tarixə kimi biz öz bildiyimizi edək. Qanunun nə üçün qəbul edildiyinin görünür ki, fərqinə vara bilməyən minlərlə insan yaşayır cəmiyyətimizdə. Elə götürək 1429 ailənin hər birində iki gənci, onların hər birinin iki valideynini, yaxın qohum-əqrəbasını. Deməli, aramızda minlərlə insan hələ də qohum nikahın nə üçün qadağan edildiyi barədə bir cümlə də dərk etmir.

Beləliklə, nə baş verəcək? Rəsmi nikaha daxil ola bilməyən qohumlar qeyri-rəsmi nikaha baş vuracaqlar. Çünki dərketmə bizdə həqiqətən aşağı səviyyədədir. Belə olan təqdirdə isə yeni problemlər ortaya çıxacaq. Bunun da dəhşətini yalnız uşaqlar yaşayacaq: həm sağlamlıq cəhətdən, həm də hüquqi cəhətdən.

Günahkar olmayaq!

Müasir dövrdə qohum qızı bacı, oğlanı qardaş kimi qəbul edən və belə nikahların yolverilməz olduğunu vurğulayan çoxsaylı gənc var. Lakin təəssüf ki, ata-ana, nənə-baba, dayı-xala, bibi-əmi nəsihətini, məsləhətini dinləyən, hələ də onlara qarşı çıxmaq cəsarətində olmayan da çoxsaylı gənc var.

Bu məsələdə ən böyük günahkar isə böyüklərdir. Gəncləri bu evliliyə sövq edən, bunun üçün onların beynini qarışdıran, ağır nəticələri onların çiyninə yük kimi qoyan böyüklər. Qoy onlar bilsinlər ki, bununla böyük günaha, problemlərə yol açırlar.

Kimdir günahkar? Gəlin onu ittiham edək. İttiham edək ki, başqalarına da dərs olsun. Qan qohumluğuna razılıq verənlər minlərlə sağlamlıq imkanı məhdud uşağı görə bilib utansınlar. Onların gələcəyə olan arzularını ürəklərində qoyduqları üçün xəcalət çəksinlər. Övladlarının qüsurlu övladlarını görəndə günahkar olduqlarını dərk etsinlər. Gözlərini açıb müasir dünyaya yaxşı-yaxşı baxıb, radio-televiziyanın, qəzet və jurnalların qan qohumluğu ilə bağlı “bar-bar bağıran” verilişlərini dinləsinlər, yazılarını oxusunlar. Qan qohumluğuna, yox, desinlər. Bunun gələcək nəsillərin inkişafına, sağlamlığına mənfi təsiri olduğunu dərk etsinlər.

Dövlətimiz tərəfindən rəsmi olaraq bioloji qohum nikahlar qadağan edildi. Bunu qeyri-rəsmi həyata keçirməyin: birincisi, heç bir qızı evinizdən nikahsız çıxarmayın. İkincisi, doğulacaq uşağı hüquqi cəhətdən problemlərlə üz-üzə qoymayın. Üçüncüsü, xəstə uşaqların doğulmasına vasitəçi olmayın.

Qohum elə qohumdur. Gəlin yadlarla qohum olaq ki, qohumlarımızın sayı artsın.

Mətanət Məmmədova

Digər xəbərlər