Sosial

  • 1 282

Yoxa çıxanlar, itkin düşənlər: bəs sonra?

image

Avqustun 30-u Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur

Beynəlxalq günlər, ictimaiyyəti narahat edən məsələlərlə bağlı maarifləndirmək, qlobal resursları səfərbər etmək, bəşəriyyətin bu istiqamətdə nailiyyətlərini qeyd etmək və gücləndirmək üçün bir fürsətdir. Beynəlxalq günlərin mövcudluğu BMT-nin yaranmasından əvvəl olub, BMT onları müəyyən məsələlərlə bağlı məlumatlılığın artırılması istiqamətində təsirli vasitə kimi qəbul edir. BMT-nin Məcburi və ya məcburi itkin düşmüş şəxslər üzrə İşçi Qrupunun əsas vəzifələrindən biri itkin düşmüş hesab edilən ailə üzvlərinin taleyinin və ya harada olmasının müəyyən edilməsində yaxınlarına köməklik göstərməkdir.

Beynəlxalq İtkin Düşmüşlər Günü dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunub. Dünyada itkin düşən insanların sayı ilə bağlı dəqiq bir statistika yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsi müharibələr zamanı itkin düşmüş şəxsləri axtarıb tapmaq, ailəsi ilə kontaktını təşkil etmək kimi bir missiyanı da üzərinə götürüb. Hətta bu təşkilat da dünyada itkin düşmüş insanların dəqiq sayını göstərməyə acizdir.

İtkin düşmək və ya yoxa çıxmaq

İtkin düşmək dünyanın hər hansı konkret bir regionu ilə məhdudlaşmır, bu qlobal problemə çevrilib. Əvvəllər yalnız hərbi vəziyyətlərdə, mafioz həyat tərzi olan ölkələrdə olan yoxa çıxma halları, itkin düşmə vəziyyətləri indi orqan mafiası, rəqabət kimi təsirlərlə də baş verə bilir. Dünyada işinə görə təqib edilən, qaçırılan, itkin düşən çox peşə sahibi var. Hüquq müdafiəçiləri, zərərçəkmişlərin qohumları, şahidlər itkin düşə, qaçırıla, yoxa çıxa bilər. Uşaqların və qadınların itkin düşməsi halı isə çox baş verir. Qadınlar itkin olduqda, onun cinsi istismara məruz qalma ehtimalı artır. Uşaqlar da birbaşa və ya dolayı yolla itkin düşmə qurbanı ola bilərlər. Uşağın yoxa çıxması Uşaq Hüquqları haqqında Konvensiyanın bir sıra müddəalarının pozulmasıdır. Uşağın itkin düşməsi səbəbindən dolayısı ilə həm də valideynini itirməsi uşaq hüquqlarının ciddi şəkildə pozulmasıdır.

İtkin düşmüş şəxslərlə bərabər onun qohumları və dostları, ailə üzvləri də əziyyət çəkir. Zərərçəkənin sağ olub-olmadığını, əgər varsa, harada və hansı şəraitdə saxlandığını, səhhətinin necə olduğunu bilmədən aylarla, illərlə narahatlığa məruz qalırlar. Bu cür vəziyyətlərdə yoxa çıxanın ailə üzvləri özlərinin də təhlükədə olduqlarını, eyni aqibəti yaşaya biləcəklərini və itkinlərinin axtarışının onları daha böyük riskə atacağını düşünürlər.

İnsan hüquqlarının pozulması

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının bülletenində bildirilir ki, itkin düşmüş və ya yoxa çıxmış insanlar faktiki olaraq bütün hüquqlardan məhrumdurlar və tamamilə onları əsir götürənlərin mərhəmətindən asılıdırlar. Əgər bir adam itkin düşübsə və ya yoxa çıxıbsa deməli onun hüquqi şəxs olduğunun tanınması hüququ, şəxsin azadlığı və təhlükəsizliyi hüququ, işgəncəyə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququ pozulub.

Əgər itkin düşmüş şəxs öldürüldükdə yaşamaq hüququ, fərdilik hüququ, ədalətli məhkəmə araşdırması hüququ və məhkəmə təminatları, təzminat və kompensasiya daxil olmaqla, effektiv müdafiə hüququ, yoxa çıxma şəraiti haqqında həqiqəti bilmək hüququ pozulub. İtkin düşəndən sonra həmin insanın yox çıxması ailəsinin də iqtisadi, sosial və mədəni hüquqların pozulmasına səbəb olur. Onlar da ailənin müdafiəsi və yardımı hüququndan, adekvat həyat səviyyəsi hüququndan, sağlamlıq hüququndan, təhsil hüququndan məhrum qala bilərlər.

Müharibələrin itkinləri

1992-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsi itkin ailələrini öz yaxınlarının taleyini öyrənmək istiqamətində dəstəkləyir. Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərə dair məlumatın bütün ölkədə toplanması və mərkəzləşdirilməsi səylərini davam etdirirdi.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun məlumatına görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 967 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 959 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş 8 nəfərdən 2-nin şəxsiyyəti eyniləşdirilib. Hazırda Vətən müharibəsində itkin düşənlərin sayı 6 nəfərdir. I Qarabağ müharibəsində itkin düşən 3 959 nəfərdən 3 193 nəfəri hərbçi, 766 nəfər (69 uşaq, 283 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3 676 nəfər kişi, 283 nəfər isə qadındır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 151 nəfər itkin şəhidin şəxsiyyəti müəyyən edilib.

İndiyədək əsir və girovluqdan 1397 nəfər azad edilib. Onlardan 343-ü qadın, 1054-ü kişidir. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 448-i kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

1998-ci ildə Rusiya Hərbi Qüvvələrinin Baş qərargahının arxiv materialları əsasında II Dünya müharibəsi zamanı SSRİ-nin itkiləri hesablanıb. 4 illik müharibədə sovet ordunun 10 milyon 700 min əsgəri həlak olub. 1941-1945-ci illərdə Azərbaycandan sovet ordusu sıralarına 640 min nəfər səfərbər edilərək cəbhəyə göndərilib. Onların 300 mindən çoxu geri qayıtmayıb, onlardan neçə nəfərinin həlak olması, neçəsinin itkin düşməsi barədə dəqiq siyahısı naməlum qalıb.

İtir, ya könüllü yoxa çıxır?

İtkin düşənlər arasında üstünlüyü evdən qaçan uşaqlar və gənclər təşkil edir. Daxili İşlər Nazirliyi vaxtaşırı bununla bağlı məlumatlar paylaşır, evdən qaçan, itkin kimi axtarışda olan uşaqların, gənclərin tapılaraq ailəsinə təhvil verilməsi barədə məlumatlar açıqlayır. Xüsusilə yeniyetmə yaşarında evdən qaçan uşaqlar uzun müddət tapılmaya bilir. Bu uşaqların sonrakı taleyi bəzən müəmmalı qalır. Bəzi hallarda tapılaraq ailəsinə qaytarılan uşaqların itkin olduğu dövrdə avara həyat tərzi keçirdiyi məlum olur.

Sivil həyatda itkin düşənlərlə bağlı son statistika ötən ilə aiddir. 2023-cü ildə Azərbaycan Respublikasının ərazisində 997 nəfər itkin düşmüş şəxs kimi axtarışda olub. Rəsmi məlumata görə, itkin düşmüş şəxslərdən 129 nəfəri 18 yaşadək uşaqlar olub. İtkin düşənlərdən 119 nəfər, o cümlədən 2 uşaq 2023-cü ilin sonuna kimi tapılmayıb. İtkinlərin arasında bütün yaş təbəqəsindən olan vətəndaşlar var. Evdən könüllü gedənlər zorla yoxa çıxmış hesab edilməsə də yetkinlik yaşına çatmayanlar və ruhi problemli insanlar itmiş hesab edilir. Onların axtarışı aylarla, bəzən də illərlə aparılır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər