"İnsan təbiətcə sosial varlıqdır və ailədən kənarda da dostluğa, ünsiyyətə ehtiyac duyur". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.Onun sözlərinə görə, lakin son illərdə, xüsusilə də son 20–30 il ərzində müşahidə olunur ki, qohumlar, dostlar və qonşular bir-birlərini əvvəlki kimi tez-tez axtarmır, cəmiyyətdə münasibətlər əvvəlki qədər canlı deyil: "Bunun başlıca səbəbi texnologiyanın, internetin və sosial şəbəkələrin sürətlə inkişaf etməsidir.İnternet və sosial platformalar o qədər təkmilləşib ki, onların gətirdiyi müsbət tərəflərlə yanaşı, müəyyən mənfi təsirlər də qaçılmaz hala gəlib. Biz texnologiyanın rahatlıqlarından yararlansaq da, onun yaratdığı sosial uzaqlaşmanın qarşısını bəzən almaq mümkün olmur. Artıq qohumluq və qonşuluq münasibətlərini 20–30 il əvvəlki səviyyədə saxlamaq çətinləşib, çünki texnoloji inkişaf bu münasibətlərə müəyyən qədər zərər vurub.Buna baxmayaraq, mümkün olduğu qədər qohumlarla, qonşularla və dostlarla münasibətləri daha sıx saxlamaq vacibdir. Bu dəyişiklikləri ilk növbədə ailə daxilində tətbiq etmək lazımdır. Təəssüf ki, bu gün ailələrdə valideynlə övlad arasında ünsiyyət xeyli zəifləyib. Evdə bir neçə övlad varsa, onların əksəriyyəti boş vaxtlarını mütaliəyə və ya ailəvi fəaliyyətlərə deyil, internet qarşısında keçirməyə üstünlük verir. Bu isə ailədaxili kommunikasiya və yaxınlığı zəiflədir.Bu vəziyyəti yaxşılaşdırmağın yolu internetdən müəyyən qədər azad olmaqdan, vaxtı daha səmərəli və məqsədli şəkildə bölüşdürməkdən keçir. Zəruri işlər görüldükdən sonra sosial şəbəkələrə daha az vaxt ayırmaq, ailə və yaxın çevrə ilə daha çox canlı ünsiyyət qurmaq həm fərdi, həm də sosial münasibətlərin sağlam qalmasına xidmət edir.İşgüzar münasibətlərə gəldikdə isə texnologiya burada daha çox müsbət rol oynayır. Onlayn platformalar sayəsində əlaqə qurmaq, məlumat mübadiləsi aparmaq və iş proseslərini idarə etmək əvvəlkindən daha operativdir.Ümumilikdə, texnologiya iş həyatında sürəti artırsa da, sosial münasibətlərdə müəyyən soyuqluq yaradıb. Ona görə də həm texnologiyadan səmərəli istifadə etmək, həm də canlı ünsiyyəti qorumaq bu gün hamımız üçün zəruri məsələdir".
Müəllif: Günel Fərzəliyeva