Ölkəmizdə səfərdə olan Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun İdarə Heyətinin sədri Janat Kurmanov və Dövlət Sosial Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Marat Janıbekovun rəhbərlik etdiyi nümayəndə heyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlara Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış mərkəzin fəaliyyəti barədə məlumat verilib. Mərkəzin direktoru Elnarə Ənsari həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və özünüifadə imkanlarının genişləndirilməsi məqsədilə müəssisədə görülən işləri diqqətə çatdırıb.DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inklüziv cəmiyyətin inkişafında rolu vurğulanıb. Burada benefisiarlara sosial pedaqoji və psixoloji dəstək xidmətlərinin göstərildiyi, mərkəzin istedadlarının respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə yaradıcılıq nümunələri ilə uğurla çıxış etdikləri qeyd olunub. Bölgələrdə inklüzivliyin təşviqi ilə əlaqədar mərkəzin filiallarında həyata keçirilən layihələrdən bəhs olunub.Mərkəzdə aparılan işlər, burada mövcud olan inklüziv yaradıcılıq mühiti, həssas kateqoriyalardan olan şəxslərin hazırladıqları sənət nümunələri qonaqların marağına səbəb olub.