PDF Oxu

Sosial

  • 501

Bismillahir-rəhmanir-rəhim FELYETON

image

Axşamçağı idi, işdən evə gedirdim. Qışda da ki, günlər qısa olduğundan günün günorta çağında qaranlıq düşür, bu, məlumdur. Gördüm ey uzaqdan bir qaraltı gəlir. Yaxınlaşdıqca, baxdım ki, cavan bir oğlandır. Amma danışır, çığırır, kimisə danlayır, arada gülür. Ora boylandım, bura boylandım, gördüm, heç kim yoxdur ətrafda. Təsəvvür edin ki, axşamın qaranlığında küçədə belə bir hadisə ilə qarşılaşmaq nə deməkdir də. Necə qorxduğumu deyə bilmərəm, lakin evə qədər bəlkə otuz dəfə bismillahir-rəhmanir-rəhim, dedim. Evə çatan kimi də bəlkə on stəkan su içdim, lakin özümə gələ bilmədim.

***

O günü də metrodaydım. Qismətdən mən çatan kimi qatar getdi, qaldım platformada tək. Bir də gördüm o tərəfdən bir qız gəlir. Öz-özünə danışır. Dedim, yox, mənim nə isə bir problemim var. Hökmən həkimə müraciət etməliyəm. Yəqin psixologiyamda nasazlıq yaranmaqdadır. Qız dayanmadan-durmadan söyür, ağlayır, dayanır, bir azdan bir də başlayır deyinməyə. Ağlayır, gözünün yaşını silir, bir də başlayır.

Dedim, yox, ya məni qara basır, ya da axı bu, nə məsələdir ki, belə insanlar ancaq mənim qarşıma çıxır. Yenə başladım, bismillahir-rəhmanir-rəhim, deeməyə. Çünki o vaxtlar nənəm deyirdi ki, axşam vaxtı, qaranlıqda gözünüzə bir qaraltı dəyərsə, qulağınıza bir səs gələrsə, dayanmadan, bismillahir-rəhmanir-rəhim, deyin, keçib gedəcək.

Mən də nənəmin nəsihətinə əsasən ha bismillahir-rəhmanir-rəhim dedimsə, səs kəsilmədi ki, kəsilmədi. Qız yenə də ağlaya-ağlaya öz-özünə danışaraq mənə yaxınlaşırdı. Gəl, dəli olma görum, necə dəli olmursan.

Çox şükür, Allahın yanında yəqin ki, bir az hörmətin varmış. Az sonra bir neçə adam gəldi və bir az toxdadım...

***

Lap dəhşətlisi isə o gün oldu. Bu dəfə elə qorxdum, elə qorxdum, hiss etdim ki, dilim tutulur. Mən liftə daxil olanda gördüm ki, bir kişi öz-özünə danışır. Yox, bu, nə asıb-kəsirdi, nə ağlayırdı, nə çığır-bağır salmışdı, nə də xoş olmayan söz danışırdı. Gözəl sözlər danışırdı. Ancaq öz-özünə danışırda da...

Nə olsun gözəl sözlər danışırdı ki? Bu gözəl sözlər də axı qorxunu aradan qaldıra bilmir. Məni qınamayın ki... Təsəvvür edin ki, liftə iki nəfər qalxırsınız, sən sakitcə dayanmısan, yanındakı öz-özünə danışır. Necə olarsınız, hansı hissləri keçirərsiniz? Əlbəttə ki, bu, çox qorxulu olar, deyilmi? Mənim üçün də qorxulu oldu və başladım yenə bismillahir-rəhmanir-rəhim söyləməyə. Deməli, kişi orada öz-özünə danışır, mən isə bu tərəfdə ürəyimdə dəfələrlə bismillahir-rəhmanir-rəhim deyir, liftin dayanmasından və bu qutudan çıxmağımdan böyük arzunun olmadığı hissi ilə yaşayırdım.

***

Hə, beləcə, uzun müddət anlamaya bilmədim ki, ətrafdakı bəzi inşaların başı xarab olub, yoxsa mənim. Bu qorxularla, səksəkələrlə uzun müddət yaşamalı oldum. Çalışırdım ki, insanların çox olduğu yerlərdə olum ki, bir də belə qorxunc hadisələrlə qarşılaşmayım. Çünki rastlaşdığım hər belə hadisədən sonra günlərlə özümə gələ bilmirdim.

Günlərin bir günü söz düşdü, evdə bu barədə danışmalı oldum. Qonağımız da vardı. Başıma gələn hadisələri bir-bir danışdım. Baxdım ki, qonaqlar da, qızım da necə deyərlər, altdan-altdan gülümsəyirlər. Bu gülümsəmələr mənə daha pis təsir etdi. Düşündüm ki, mənə inanmırlar. Və bir anda ürəyimə gəldi ki, yox, deyəsən mənim başım həqiqətən də pozulur. Bunlar da hiss edib mənə gülürlər.

Bir az sonra gülüş səsləri evi doldurdu. Və qızım ucadan gülə-gülə dedi ki, ay ana, onlar öz-özlərinə danışmırlar ey, qulaqcıqla kiminləsə danışırlar. Burada qorxulu və anlaşılmaz nə var ki?..

Vallah, mən də gülməyə başladım...

Mətanət Məmmədova

Digər xəbərlər