Azərbaycan inkişaf edir və gücünə yeni güc qatır. Bu uğurlar və qələbələr torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra daha böyük həcmdə artıb. Qazanılan qələbənin baş memarı isə heç şübhəsiz Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Məhz Prezident İlham Əliyevin apardığı müdrik siyasəti və böyük sərkərdəlik məharəti nəticəsində Qarabağın işğaldan azad edilməsi ilə tarixi zəfərə imza atıldı. Bununla da Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı.
Ölkəmizin 2003-cü ildən sonra keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən illər ərzində misilsiz uğurlara imza atılıb.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.
Görülən fundamental işlər, genişmiqyaslı uğurlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı 2003-cü il prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirilməsi üçün Cənab İlham Əliyevin Prezident seçilməsinə səs verməklə müdrik qərar verib. Bunu Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində geniş və əhatəli şəkildə qeyd edir: “ 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”.
Yenilməz Sərkərdə, Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsindən sonra yaranan mövcud vəziyyət barədə qeyd edib ki, biz 10 noyabr üçtərəfli Bəyanatı imzalanandan sonra, əlbəttə ki, gələcək addımlarımızla bağlı ciddi düşünməli idik: “Çünki 10 noyabr hadisəsi də bir dövr idi və müharibə nə ilə nəticələnəcək, noyabrın 8-də mən tam deyə bilməzdim, yəni, tam əminliklə deyə bilməzdim. Əlbəttə, mən bilirdim ki, bizim Zəfərimizlə nəticələnəcək, amma necə və nə vaxt, noyabrın 8-də demək mümkün deyildi. Çünki noyabrın 8-də təbii ki, çox böyük hadisə baş verdi - Şuşa işğaldan azad edildi və faktiki olaraq separatçıların müqaviməti, belə deyək, strateji nöqteyi-nəzərdən mənasız olmuşdu. Əlbəttə, əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Biz hamımız bunu yaxşı bilirdik, çünki indi də oralara gedən, o bölgələrə gedən hər bir insan görür ki, nə dərəcədə çətin relyefdə yerləşən bir ərazidir. Ancaq əgər Ermənistan kapitulyasiya aktına imza atmasaydı biz, əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər.Ona görə 8 noyabrdan sonra - ertəsi gün bütövlükdə səhərdən axşama qədər, gecəyə qədər Rusiya Prezidenti vasitəsilə Azərbaycan, Ermənistan danışıqlarına həsr edilmişdir. Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur. Əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı.Ancaq hər halda 10 noyabrdan sonra müəyyən bir vakuum yarandı. Heç kim bilmirdi bundan sonra nə olacaq? O vaxt hələ meydanda olan Minsk qrupunun həmsədrləri də demək olar ki, özləri də bilmirdilər nə ilə məşğul olacaqlar və bəzi səfərlər də oldu. Ermənistandakı vəziyyət təbii ki, birmənalı idi. Azərbaycanda xalq sevinc içində idi. Ancaq mən bilirdim ki, bu, işin sonu deyil. Çünki bir çox tamamlanmamış məsələ var və o məsələlərə aydınlıq gətirilməlidir, ilk növbədə, ovaxtkı Laçın dəhlizi ilə bağlı olan məsələ”.
Bir sözlə, Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev ötən illər ərzində bəyan etdiyi strateji hədəflərə nail olub, verdiyi vədləri yerinə yetirib. Ona görə də bu baxımdan Azərbaycan bəşəriyyətin ən sayılıb-seçilən və hörmət edilən dövlətinə çevrilib. Bu və digər uğurlara, xüsusilə də, 30 il erməni işğalı altında qalmış torpaqlarımızı azad edib, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, 80 milyonluq dünya azərbaycanlılarının lideri, Prezidentimiz İlham Əliyev bəşər tarixinə adını əbədi olaraq Qalib Sərkərdə olaraq yazdırdı. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın əldə edəcəyi böyük qələbələr hələ qabaqdadır. Çünki Ulu Öndərimizin əsası qoyulan siyasət və Prezident İlham Əliyev tərəfindən davam etdirilən strategiya dövlətimizə və xalqımıza yalnız və yalnız uğurlar və qələbələr vəd edir.
İLHAM ƏLİYEV