Onların tərkibində kansorogen maddələrdən benzinədək hər şey var
Son illərin ən çox yayılan təmizlik vasitələrindən biri olan nəm (islaq) dəsmal-salfetlər təhlükə mənbəyidir. Bu salfetlərin özündə kimyəvi maddələr ehtiva etdiyini iddia edən ekspertlər xüsusilə uşaqlı anaların çox istifadə etdiyi bu təmizlik vasitəsinin yaradacağı fəsadlar barədə narahatdır.
Məktəbli uşaqların çantasına qoyduğumuz, ictimai nəqliyyatdan istifadədən sonra əllərimizi təmizlədiyimiz, altını islatmış körpələrin təmizliyində daha çox istifadə etdiyimiz nəm salfetləri gigiyena məqsədi ilə istifadə edəndə onun əslində xəstəliklərə yol açdığının fərqində deyilik.
Bu salfetləri sıxdıqda onlardan maye damır, qoxusundan isə tərkibindəki kimyəvi maddələri hiss etmək olur. Nəm salfetləri çox istifadə etdikdə həmin kimyəvi maddələr əllərdə toplanır və dəri məsamələrinə hopur. Qidalanma zamanı əlimizdəki həmin kimyəvi maddələr yediyimiz qida vasitəsi ilə əlimizdən orqanizmimizə keçir. Uzun müddət belə davam etdikdə bədənimizdə toplaşan kimyəvi maddələr orqanlara zərər verir.
Pediatr Pəri Həsənova deyir ki, daha çox körpələrin dərisinə təmas edən islaq salfetlər onlarda çox ciddi fəsadlara səbəb ola bilər: “Uşaqların altını çox ana məhz bu salfetlərlə təmizləyir, halbuki su ilə yumağa imkanı və uyğun zamanı var. Lakin analar rahatlğı seçir, uşaq öz bezini çirkləndirəndə yumaq yerinə nəm salfetlə silib yenidən bez bağlayır. Unudurlar ki, bu salfetlər öz tərkibində xeyli kimyəvi maddə saxlayır. Suyun verdiyi təmizliklə nəm salfetlərin verdiyi təmizlik eyni deyil. Analar onun qoxusuna aldanıb təmiz olduğunu düşünür, amma yanılırlar”.
Körpə dərisi daha çox keçiricidir
İslaq salfetlərin uşaqların dərisində qızartı, bişmə, səpki, yaralara səbəb olduğunu deyən həkim analara xəbərdarlıq edir: “Uşaq dərisi olduqca zərifdir, sadə bir səpki və ya qızartı qarşısıalınmaz yaralara səbəb ola bilər. Üstəlik, son illər bütün anaların övladını uşaq bezi ilə saxladığını da nəzərə alsaq, vəziyyətin nə qədər təhlükəli olduğunu anlayarıq. Uşaq bezlərindəki təhlükə nəm salfetlərdəki təhlükə ilə birləşərsə o zaman uşaqların ciddi problemlərinin yaranacağını təxmin etmək çətin olmaz. Qətiyyən uşaq dərisini nəm salfetlə silməyin, hətta silsəniz belə dərhal su ilə durulayın, çünki dəridəki yaraların üstünə nəm salfetdəki kimyəvi qatqılar hoparsa bu maddələr dəriyə sovrulub qana keçə bilər”.
İstifadə edənlərin çoxluğu, satış rəqəmlərinin yüksəlməsi bu məhsulun hər gün fərqli adlarda fərqli firmalar tərəfindən istehsal edilməsinə rəvac verir. Əslinin zərərli olduğu halda kustar üsullarla da istehsal edilmiş daha təhlükəli nəm salfetlər satışa çıxarılır.
Nəm salfetləridə təxminən 60-a yaxın kimyəvi maddənin qatqısı var, ekspertlər bu maddələrdən yalnız 16-nın insan orqanizminə təhlükə yaratmadığını deyir. Kimya mühəndisi Gülnarə Abbasova deyir ki, zərərli olmayan maddələr su, yağlar, nəmləndirici kremlərdir, qalan digər maddələr isə insan orqanizmi üçün təhlükə yaradır: “Ən yüngül halda dəri yaralarına, allergik reaksiyalara, ən ağır hallarda isə zəhərlənmədən kanerogen xəstəliklərə qədər bir çox problemə səbəb ola bilər. Uşaq dərisi normal insan dərisinə nisbətən daha keçiricidir, dəriyə təmas edən istənilən maddə qana tez hopur”.
Müsahibimiz deyir ki, nəm salfetlərin hamısının kimyəvi sellülozadan hazırlandığını da nəzərə alsaq tərkibindəki paraben, alkoqolun təhlükəsini anlamış olarıq.
Görün tərkibində nələr var!
Lalə Mehralı