"Başqa ölkələrlə müqayisədə Azərbaycanda xususilə də, Bakı şəhəri və ətraf qəsəbələrdə kirayə mənzilə tələbat hər il keçdikcə daha da artır. Bu artıma səbəb kimi həm Rusiya və Ukrayna arasında olan müharibəni, həm də Bakı şəhərində tikilən yeni bina evlərinin tikintisi başa çatana qədər köçürülmüş sakinlərin kirayə mənzillərə çıxarılmasını qeyd etmək olar. Digər bir əsaslı səbəb kimi isə ali məktəblərin paytaxt Bakıda olmasıdır. Belə ki ali məktəblərə qəbul olmuş tələbələr burada kirayə mənzillər götürür və bu da öz növbəsində kirayə mənzil bazarına təsirsiz ötüşmür. Paytaxtda kirayə mənzil bazarında bahalaşmaya və mənzil çatışmamazlığına gətirib çıxarır. Mən bir mütəxəsis kimi deyə bilərəm ki kirayə götürülən mənzillərin 96 faizində kirayə götürənlə əmlak sahibi arasında kirayə müqaviləsi imzalanmır. Bu da gələcəkdə bir problem olduğu təqdirdə onlar arasında söz-söhbətə və dava-dalaşa səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib. Onun sözlərinə görə, bu halların qarşısını almaq üçün kirayə götürən və kirayə verən gərək kirayə müqaviləsini bağlamaqda maraqlı olsun: "Bir çox hallarda əmlakını kirayə verən sahibkar kirayə pulundan gələn gəlirdən 14% vergi verməmək üçün ya vergini kirayə götürənin boynuna qoymaq istəyir, ya da o müqavilə bağlamamaq üçün müştəriyə kirayə müqaviləsi bağlamayacağını əsas şərt kimi irəli sürür. Bu iki seçim arasında qalan kirayə götürən isə mənzili itirməmək üçün məcburi qaydada sahibkarın sözünü eşidir və müqavilə bağlamadan mənzili kirayə götürür. Kirayə götürən gələcəkdə özünü müqavilə ilə sığortalaya bilmədiyi üçün sahibkar mənzilin qiymətini tez-tez qaldırır və müştəri bir çox hallarda onsuzda köhnə və nəmdaş hala düşmüş əşya və avadanlıqlar, o cümlədən evin təmiri guya korlandığı üçün sahibkara əlavə təzminat ödəməli olur".Ekspert sözlərinə davam edərək bildirib ki, bir çox təsadüf hallarda isə kirayə verən əmlak sahibi olmur: "Yəni, həmin şəxs əmlakı sahibindən xəbərsiz kirayə verir. Bu zaman kirayə götürən özünü riskə atır və gələcəkdə kiçik bir problem yarandığı təqdirdə əmlak sahibi dərhal onu mənzildən çıxarır. Bu kimi problemlərin yaşanmaması üçün ev sahibi və kirayə götürən arasında kirayə müqaviləsi bağlanılmalıdır. Çünki müqavilə imzalanmaması gələcəkdə problemlərin həllində böyük çəkişmələrin yaranmasına səbəb olur. Misal üçün evi heç bir müqavilə bağlamadan kirayə verən əmlak sahibi bilməlidir ki, müqavilənin olması ona gizdətdiyi vergidən daha çox ziyan vura bilər. Belə ki kirayəçi evdə olan əşya, avadanlıqlara və təmir işlərinə ziyan vura bilər. Bu zaman əgər ev sahibinin əlində razılaşdırılmış bir kirayə müqaviləsi yoxdursa onda o dəymiş ziyanı kirayəçidən almaq müşkül məsələyə çevrilir. Bu artıq kirayəçinin insafına qalır. Əmlak sahibi kirayə müqaviləsi bağlamadığı üçün təkcə maddi ziyanla qurtarmır. Belə ki kirayə verdiyi əmlakda əgər heç bir müqaviləsi yoxdursa, o həm də hüquqi məsuliyyət daşıyır. Kirayəçi yaşadığı dövrdə həmin mənzildə hər hansı cinayət tərkibli bir hadisə baş verərsə əlində təsdiq edilmiş kirayə müqaviləsi olmadığı təqdirdə əmlakın sahibi baş vermiş hadisəyə görədə məsuliyyət daşıyır"."Daşınmaz əmlak üzrə ekspert kimi kirayə götürənə və kirayə verənə razılaşmaları bənd-bənd yazmaqla kirayə müqavilə bağlamalarını məsləhət görürəm. Çünki bu hər iki tərəfin öz hüquqlarını qorumaq və öz öhdəliklərini yerinə yetirməkləri üçün yeganə təsdiqli razılaşmadır. Yazılı razılaşmadan isə boyun qaçırmaq olmaz. Son sözüm əmlakını icarəyə verənlər üçündür, siz əmlakınızı yazılı kirayə müqaviləsi olmadan verdiyinizdə mənzildə baş verə biləcək hər hansısa bir cinayət işinə görə məsuliyyət daşıyırsınız. Ona görə əmlakınızı kirayə verərkən yaxşıca düşünməyinizi tövsiyyə edirəm",- deyə ekspert əlavə edib.
Ləman Sərraf