İşə gəlirəm, metrodayam, eskalatorla aşağı enirəm. Baxıram ey, qarşımda iki nəfər dayanıb, amma bunlardan birinin başı yoxdur. Maraq məni götürür. Hanı bunun başı? İşə düşmədik? Çantamı açıram, eynəyimi çıxarıram, sonra eynək siləni çıxarıram, eynəyi silirəm, qoyuram gözümə, baxıram ki, hə, qarşıda iki adam var, birinin başı o birinin sinəsindədir...
***
Axşamçağı işdən çıxıb gedirəm evə tərəf. Baxıram ki, qarşıda, parkın yanında, ağacın altında iki nəfər dayanıb. Yenə bunlardan birinin başı yoxdur. Bismillahir-rəhmanir-rəhim, niyə bu başsız adamlar mənim gözümə görünür? Əcəba, içimə cin-şeytan giribmi? Yoxsa dünən axşam baxdığım “Başsız atlı” filminin təsiri altındayam hələ... “Allah, özün kömək ol”,- deyirəm və başlayıram “Ayətül-kürsü” oxumağa. Yaxınlaşanda görürəm ki, yox, cin-şeytan, film məsələsi deyil, həqiqətən də burada iki nəfər dayanıb, sadəcə, birinin başı o birinin qoynundadır, mən görməmişəm...
***
Hərdən yazı yazmaqdan ta başım xarab olur. Xarab olmasın, nə etsin axı. 30 ildir, yazıram. Mətləbə gəlim, hə, deyirəm buradan keçim dənizkənarı parka, bir az hava vursun məni, beynim açılsın. Gedirəm, baxıram ki, sahilboyu adamlar oturub dənizə tamaşa edirlər. Kor deyiləm, uzaqdan olsa da, aradabir görürəm ki, orda-burda iki nəfər əyləşib, amma bəs bunların başı birdir axı. Yaxınlaşıram, görürəm ki, doğru görürmüşəm, burada əyləşən iki nəfərdir, lakin o birinin başı bu birinin qucağındadır.
Burada başsız adamları xeyli görürəm. O başda, bu başda, sahildə, skamyalarda, ağacların altında. Gördükcə də başlarının olduğunu, amma bu başların hərəsinin bir yerdə dayandığını da görürəm.
***
O günləri də marşrut avtobusdayam. Arxada oturmuşam. Gördüm qarşı tərəfdə bir yer boşalıb, qalxdım, gəldim ki, orada rahat əyləşim. Gələndə nə görsəm yaxşıdır, yer boş deyil, doludur. Mən arxadan görə bilməmişəm, çünki başlardan biri yenə yox idi. Yanındakının çiynində imiş. Mən qayıdıb yerimdə oturanadək biri də gəlib əyləşib yerimdə. Dedim, lənət sənə kor şeytan...
***
Keçən həftə də küçə ilə gedirəm. Qarşıda məndən bir az aralıda yenə də təxmin edirəm ki, bir nəfər deyil, iki nəfər gedir. Kor deyiləm, yaxınlaşdıqca, baxıram ki, axı bunun birinin başı yoxdur. Bir az da yaxınlaşıb yanlarından keçəndə görürəm ki, varmış, amma o birinin sinəsindəymiş. Deyirəm, bu vəziyyətdə necə də yeriyə bilirlər bu bəxtəvərlər...
Nə deyim, vallah, belədir.
Mətanət Məmmədova