Sosial

  • 3 156

Özünüməşğulluq-kiçik ailə təsərrüfatından sahibkarlığa gedən yol -TƏHLİL

image

Özünüməşğulluğun kiçik ailə biznesindən sahibkarlığa gedən yol olması barədə yüzlərlə nümunə gətirmək olar. Bütün dünyada böyük sahibkarlıq subyektləri kiçik ailə təsərrüfatları üzərində qurulub. Hələ lap qədim dövrlərdən Azərbaycan ailəsi də öz təsərrüfatını qurmaqla, birgə əmək sərf etməklə ailə büdcəsini formalaşdırmış, onun dayanıqlığını təmin etmişdir. Ailə dəyərlərimizin əsas amillərindən biri olan kollektiv əmək prosesində hər bir ailə üzvü bir-birinə yardım etməklə bu işin ənənəviləşməsinə şərait yaratmışdır.

Ölkəmizdə özünüməşğulluq uğurla həyata keçirilir

Özünüməşğulluq Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir.

Ölkəmizdə aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Bu dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır. Ümumilikdə isə özünüməşğulluq proqramının ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması, ictimai vəsaitlərin (dövlət vəsaitləri) xərclənməsində səmərəliliyin artırılması, yoxsulluq səviyyəsinin azaldılması, iqtisadiyyatda inkluzivliyin gücləndirilməsi kimi üstün tərəfləri vardır.

Özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanılmasında üstünlük verilən şəxslər vardır ki, bunlar da əsasən əhalinin həssas və sosial cəhətdən aztəminatlı qruplardır. Belə ki, qanunvericiliyə əsasən işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə və cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Bu qrupdan olan insanların özünüməşğulluq proqramı çərçivəsində şəxsi bizneslərinə start verərək maliyyə azadlığını təmin etmələri layihə çərçivəsində nəzərdə tutulan hədəflərdən biridir. Bununla belə kimlər ki, Dövlət Məşğulluq Agentliyinin yerli orqanlarında (şəhər, rayon məşğulluq mərkəzlərində) işsiz və işaxtaran kimi qeydiyyata alınıb və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malikdirlər, özünüməşğulluq proqramından faydalana bilərlər.

Ölkəmizdə özünüməşğulluq proqramı uğurla həyata keçirilir. Belə ki, 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 17 362 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Proqramın əhatə dairəsi daha da genişləndirilərək 13 yeni zərf yaradılıb, 18 zərfin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib.

Özünüməşğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla “Məşğulluğa dəstək layihəsi”, “Özünüməşğulluğa dəstək”, “Səyyar kofe evləri”, Həmkarlar İttifaqları ilə özünüməşğulluğa dəstək, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı”, “Potensial ABAD-çılara dəstək”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023”, “Qarabağ KOB-ları” layihələri də icra edilib.

Peşə hazırlığının gələcəkdə şəxsin özünüməşğulluğunu təmin etməsinə şərait yaradacağını nəzərə alaraq deyə bilərik ki, dövlət-özəl tərəfdaşlığı əsasında peşə hazırlığı kurslarının əhatəsi də genişləndirilib, əməkdaşlıq olunan müəssisələrin sayı 130-a çatıb. Ötən il həmçinin illik 960 nəfərin peşə kursu keçməsinə imkan verən Qarabağ Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Bununla da Agentliyin Peşə Hazırlığı Mərkəzlərinin sayı 4-ə çatıb. 2023-cü il ərzində 9518 nəfər peşə hazırlığına cəlb edilib. Kursları bitirənlərin 81 faizi işlə təmin olunub.

Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 20 596 şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 10 354 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Təbii ki, əhalinin məşğulluq imkanlarının artırılması dövlətimizin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Odur ki, aktiv məşğulluq proqramlarının genişləndirilməsi 2022 və 2023-cü illərdə də əsas hədəflərdən olub.

Biznesini qur, gəlirini artır…

Bəli, özünüməşğulluq kiçik biznesin yaradılması, bunun da sayəsində ailə gəlirlərinin artması, nəticədə böyük biznesə keçilməsi deməkdir. Eyni zamanda, insanların dövlətdən asılılığının qarşısını alan vasitədir. Belə ki, əgər bir vətəndaşa dövlət tərəfindən 2023-cü ilin göstəricisi olaraq 88,09 manat məbləğində ünvanlı dövlət sosial yardım düşürsə, özünüməşğulluqla bu rəqəm xeyli yüksəlmiş olur ki, bu da təbii, vətəndaş rifahı deməkdir. Bütün bunları nəzərə alan dövlətimiz elə bir proqram hazırlamışdır ki, yardıma ehtiyacı olan insanlar özünüməşğulluqla daha çox gəlir əldə etsinlər və daha yaxşı yaşaya bilsinlər. Bütün bunlar isə artıq öz bəhrəsini verməkdədir.

Statistikaya nəzər salaq. Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 2017-ci ildə 132368, 2018-ci ildə 80193, 2019-cu ildə 43171, 2020-ci ildə 72170, 2021-ci ildə 77269, 2022-ci ildə 44716, 2023-cü ildə isə 65545 olub. 2017-ci ildə 254233 qadın, 268847 kişi ünvanlı dövlət sosial yardım alırdısa, 2022-ci ildə bu rəqəm qadınlar üçün 102865, kişilər üçün 103442 səviyyəsinə enmişdir. Bu göstərici 2017-ci ildən tətbiqinə başlanan özünüməşğulluq proqramının uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Özünüməşğulluğa cəlb olunan vətəndaşların yaşadığı yerdən, iş qabiliyyətindən, bacarığından asılı olaraq onların məşğulluq səviyyəsi təyin olunur. Bu da o mənada faydasını verir ki, kəndli kənddə, şəhərli şəhərdə uyğun işlərə cəlb olunmaqla, daha doğrusu özləri fəaliyyət növünü seçməklə həm öz həyatını dəyişir, həm də insanlara kənd təsərrüfatı və digər məhsulları təqdim etməklə onların ehtiyacını ödəyir.

Məşğulluğunu təmin etmək istəyən insanlara dəstək də göstərilir. Belə dəstək riçaqlarından biri də “ABAD”- Ailə Biznesinə Asan Dəstəkdir. Ölkədə istehsal potensialının genişlənməsi və ailə bizneslərinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılıb. Dünyanın hər bir ölkəsində əksər böyük şirkətlərin yaradılması kiçik ailə biznesinin qurulması ilə mümkün olmuşdur. İlkin mərhələdə kiçik ailə təsərrüfatı kimi fəaliyyətə başlasalar da, daha sonra öz fəaliyyətlərini dövrün tələblərinə uyğunlaşdıran bu ailə biznesləri sonda böyük şirkətlərə, səhmdar cəmiyyətlərə, hətta iri korporasiyalara çevriliblər. “ABAD” layihəsinin məqsədi ailə təsərrüfatlarının bu inkişaf mərhələsinin uğurla keçirilməsinə yardım göstərmək, həmçinin rəqabətə dayanıqlı, keyfiyyətli və dünya standartlarına cavab verən məhsullar istehsal edib, satışını təşkil etməkdir.

Bu yolun yolçularına uğur diləyək!

Artıq bir neçə ildir ki, bazarlarımızdan ailə təsərrüfatlarının məhsullarını ala bilirik. Heyvandarlıq məhsulları, bal, balıq, toyuq, turşu və bir-birindən faydalı mürəbbələr, şirniyyatlar ailələrin birgə əməyinin keyfiyyətli nəticəsi kimi alıcılara çatdırılır. Bundan başqa, saya biləcəyimiz onlarla fəaliyyət sahələri də vardır ki, onlar artıq öz sözlərini deməyi bacarıblar. Belə isə öz biznesini qurub, gəlirini, sosial rifahını artırmaqdan gözəl nə ola bilər ki?.. Hələ üstəlik dövlət vətəndaşa dəstək olursa, onu məşğulluğunu təmin etmək üçün müxtəlif mal, materialla, avadanlıq və ləvazimatlarla təmin edirsə, deməli, bu, dövlətin öz vətəndaşına qayğısıdır. Vətəndaş da işini elə yüksək səviyyədə qurmalıdır ki, dövlət qayğısına cavab verə bilsin. Eyni zamanda qədimdən gələn ailə dəyərlərimizi, bu dəyərlərin fonunda birgə əmək ənənələrini qoruyub yaşada bilsin.

Kim bilir, bizlərdən neçəmiz istehsal etdiyimiz məhsullarla sabah məşhur sahibkar, biznesmen ola, dünya bazarına çıxa bilməyəcəyik? Bunu təbii ki, zaman göstərər. Lakin zaman o zaman müsbət olanları göstərir ki, insan ümidlə yaşayır, mübarizə edir, yorulmur və usanmır... Belə isə özünüməşğulluqdan sahibkarlığa doğru gedən yolda yolçu olanlara uğurlar diləyirik!

Mətanət Məmmədova

Digər xəbərlər