Sosial

  • 5 743

Torpaq, uğrunda ölən varsa… -ANALİZ

image

Vətənpərvər gənclər dövlətin möhkəmliyinin qarantıdır

Vətən sevgisini dərk etmək üçün, ilk növbədə, “Vətən nədir?” sualına cavab tapmaq lazımdır. Bu suala keçmişdən bu günə bir çox insanlar tərəfindən müxtəlif cavablar verilib, bir çox dahi bununla bağlı müdrik kəlamlar deyib. Əslində, vətən anlayışı hər kəs üçün fərqli mənalar kəsb edə bilər, lakin bütün yollar bir nəticəyə gətirib çıxarır – Vətən müqəddəsdir.

Vətən, milli düşüncəli və millət sevdası ilə yaşayanların toplaşdığı yerdir. Azərbaycanın milli dövlətçilik strategiyası da həmişə bu istiqamətdə aparılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi konsepsiyaya görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlətçilik prinsipində dini dəyərlərin payına da önəm verilir. Dövlətimiz ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına da xidmət edir. Bu istiqamətdə atılan hər bir addım dədə-babalarımızdan bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

“Torpaq, uğrunda ölən varsa, vətəndir” deyilməyib boşuna. Bir parça torpağı vətən edən odur ki, onun uğrunda canını fəda edə bilən insanlar var. Ona görə də uğrunda canının verilə biləcəyi torpaqları vətən kimi ifadə etmək olar. Bununla belə, "Vətən nədir?" suala verilə biləcək cavablar bunlarla məhdudlaşmır. Vətən hər şeydən əvvəl bir xalq üçün müstəqillik, suverenlik rəmzidir. Çünki heç bir xalq düşmən tapdağı altında olan torpaqda yaşamaq istəmir və yaşaya bilməz. Əslində, vətən elə torpaqdır ki, onu düşmən boyunduruğunda saxlamaq olmaz. Vətən bizim ümumi evimizdir və o evin sahibi yadlar ola bilməz.

Dövlətimiz özündə həm milli, həm də dini dəyərləri ehtiva edən mənəviyyatlı bir cəmiyyətin sütunudur. Ölkə başçısı İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir, bu istiqamətdə dövlət proqramları təsdiq edir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və dini-milli dəyərlərini qoruması önə çəkilir. İndi Dövlətçilik siyasıtində “gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərmağan edilməlidir” prinsipi əsas götürülür.

Hamımızın anadangəlmə, yaradılışdan bir vətəni olur - doğulduğu, böyüdüyü, son nəfəsini aldıqdan sonra əbədi yuxuya getdiyi torpaqlar. Hamımız sevincimizi, kədərimizi o torpaqda yaşayırıq, dərdimizi onunla bölüşür, sevincimizi onunla paylaşır, ruzimizi ondan alırıq. İnsanlar öz kökünü, bir millətə mənsubluq hissini adına vətən dediyimiz torpaqlarda qazanır. Ona görə də insanlar dünyaya gələndən ölənədək vətən üçün yaşayır, vətən üçün çalışırlar. Müharibələr vətən üçün baş verir, qələbələr vətən üçün qazanılır. Vətən sevgisi ata mirası kimi nəsildən nəsilə ötürülür, vətən sevdası beləcə müqəddəsləşir.

Ailə və ağsaqqallıq institutları, doğma dil, din, əxlaqi və mental dəyərlərə söykənən dövlətçilik sistemi əslində bizim milli-mənəvi sərvətimizdir, şansımızdır. Sarsılmaz dövlətlər bu dəyərlər üzərində yaranır və inkişaf edir. İndi o dövlətlər güclüdür ki, onlar tarixləri ilə bu günlərinin sintezini düzgün qura biliblər. Azərbaycan öz tarixi böyunca məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub, inkişaf edib və elə də davam edəcək.

Vətən sevgisini mənsub olduğumuz milləti, vətəndaşı olduğumuz dövləti, səmada dalğalandırdığımız bayrağı, danışdığımız dili, həm yaşayıb, həm də yaşatdığımız mədəniyyəti sevmək kimi izah etmək olar.

Əslində, vətən sevgisi sırf sözlə ifadə oluna bilməyəcək bir hissdir. Vətənini sevən hər bir vətəndaş vətəninin şöhrətini yüksəltmək arzusunda olmalı və bu yolda çalışmalıdır. Yəni vətən sevgisi doğma yurdumuzda əmin-amanlıq, firavanlıq, sabitlik şəraitində yaşamaq üçün çalışmaq tələb edir.

Vətənpərvərlik təkcə indiki zamana dair hiss və düşüncələrimizlə deyil, həm də gələcək üçün hisslərimiz, ideallarımız və məsuliyyətlərimizlə əlaqəli bir anlayışdır. Bu kontekstdə gələcək nəsillərə miras qoyacağımız vətən sevgisi, onlarda vətən sevgisini aşılamaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də vətən sevgisi təkcə keçmişdə yaşamış əcdadlarımıza, bu torpaqlar uğrunda vuruşmuş görkəmli Azərbaycan sərkərdələrinə, Vətən müharibələrində şəhid olmuş oğullara minnətdarlıq borcu deyil, həm də gələcəkdə vətənin əmanət ediləcəyi gənclərə qalmalı olan müqəddəs bir mirasdır.

Qəlbi vətən sevgisi ilə dolu olan insanlar vətəninə, millətinə faydalı olmaq arzusu ilə özlərini inkişaf etdirir, peşəsini mükəmməl şəkildə icra edir. Vətənini, millətini sevən insanların qəlblərindəki sevgi bəşəriyyət üçün faydalı olmağı prioritet edir. Əslində, vətənini sevən bir insan dünyanı sevir, ölkəsində sülh olmağını istəyən insanlar dünyada sülhü arzulayır. Azərbaycanın şanlı tarixinin vətən sevgisi ilə dolu insanların göstərdiyi qəhrəmanlıq və fədakarlıqlarla zəngin olması da bizim şansımızdır. Əsrlər boyu bu torpaqlarda yaşayan insanların bir idealı olub, o da vətən sevgisi. Tariximiz boyu yadellilərə qarşı döyüşən böyük sərkərdələrin yolu ilə addımlayan qəhrəman Azərbaycan xalqı üçün vətənpərvərlik həyat tərzinə çevrilib.

Qəlbi vətən sevgisi ilə dolu olan xalqımızın fədakar övladları yüz illər əvvəl olduğu kimi bu gün də vətənlərini qorumaq üçün hər cür fədakarlıq edirlər. I və II Qarabağ müharibələrində qəhrəmanlıq edən, şücaət göstərən, şəhidlik zirvəsinə yüksələn oğullarımızı da bu yola vətən sevgisi, yurd sevdası sövq etdi.

Nəticə etibarı ilə vətən sevgisi, xəmirində müqəddəslik və mənəviyyat olan xüsusi bir məfhumdur. Mənsub olduğumuz milləti, vətəndaşı olduğumuz dövləti, səmada dalğalandırdığımız üçrəngli bayrağı, danışdığımız dili qorumaq üçün hər birimiz səfərbərik. Minillərin sınağından keçən vətənpərvərliyimiz bizim həyat tərzimiz, yaşam standartımızdır. Buna görə də qloballaşan dünyada, dəyərlərin, mənəviyyatın getdikcə yox çıxdığı cahanda gələcək nəsillərin bu ruhda yetişdirilməsi vətənpərvərliyin tələbidir. Unutmaq olmaz ki, qəlbi vətən sevgisi ilə dolu olan insanlar təkcə öz ölkəsi üçün deyil, həm də dünya üçün faydalıdırlar. Uşaqların vətənpərvər ruhda böyüməsi, gəncliyin milli tərbiyə alması bir dövlətin gələcəyinin qarant altına alınması deməkdir.

​Lalə Mehralı

Digər xəbərlər