Azərbaycan Pedaqoji Universitetinin Quba filialında siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının təqdimatı olub
Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanla yanaşı, Pakistan, Qazaxıstan və Özbəkistan nümayəndələrinin iştirakı ilə keçirilən toplantını giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev bildirib ki, tədbir yeni bir formatda təşkil olunub. Əvvəlcə filialın kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının (Hacıyev) hazırladığı “Ulu Turanın həmrəylik notları” mövzusunda məruzə dinləniləcək, sonra mövzu ətrafında müzakirələr aparılacaq. Filialda davamlı şəkildə təşkil olunan, seminar, təlim və digər təhsil və maarifləndirici tədbirlər barədə ümumi məlumat verən direktor diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyaları rəhbərlik etdiyi təhsil müəssisə və peşəkar kollektiv üçün mənəviyyat mayakıdır.
Məruzədə Turançılıq ideologiyasının ortaya çıxması, XX əsrin əvvəllərində Osmanlı imperatorluğunun və Qacar Xanədanlığının qarşılaşdıqları sıxıntılar, o cümlədən Böyük İpək Yolunun tarixi, müasir dövrdə bu dəhlizin yenidən gündəmə gəlməsi, Türk Dövlətləri Təşkilatının ümumi liderliyi ilə Orta dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin Avrasiya üçün nəfəsliyə çevrilməsi, TRASEKA proqramından Zəngəzur dəhlizinə qədərki zaman kəsimində bölgəmizdə baş verən bütün proseslərə, həmçinin perspektiv layihələrə toxunulub. Monitor üzərində fərli dövrlərə aid xəritələr, sxemlər, real fotolar əsasında fikir və mühakimələrini əsaslandıran məruzəçi bildirib ki, hazırda ulu Turan coğrafiyasında sülh və inkişaf notları eşidilir. Türk dövlətlərinin ortaq milli sərvəti olan bu geosiyasi reallığın müəllifi, yaradıcısı və müdafiəçisi Müzəffər Ali baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Zəfərdir.
Sonra professor Yusif Alıyev, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Aziza Koşerbayeva, Cizzax Dövlət Pedaqoji Universitetinin Rus dili fakültələrarası kafedrasının müdiri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Cəlalov Marlen, Qərbi Kaspi universitetinin doktorantı, pakistanlı Şeraz Mahmood, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru, dosent Raqif Qasımov, Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbin direktoru, Sevil Allahverdiyeva məruzə ətrafından fikir və mülahizələrini bölüşüblər.
Qonaqlar çıxışlarında qeyd ediblər ki, təqdim olunan məruzə qlobal prosesləri özündə əks etdirməklə bərabər ümumilikdə Quba filialındakı intellektual potensialın göstəricisidir.
Qeyd olunub ki, çətin və şərəfli yol keçərək təşəkkül tapan Türk Dövlətləri Təşkilatının önillikləri əhatə edən gündəliyi sülh, inkişaf və birgəyaşayış fəlsəfəsidir. Bu formatda inkişaf platformasının qurucusu 44 günlük Vətən müharibəsində qazanılan şərafətli Zəfərdir.
Çıxışlarda həmçinin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında təşkil olunan “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçirilmiş V Beynəlxalq Elmi Konfransın yüksək təşkili və beynəlxalq ictimaiyyəti düşündürən mövzuların müzakirəsi qlobal təhsil sistemi üçün mühüm əhəmiyyət kəsb edir.
***
Eyni mövzuda və mahiyyətdə daha bir tədbir isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında (ADPU) kurs keçən Qazaxıstan Respublikasından olan təhsil heyəti üçün təşkil olunub. Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunmuş “TURAN YOLUNUN İŞIĞINDA!” mövzusunda elmi-seminar filialdakı Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində düzənlənib.
ADPU-nun direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev Qazaxıstan heyətini Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi ilə tanış edib. Direktor qonaqlarla səmimi söhbətində diqqətə çatdırıb ki, Qazaxıstana aid belə bir mədəniyyət mərkəzinin qurulması kollektivin ümdə arzusudur.
Seminar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin nurlu xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Qazaxıstan və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirilib. Çıxışlarda Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf dinamikası türk dünyasının birliyində və həmrəyliyində tarixi töhfə kimi dəyərləndirilib.
Qarabağ zəfərinə həmrəylik əlaməti olaraq qonaqlar seminarın Azərbaycan dilində keçirilməsini istəyiblər.
Pedaqoji Universitetin Quba filialının kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı təqdimatı böyük maraqla qarşılanıb.
Mərasimdən sonra suallar cavablandırılıb.