PDF Oxu

Siyasət

  • 499

Azərbaycanın tarixi Zəfəri, dövlət suverenliyi və qüdrətli gələcəyə doğru inkişaf strategiyası - ŞƏRH

Azərbaycanın tarixi Zəfəri, dövlət suverenliyi və qüdrətli gələcəyə doğru inkişaf strategiyası - ŞƏRH

Müstəqilliyinin ilk illərində ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşən Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf və tərəqqi yoluna qədəm qoydu. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın dirçəldilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi Azərbaycanın gələcək uğurları üçün möhkəm təməl yaratdı. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi və yeni məzmunla zənginləşdirildi.

İşğal dövründə dövlətimizin mütləq prioriteti torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası idi. Bu məqsədə nail olmaq üçün bütün sahələrdə sistemli və məqsədyönlü iş aparılırdı. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi üçün zəruri şəraitin yaradılması idi.
Dövlət başçısının qeyd etdiyi kimi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
Bu siyasətin uğurla həyata keçirilməsində iqtisadi inkişaf xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyünün təmin edilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, beynəlxalq nəqliyyat və logistika layihələrinin reallaşdırılması ölkəmizin strateji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Neft və qaz sektorunda əldə edilən nailiyyətlər qeyri-neft sektorunun inkişafı, infrastrukturun yenilənməsi, sosial layihələrin həyata keçirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün geniş imkanlar yaratdı.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji və nəqliyyat layihələri ölkəmizin regionda və dünyada mövqelərini möhkəmləndirdi. Beləliklə, iqtisadi qüdrət yalnız sosial rifahın yüksəldilməsinə deyil, həm də milli təhlükəsizliyin təmin olunmasına, müstəqil xarici siyasətin həyata keçirilməsinə və tarixi hədəflərin reallaşdırılmasına xidmət etdi.
Azərbaycanın tarixi Qələbəyə aparan yolunda güclü ordunun yaradılması əsas prioritetlərdən biri olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazası müasir tələblərə uyğunlaşdırıldı, hərbi potensial artırıldı, ordunun peşəkarlığı və döyüş qabiliyyəti yüksəldildi. Dövlət başçısının vurğuladığı kimi: “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq.”
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın əsgər və zabitləri misilsiz qəhrəmanlıq, yüksək döyüş əzmi və Vətən sevgisi nümayiş etdirdilər. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Prezident İlham Əliyevin “İrəli!” əmri Azərbaycan Ordusunun qələbə əzmini, qətiyyətini və dönməz iradəsini ifadə edən tarixi çağırışa çevrildi. Dövlət başçısının “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” fikri müharibənin gedişində nümayiş etdirilən yüksək hərbi peşəkarlığın, xalqın iradəsinin və ordumuzun gücünün mahiyyətini aydın şəkildə ifadə edir.
Vətən müharibəsi Azərbaycan dövlətinin, xalqının və ordusunun sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Cəbhədə döyüşən hərbçilərimizin qəhrəmanlığı, arxa cəbhədə xalqımızın nümayiş etdirdiyi həmrəylik, dövlətin siyasi və diplomatik fəaliyyəti Qələbənin əldə olunmasında mühüm rol oynadı. Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz tarixi torpaqlarını azad etmək əzmini ortaya qoydu.
44 günlük müharibədə qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında yeni tarixi vəzifələr meydana çıxdı. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin edildi. Bir gündən az davam edən əməliyyat nəticəsində separatizmin mövcudluğuna son qoyuldu və Azərbaycan öz suveren hüquqlarını bütün ərazisində bərpa etdi.
Prezident İlham Əliyevin bu barədə səsləndirdiyi fikirlər tarixi hadisənin əhəmiyyətini dolğun ifadə edir: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
Beləliklə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu hadisə ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Artıq Azərbaycan qarşısında azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və regionda uzunmüddətli sülhün möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayanır.
Tarixi Qələbənin əldə olunmasında milli birlik və siyasi həmrəylik də mühüm amil olmuşdur. Prezident İlham Əliyev milli birliyin yalnız müharibə dövründə deyil, bütün zamanlarda qorunmasının vacibliyini xüsusi vurğulayır. Dövlət başçısının “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri cəmiyyətimizin qarşısında duran mühüm vəzifələri müəyyənləşdirir.
Milli maraqların qorunması, dövlətçilik prinsiplərinə sədaqət və ümummilli məqsədlər ətrafında birləşmək Azərbaycanın gələcək inkişafının əsas şərtlərindəndir. Siyasi fikir müxtəlifliyi demokratik cəmiyyətin təbii xüsusiyyətidir. Lakin dövlətin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyi kimi məsələlərdə ümummilli maraqlar hər şeydən üstün tutulmalıdır. Bu baxımdan, siyasi mübarizənin dövlətə və Vətənə qarşı mövqeyə çevrilməməsi, siyasi qüvvələrin milli məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın qazandığı tarixi Zəfər, ilk növbədə, xalqımızın birliyinin və dövlətimizin gücünün təntənəsidir. Bu birliyin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin yaşadılması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın məsuliyyətidir.
Qazanılmış tarixi Zəfərin əbədiləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. 8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün milli qürur və vətənpərvərlik rəmzi olacaqdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”
Zəfər tarixinin yaşadılması məqsədilə ölkəmizdə mühüm tədbirlər həyata keçirilir, şəhidlərimizin xatirəsi əziz tutulur, qəhrəman hərbçilərimizin şücaəti təbliğ olunur. Eyni zamanda, Zəfər Günü münasibətilə amnistiya elan edilməsi təşəbbüsü humanizm, mərhəmət və dövlətçilik dəyərlərinin təzahürü kimi xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma tarixi Qələbənin yalnız hərbi və siyasi deyil, həm də mənəvi mahiyyət daşıdığını göstərir.
Bu gün Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və Böyük Qayıdışın uğurla həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Yeni yollar, tunellər, körpülər, hava limanları, elektrik stansiyaları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa edilir.
Dövlət başçısının “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq” fikirləri Böyük Qayıdış strategiyasının əsas mahiyyətini ifadə edir.
İşğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məntəqələrinin salınması, dayanıqlı infrastrukturun yaradılması və iqtisadi potensialın hərəkətə gətirilməsi həmin bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyasına xidmət edir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, burada təhlükəsiz və layiqli yaşayış şəraitinin yaradılması dövlətimizin sosial siyasətinin əsas prioritetlərindəndir.
Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına fiziki qayıdışı deyil, həm də həmin ərazilərdə həyatın, iqtisadi fəaliyyətin, təhsilin, səhiyyənin və mədəni mühitin bərpasıdır. Bu proses çərçivəsində dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi də xüsusi diqqət mərkəzindədir. DOST və ASAN xidmətlərinin Qarabağda fəaliyyət göstərməsi dövlət-vətəndaş münasibətlərinin müasir və səmərəli modelinin azad edilmiş ərazilərdə də tətbiq olunduğunu göstərir.
Azərbaycanın gələcək inkişaf strategiyasında sülh və təhlükəsizlik məsələləri də mühüm yer tutur. Ölkəmiz regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Bununla belə, sülhün yalnız qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüququn norma və prinsiplərinə riayət əsasında mümkün olduğu aydındır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.”
Bu mövqe Azərbaycanın sülh gündəliyinə sadiqliyini, eyni zamanda milli maraqlarının və dövlət suverenliyinin qorunması məsələsində prinsipiallığını nümayiş etdirir. Ölkəmiz regionda əməkdaşlığın genişləndirilməsində, iqtisadi əlaqələrin inkişafında və yeni nəqliyyat-kommunikasiya imkanlarının yaradılmasında maraqlıdır.
Dövlət siyasətinin mühüm istiqamətlərindən biri də şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdır. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərin sağlamlığının bərpası, onların məşğulluğunun təmin edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət qayğısı ilə əhatə olunmalı, sağlamlığını itirmiş və yaralanmış qazilər daim diqqət mərkəzində saxlanılmalıdır.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər