“44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətimizin gücünün, xalqımızın birliyinin və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu möhtəşəm tarix xalqımızın yaddaşına əbədi həkk olunmuş, Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının torpaq sevgisini, milli iradəsini, sarsılmaz birliyini və Ordumuzun döyüş əzmini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi addım-addım azad edərək tarixi Zəfərə imza atdı. Bu Zəfərin hər günü Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi ilə yazıldı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin hərbi-siyasi qüdrətini, xalqımızın sarsılmaz iradəsini və milli birliyini nümayiş etdirən tarixi hadisəyə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müharibənin ilk günündən etibarən qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirərək torpaqlarımızın azadlığı uğrunda qətiyyətli mübarizəyə başladı. Dövlət başçısının müharibə dövründə xalqa müraciətləri, beynəlxalq media orqanlarına verdiyi müsahibələr və diplomatik fəaliyyəti Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Cənab İlham Əliyev həm siyasi müstəvidə, həm də Ali Baş Komandan kimi müharibənin gedişinə rəhbərlik edərək xalqımızı vahid məqsəd ətrafında birləşdirdi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, 44 günün hər biri Zəfər tariximizin bir səhifəsidir. Azərbaycan Ordusu hər gün irəliyə gedir, yeni yaşayış məntəqələrini, strateji yüksəklikləri və şəhərləri azad edirdi. Bu irəliləyiş hərb tarixində xüsusi əhəmiyyət daşıyan döyüş əməliyyatlarının nəticəsi idi.  Vətən müharibəsinin ən mühüm və taleyüklü hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması oldu. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azad edilməsi hərbi əməliyyatların gedişində həlledici mərhələ təşkil etdi. Şuşa əməliyyatı Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığının, peşəkarlığının, döyüş əzminin və Vətən sevgisinin təcəssümü idi. Sıldırım qayalardan, çətin dağ yollarından keçərək şəhərə daxil olan qəhrəman hərbçilərimiz dünya hərb tarixinə düşəcək bir əməliyyata imza atdılar. Şuşanın azad olunması ilə Azərbaycan xalqının 28 illik həsrətinə son qoyuldu. Məhz bu tarixi hadisənin əhəmiyyəti nəzərə alınaraq 8 Noyabr ölkəmizdə Zəfər Günü elan edildi.  44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı öz dövlətinin və Ordusunun ətrafında dəmir yumruq kimi birləşməyi bacarır. Ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı, arxa cəbhədə hər bir vətəndaşın göstərdiyi həmrəylik, mənəvi dəstək və fədakarlıq Qələbənin əldə olunmasında mühüm amillərdən oldu. Bu Zəfər şəhidlərimizin canı və qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına qazanıldı. Ona görə də 8 Noyabr yalnız hərbi Qələbənin deyil, həm də milli birlik, həmrəylik və Vətən sevgisinin təntənəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, qazilərimizin fədakarlığı heç zaman unudulmayacaq. Azərbaycanın əldə etdiyi tarixi Qələbə ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açdı. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri bərpa edilir, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı təmin olunur. Bu gün azad edilmiş ərazilərdə dalğalanan üçrəngli Azərbaycan bayrağı müstəqilliyimizin, suverenliyimizin və dövlətimizin ərazi bütövlüyünün rəmzidir. Böyük Qayıdış prosesi Zəfərin yaratdığı yeni reallıqların mühüm göstəricisidir.  Zəfər Günü hər bir azərbaycanlı üçün həm qürur, həm də böyük məsuliyyət günüdür. Bu tarixi Qələbəni bizə yaşadan şəhidlərimizin xatirəsini daim uca tutmaq, qazilərimizə diqqət və qayğı göstərmək, dövlətimizin inkişafına töhfə vermək hər birimizin mənəvi borcudur. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının əyilməz iradəsinin, dövlətimizin qüdrətinin və milli birliyimizin tarixə yazılmış təntənəsidir. Bu tarix gələcək nəsillərə Vətən sevgisinin, torpağa bağlılığın və milli həmrəyliyin ən parlaq nümunəsi kimi ötürüləcək.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri