Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin milli yaddaşında da xüsusi yer tutur. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdən biridir. Bu tarix Azərbaycanın hərbi qüdrətinin, siyasi iradəsinin, milli birliyinin və dövlətçilik əzminin təntənəsi kimi tarixə yazıldı. Şuşanın azad olunması ilə Azərbaycan xalqı uzun illər davam edən torpaq həsrətinə son qoymaq istiqamətində həlledici nailiyyət əldə etdi, tarixi ədalətin bərpasına və ölkənin ərazi bütövlüyünün təmin edilməsinə aparan yolda mühüm mərhələni gerçəkləşdirdi.
Şuşa Azərbaycan tarixində heç vaxt sıradan bir şəhər olmayıb. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi kimi tanınan bu şəhər əsrlər boyu ölkənin ictimai-siyasi, ədəbi və mədəni həyatında mühüm rol oynayıb. Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa milli dövlətçilik ənənələrinin, zəngin mədəni irsin və mənəvi dəyərlərin formalaşdığı mühüm mərkəzlərdən biri olub. Buna görə də 1992-ci il mayın 8-də şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan xalqının yaddaşında ağır faciə kimi qaldı. Şuşanın işğalı təkcə ərazi itkisi deyil, həm də xalqımızın tarixi-mədəni irsinə, milli kimliyinə və mənəvi dəyərlərinə vurulan zərbə idi.
Lakin Azərbaycan dövləti heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, ölkənin siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi istiqamətində atılan addımlar gələcək Zəfərin əsaslarını formalaşdırdı. Prezident İlham Əliyev bu siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, iqtisadi imkanlarının genişləndirilməsinə və güclü ordunun yaradılmasına xüsusi diqqət yetirdi. Dövlətin bütün resurslarının milli maraqların təmin olunmasına səfərbər edilməsi, hərbi quruculuq sahəsində həyata keçirilən ardıcıl tədbirlər və prinsipial siyasi mövqe Azərbaycanın qarşısında yeni imkanlar açdı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi torpaqlarının azad edilməsi uğrunda mübarizəsinin həlledici mərhələsi oldu. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad etdi. Döyüş meydanında qazanılan uğurlar dövlətimizin hərbi gücünü, xalqımızın iradəsini və qarşıya qoyulan məqsədə çatmaq əzmini bütün dünyaya nümayiş etdirdi. Bu mübarizənin ən mühüm və taleyüklü mərhələsi isə noyabrın əvvəlində Şuşa uğrunda aparılan döyüşlər oldu.
Şuşa əməliyyatı Vətən müharibəsinin hərbi-strateji baxımdan ən mürəkkəb və mühüm hadisələrindən biri kimi tarixə düşdü. Şəhərin mürəkkəb relyefi, dağlıq ərazidə yerləşməsi və müdafiə imkanları əməliyyatın xüsusi hazırlıq və yüksək hərbi peşəkarlıq tələb etdiyini göstərirdi. Azərbaycan hərbçilərinin göstərdiyi misilsiz şücaət, əzmkarlıq və qəhrəmanlıq nəticəsində Şuşa işğaldan azad edildi. Bu əməliyyat yalnız mühüm strateji mövqenin ələ keçirilməsi ilə məhdudlaşmadı, həm də müharibənin sonrakı gedişinə ciddi təsir göstərən həlledici hərbi-siyasi nəticə yaratdı.
Noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti isə müasir tariximizin ən yaddaqalan anlarından birinə çevrildi. Dövlət başçısının böyük qürur və fəxarət hissi ilə Şuşanın azad edildiyini bəyan etməsi bütün ölkədə və dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar tərəfindən böyük sevinc və qürurla qarşılandı. Prezidentin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri xalqın uzun illər ürəyində yaşatdığı arzu və ümidlərin gerçəkləşməsinin ifadəsi oldu. Həmin müraciətdə səslənən “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” bəyanatı isə Azərbaycanın dəyişməz mövqeyini və milli iradəsini bir daha nümayiş etdirdi.
Şuşanın azad olunması Azərbaycan xalqının həmrəyliyinin və xalq-ordu birliyinin də təntənəsi idi. Vətən müharibəsi dövründə ölkə vətəndaşlarının nümayiş etdirdiyi milli birlik, hərbçilərimizə mənəvi dəstək və ümumi məqsəd ətrafında səfərbərlik Zəfərin mühüm amillərindən birinə çevrildi. Bu Qələbə böyük qəhrəmanlıq nümunələri yaradan şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin sarsılmaz döyüş ruhu hesabına qazanıldı. Şuşa uğrunda döyüşlərdə göstərilən igidlik Azərbaycan hərb tarixinin şanlı səhifələrindən biri kimi gələcək nəsillərə örnək olacaq.
Şuşa Zəfərinin siyasi əhəmiyyəti də son dərəcə böyükdür. Bu qələbə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu, milli maraqlarını müdafiə etmək üçün bütün imkanlara malik güclü dövlətə çevrildiyini təsdiqlədi. Uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması fonunda döyüş meydanında əldə edilən uğur beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi. Şuşanın azad edilməsi Vətən müharibəsinin yekun nəticələrinə həlledici təsir göstərən hadisələrdən biri olmaqla, regionda yeni geosiyasi reallıqların formalaşmasına da mühüm töhfə verdi.
Bu gün Şuşa yalnız azad edilmiş şəhər deyil, həm də Azərbaycanın dövlətçilik iradəsinin, milli birliyinin və gələcəyə inamının rəmzidir. Onun yenidən qurulması, tarixi-mədəni irsinin bərpası və sakinlərinin doğma yurda qayıdışı Zəfərin davamı olan böyük quruculuq missiyasının tərkib hissəsidir. Şuşada həyatın yenidən canlanması, dövlət bayrağımızın əzəmətlə dalğalanması və şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın qazandığı Qələbənin real nəticələrini nümayiş etdirir.
8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, dövlətin gücü, xalqın birliyi, ordunun qüdrəti və milli iradə qarşıya qoyulan ən mühüm vəzifələrin həyata keçirilməsində həlledici əhəmiyyət daşıyır. Şuşanın azadlığı Azərbaycan tarixinin yalnız hərbi qələbəsi deyil, həm də milli özünüdərkin, tarixi yaddaşın və dövlətçilik əzminin təntənəsidir. Bu Zəfər gələcək nəsillərə ötürüləcək ən qiymətli tarixi miraslardan biri kimi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Nicat Axundzadə,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala şəhət 4 nömrəli tam orta məktəbin tarix müəllimi