Bayraq hər bir dövlətin əsas atributu, milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Bayraq sevgisi Vətən sevgisidir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni və milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuz, mənəvi sərvətimiz və dövlətçilik tariximizin ən dəyərli rəmzlərindən biridir.
Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yeri olan üçrəngli Dövlət Bayrağımız milli azadlıq ideallarının, müstəqillik arzusunun və milli birliyimizin təcəssümüdür. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmiş üçrəngli bayrağımız xalqımızın müstəqil dövlət qurmaq iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra uzun illər dövlət bayrağımızdan ayrı düşsək də, xalqımızın qəlbində yaşayan azadlıq və istiqlal arzusu heç zaman sönməmişdir.Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində milli dövlətçilik ənənələrimizin qorunması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın gələcək inkişafının möhkəm təməlini yaratmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi milli tariximizdə mühüm hadisə olmuşdur. Daha sonra həmin bayraq Azərbaycan Respublikasının dövlət rəmzi kimi təsdiq edilmişdir.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlət bayrağı dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qərargahlarında və mötəbər tədbirlərdə qürurla dalğalanır. Dövlət başçısının milli maraqlara əsaslanan qətiyyətli siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz mövqelərini daha da möhkəmləndirmiş, müstəqil və suveren dövlət kimi nüfuzunu artırmışdır.44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər üçrəngli bayrağımızın şərəfini və ucalığını daha da yüksəltdi. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması xalqımızın çoxəsrlik arzularının gerçəkləşməsi, milli qürurumuzun və dövlətimizin qüdrətinin təntənəsi oldu.2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin bərpa edilməsi üçrəngli bayrağımızın hər qarış torpağımızda dalğalanmasını təmin etdi. Bu, Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və müstəqilliyimizin dönməzliyinin parlaq göstəricisidir.
Dövlət Bayrağı Gününün qeyd olunması yalnız təqvimdə əlamətdar bir günün xatırlanması deyil. Bu gün hər bir azərbaycanlının Vətənə, dövlətə, milli dəyərlərə və müstəqilliyə bağlılığının ifadəsidir. Bayrağımıza hörmət etmək dövlətimizə, tariximizə, şəhidlərimizin müqəddəs xatirəsinə və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyətə hörmət etmək deməkdir.Bu gün Azərbaycan bayrağı azad torpaqlarımızda qürurla dalğalanır. Həmin bayrağın hər dalğalanışında şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və müstəqil dövlətimizin gücü yaşayır. Bizim üçün üçrəngli bayraq sadəcə dövlət atributu deyil, uğrunda canlar fəda edilmiş müqəddəs Vətənimizin rəmzidir.Əminliklə söyləyə bilərik ki, Azərbaycan xalqı bundan sonra da öz Dövlət Bayrağına daim ehtiram göstərəcək, müstəqilliyimizi və suverenliyimizi qoruyacaq, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə səylərini əsirgəməyəcəkdir.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik! Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Yaşasın müstəqil Azərbaycan!
Malik Mirzəyev,
YAP Lerik rayon təşkilatının sədri