PDF Oxu

Siyasət

  • 1 207

İdeoloji təhlükəsizlik dövlətin mənəvi və intellektual sərhədlərini qoruyur

İdeoloji təhlükəsizlik dövlətin mənəvi və intellektual sərhədlərini qoruyur

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. İdeoloji risklər sərhəd tanımır. Ona görə də özümüzü ideoloji təxribatlardan qorumalıyıq” fikri müasir milli təhlükəsizlik anlayışının ən mühüm reallıqlarından birini ifadə edir. Əgər XX əsrdə dövlətin təhlükəsizliyi əsasən ordunun gücü, sərhədlərin qorunması və iqtisadi imkanlarla ölçülürdüsə, XXI əsrdə təhlükəsizlik mübarizəsinin mühüm hissəsi insanların şüurunda, informasiya məkanında, sosial şəbəkələrdə və ideyalar müstəvisində gedir.

Bu gün tankla sərhədi keçmədən də dövlətin təhlükəsizliyinə zərbə vurmaq mümkündür. Bir cəmiyyətin öz dövlətinə inamını sarsıtmaq, vətəndaşları bir-birinə qarşı qoymaq, tarixi yaddaşı manipulyasiya etmək, milli-mənəvi dəyərləri hədəfə almaq və süni ümidsizlik yaratmaq bəzən ənənəvi hərbi təhdiddən heç də az təhlükəli olmur. İdeoloji təhlükəsizliyi dövlətin və cəmiyyətin öz milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, konstitusion əsaslarını və strateji maraqlarını dağıdıcı ideoloji təsirlərdən qorumaq qabiliyyəti kimi müəyyən etmək olar. Heç şübhəsiz, ideoloji təhlükəsizlik heç də fərqli fikirlərin qadağan edilməsi demək deyildir.
Demokratik cəmiyyətdə insanlar hökuməti tənqid edə, müxtəlif siyasi baxışlara sahib ola, fərqli mövqelər ifadə edə bilərlər. Fikir müxtəlifliyi və fikir azadlığı özlüyündə informasiya təhdidi deyidirl. Təhdid o zaman yaranır ki, sistemli, koordinasiyalı və manipulyativ fəaliyyət cəmiyyətin etimadını, birliyini və qərarvermə qabiliyyətini sarsıtmağa yönəlsin. Deməli, ideoloji təhlükəsizliyin məqsədi:“hamını eyni cür düşünməyə məcbur etmək” yox, cəmiyyəti manipulyasiyaya qarşı düşünə biləcək qədər gücləndirməkdir.
Həqiqət ondan ibarətdir ki, ən güclü ideoloji müdafiə senzura deyildir. Bu halda ən güclü müdafiə məlumatlı, savadlı, tənqidi düşünən və öz milli maraqlarını anlayan vətəndaşdır. Müasir dünyada ideoloji təxribatın sərhədi yoxdur. İnternet və sosial şəbəkələr sayəsində bir ölkədə hazırlanmış informasiya saniyələr ərzində başqa ölkənin milyonlarla vətəndaşına çata bilir. Bu proses bir neçə istiqamətdə həyata keçirilir. İlk növbədə dezinformasiya ictimai şüura yeridilir. Başqa sözlə, qəsdən hazırlanan yaıan və ya çaşdırıcı məlumat tirajlanır. Nəqsəd sadəcə insanı aldatmaq deyildir, onun davaranışına təsir etməkdir.
İkincisi, tarixi yaddaşın manipulyasiyasıdır, yəni xalqların tarixini saxtalaşdırmaq, milli qəhrəmanları gözdən salmaq, dövlətçilik tarixini təhrif etmək və cəmiyyətin keçmişi haqqında yanlış təsəvvür yaratmaq uzunmüddətli ideoloji təsir vasitəsidir.
Üçüncüsü, mövcud ziddiyyətlərin süni şəkildə dərinləşdirilməsidir. Xarici informasiya təsiri çox vaxt cəmiyyətdə sıfırdan problem yaratmır. Mövcud olan problemləri tapır və onları böyüdür.
Dördüncüsü, cəmiyyətdə süni pessimizm və imidsizlik əhvalı formalaşdırmaqdır. Mesajlar sadə və uzağagdən çirkin niyyətlərə köklənir. İnsanı konkret ideologiyaya inandırmaqdan əvvəl ona öz cəmiyyətinə və gələcəyinə inamsızlıq aşılanır.
Beşincisi, Süni intellekt və “deepfake” təhlükəsi reallığa çevrilir.
Yeni texnologiyalar ideoloji təhlükəsizliyin qarşısında tamamilə yeni çağırış yaradıbdır. Bu gün süni intellekt vasitəsilə siyasətçinin danışmadığı sözləri danışmış kimi göstərmək, saxta videolar və şəkillər hazırlamaq mümkündür. Bu səbəbdən gələcəyin ideoloji təhlükəsizliyi yalnız kitab, televiziya və qəzet məsələsi deyildir. Bu, həm də alqoritmlər, sosial şəbəkələr və süni intellekt məsələsidir.
Sadalanan reallıqlar fonunda bəs Azərbaycan nə etməlidir? Heç şübhəsiz, Azərbaycanın mövcud vəziyyəti xüsusi yanaşma tələb edir.Səbəblər bəllidir: mürəkkəb geosiyasi regionda yerləşir, müharibə və işğal təcrübəsindən keçib, tarixi həqiqətlərin uzun illər təhrif olunması ilə üzləşib, multietnik və multikonfessional cəmiyyətə malikdir, sürətlə rəqəmsallaşan informasiya məkanında yaşayır, regional və qlobal geosiyasi rəqabətin təsirlərini hiss edir. Bütün bunlar ideoloji təhlükəsizliyə kompleks yanaşmanı zəruri edir. İlk növbədə milli ideyanı gücləndirmək zəruridir. İdeoloji boşluq heç vaxt boş qalmır. Əgər dövlət və cəmiyyət öz dəyərlərini, tarixini və gələcək vizyonunu aydın şəkildə formalaşdırmırsa, həmin boşluğu başqa ideoloji təsirlər doldurmağa çalışacaq. Bu, təkzibi mümkün olmayan həqiqətdir.
Azərbaycan üçün bu baxımdan azərbaycançılıq ideologiyası xüsusi əhəmiyyət daşıyır. Bu ideologiya özündə etnik ayrı-seçkiliyi deyil, milli birliyi, dini qarşıdurmanı deyil, tolerantlığı, regional parçalanmanı deyil, vahid dövlətçilik şüurunu, keçmişə qapanmağı deyil, milli köklərə əsaslanan müasir inkişafı ifadə edir. Məhz buna görə azərbaycançılıq yalnız ideoloji konsepsiya deyil, həm də ideoloji təhlükəsizliyin immunitet sistemidir. İnsan öz kimliyini nə qədər yaxşı tanıyırsa, onu saxta kimliklə əvəz etmək bir o qədər çətin olur. Bundan savayı, media savadlılığını milli prioritetə çevirmək vacibdir. Məktəbdən universitetə, dövlət qulluqçusundan pensionerə qədər bütün cəmiyyət üçün media savadlılığı proqramları hazırlanmalıdır. Məqsəd insanlara “nəyə inanmalı olduqlarını” öyrətmək yox, nəyi necə yoxlamalı olduqlarını təlqin etməkdir. Bu halda süni intellekt təhlükələrinə hazır olmaq lazımdır. Yaxın gələcəkdə saxta mətnlə real mətnin, saxta video ilə real videonun fərqini müəyyən etmək daha da çətinləşəcək. Bu reallığı nəzərə alaraq ölkəmizdə “deepfake” aşkarlama texnologiyaları, dövlət rəsmilərinin saxta videolarına qarşı operativ reaksiya mexanizmləri, seçki və ictimai-siyasi proseslər zamanı rəqəmsal monitorinqi inkişaf etdirilməlidir.
Dövlət qurumları arasında vahid ideoloji koordinasiya olmalıdır. İdeoloji təhdidə qarşı müxtəlif qurumların ayrı-ayrılıqda fəaliyyət göstərməsi kifayət etmir. Bunun üçün daimi əsasda risk analizi, erkən xəbərdarlıq, məlumat mübadiləsi, strateji kommunikasiya və böhran zamanı vahid informasiya siyasəti mexanizmi qurulmalıdır. Bu, bir həqiqətdir ki,yalanı yalnız təkzib etmək yox, gerçəkliyi sürətlə ictimai fikrə çatdırmaq lazımdır. İnformasiya müharibəsinin özünəməxsus tələbi vardır: boşluğu kim birinci doldurursa, üstünlük çox vaxt onun tərəfində olur. Bəzən dövlət yalnız yalan xəbəri təkzib etməklə kifayətlənir, lakin daha effektiv yanaşma qabaqlayıcı kommunikasiya sistemidir. Başqa sözlə, riskli mövzuları əvvəlcədən müəyyən etmək, ictimaiyyətə vaxtında izah vermək, faktları əlçatan formada təqdim etmək, peşəkar ekspertləri prosesə cəlb etmək, mürəkkəb məsələləri sadə və inandırıcı dildə izah etmək zəruridir. Bu bir aksiom tələbidir ki, informasiya boşluğu ən təhlükəli ideoloji boşluqlardan biridir. Eyni zamanda onu da xüsusi olaraq qeyd edək ki,sosial birliyi qorumaq-ən güclü ideoloji müdafiə silahıdır.
Bir cəmiyyəti parçalamaq üçün onun hamısını eyni fikrə gətirmək lazım deyildir, insanları bir-birinə düşmən etmək kifayətdir. Bu reallıq fonunda dini dözümlülük, etnik həmrəylik, sosial ədalət, regionlar arasında inkişaf fərqinin azaldılması, gənclərin gələcəyə inamı və dövlət-vətəndaş etimadı ideoloji təhlükəsizliyin də mühüm elementləridir. Bir sözlə, ideoloji təhlükəsizlik qadağalarla deyil, immunitetlə qurulmalıdır. Elə isə bəs cəmiyyət ideoloji təhlükədən necə qorunmalıdır?
Zənnimizcə, burada iki yol vardır: Birinci yol-qorxu yaratmaq, hər fərqli fikri təhlükə kimi qəbul etmək və informasiya məkanını həddindən artıq bağlamaqdır. Bu yol uzunmüddətli perspektivdə dayanıqlı nəticə verməyə bilər. İkinci yol isə cəmiyyətin ideoloji immunitetini gücləndirməkdir. Bu immunitet aşağıdakı komponentlərlə xarakterizə oluna bilər: milli kimlik + keyfiyyətli təhsil + tənqidi düşüncə + media savadlılığı + tarixi yaddaş + sosial birlik + dövlətə etimad + güclü hüquqi institutlar. Strateji baxımdan məhz bu formula daha dayanıqlı ola bilər. Yuxarıda apardığımız təhlillərdən belə bir nəticə hasil olur ki Prezident İlham Əliyevin ideoloji təhlükəsizliklə bağlı fikrləri müasir dövrün ən mühüm strateji çağırışlarından birinə diqqət çəkir.
Bu gün dövlətlər yalnız ərazilərini deyil, həm də informasiya məkanlarını, tarixi yaddaşlarını, milli kimliklərini və vətəndaşlarının düşüncə müstəqilliyini qorumalıdırlar. Bu halda əsl ideoloji təhlükəsizlik: vətəndaşın yalanı tanıya bilməsidir; faktı emosiyadan ayıra bilməsidir; xarici manipulyasiyanı görməsidir; öz tarixini bilməsidir; milli kimliyinə sahib çıxmasıdır və fərqli fikirlə düşmənçilik arasındakı fərqi anlamasıdır. Fiziki təhlükəsizlik sərhədi qoruyur.
İdeoloji təhlükəsizlik isə dövlətin mənəvi və intellektual sərhədləri qoruyur. Müasir dünyada sərhədi keçən hər təhlükə tankla gəlmir. Bəzən o, bir sosial şəbəkə paylaşımı ilə gəlir. Bəzən saxta video ilə. Buna görə də Azərbaycanın ideoloji təhlükəsizliyinin ən güclü silahı məlumatlı, düşünən, milli maraqlarını anlayan və manipulyasiyaya qarşı intellektual immuniteti olan vətəndaşdır. Deməli, ideoloji cəhətdən güclü cəmiyyəti aldatmaq mümkündür, amma uzun müddət idarə etmək mümkün deyildir. Beləliklə, yeni geosiyasi reallıqlar fonunda ideoloji təhlükəsizlik məsələləri ölkəmiz üçün də həyati əhəmiyyət kəsb edir. Hesab edirik ki, ölkəmizin ideoloji təhlükəsizlik üzrə Dövlət Strategiyası müəyyən edilməlidir.
Azərbaycanın ideoloji təhlükəsizliyinin əsas məqsədi cəmiyyəti xarici informasiya manipulyasiyasından, radikal və dağıdıcı ideoloji təsirlərdən, tarixi saxtalaşdırmadan, milli və dini qarşıdurmanı körükləyən təxribatlardan və rəqəmsal manipulyasiyalardan qorumaq, eyni zamanda fikir azadlığını, sağlam ictimai müzakirəni və demokratik plüralizmi təmin etməkdir. Yuxarıda apardığımız təhlil və analizlərdən çıxış edərək araşdırma predmeti ilə bağlı bəzi təkliflərimizi qədirbilən oxucularımızla bölüşmək istəyirik.
1. Milli ideoloji təhlükəsizlik konsepsiyasının hazırlanması.
Zənnimizcə, bu konsepsiyada bir sıra vacib suallara aydınlıq gətirilməlidr: Azərbaycanın ideoloji təhlükəsizliyinə əsas təhdidlər hansılardır? Xarici informasiya manipulyasiyası necə müəyyən edilir? Milli kimliyin və dövlətçiliyin əsas ideoloji dayaqları hansılardır? Dövlət qurumlarının vəzifə bölgüsü necə olmalıdır: Böhran zamanı vahid kommunikasiya mexanizmi necə işləməlidir? Konsepsiyanın əsas dəyərləri kimi azərbaycançılıq + dövlətçilik + Konstitusiya + milli-mədəni irs + multikulturalizm + dini tolerantlıq + vətəndaş həmrəyliyi çıxış etməlidir. Bu sənəd ideoloji məsələlərdə ayrı-ayrı, epizodik reaksiyaları əvəz edərək vahid dövlət strategiyası yaratmalıdır.
2. Milli İnformasiya və İdeoloji Risklərin Erkən Xəbərdarlıq Sisteminin yaradılması.
İdeoloji təxribat baş verdikdən sonra ona cavab vermək kifayət deyildir. Əsas məqsəd təhlükəni erkən mərhələdə müəyyən etmək olmalıdır. Bunun üçün müasir analitik mərkəz yaradılmalı və ya mövcud dövlət imkanları vahid koordinasiya sistemi çərçivəsində birləşdirilməlidir. Sistemin izləmə orbitinə sosial şəbəkələrdə koordinasiyalı saxta kampaniyalar; “bot” və saxta hesab şəbəkələri; süni şəkildə trendə çevrilən qarşıdurma mövzuları; etnik və dini zəmində nifrət çağırışları; Azərbaycanın tarixinin və ərazi bütövlüyünün saxtalaşdırılması; xaricdən idarə olunan informasiya kampaniyaları;“deepfake” video və audio materiallar daxil olmalıdır. Başqa sözlə, əvvəlcə təhlükə aşkar olunmalı, sonra mənbə təhlil edilməli, məqsəd müəyyənləşdirilməli və operativ cavab verilməlidir. Bu sistem yalnız monitorinq aparmamalı, həm də təhlükənin cəmiyyətə hansı istiqamətdə təsir göstərə biləcəyini proqnozlaşdırmalıdır.
3. Media və rəqəmsal savadlılığın milli təhsil proqramına daxil edilməsi
İdeoloji təhlükəsizliyin ən güclü silahı düşünən vətəndaşdır. Bu səbəbdən məktəblərdə və ali təhsil müəssisələrində media savadlılığı sistemli şəkildə tədris olunmalıdır. Şagird və tələbələr öyrənməlidirlər: informasiya mənbəyini necə yoxlamaq olar; saxta xəbəri necə müəyyən etmək olar; emosional manipulyasiya necə işləyir; foto və videoların həqiqiliyi necə yoxlanılır; “deepfake” nədir; sosial şəbəkə alqoritmləri insanın davranışına necə təsir edir; xarici informasiya manipulyasiyasını necə tanımaq olar. Burada məqsəd gəncə “nəyə inanmağı” öyrətmək deyildir. Məqsəd ona “nəyə görə inanmalı və ya inanmamalı olduğunu analiz etməyi” öyrətməkdir.
4. Azərbaycançılığın müasir məzmunla gücləndirilməsi
Azərbaycançılıq yalnız tarixi və ideoloji anlayış kimi deyil, müasir və gələcəyə yönəlmiş milli konsepsiya kimi təqdim edilməlidir. Xüsusilə gənclər üçün azərbaycançılığın dili yenilənməlidir. Bu anlayış:dövlətçilik;milli birlik; Azərbaycan dilinə və mədəniyyətinə hörmət; bütün etnik və dini icmaların vahid vətən anlayışı ətrafında birləşməsi; müasirlik;elm və innovasiya; qlobal dünyaya açıqlıq ilə əlaqələndirilməlidir. Ulu Öndər Heydər Əliyevin inkişaf etdirdiyi azərbaycançılıq ideologiyasının ən mühüm üstünlüyü məhz onun birləşdirici xarakteridir. Müasir dövrdə isə bu ideologiya gənc nəslin dili ilə danışmalıdır. Azərbaycanlı olmaq yalnız keçmişlə fəxr etmək deyil, həm də Azərbaycanın gələcəyinə görə məsuliyyət daşımaqdır.
5. Tarixi yaddaşın və milli narrativin müdafiəsi
İdeoloji mübarizənin ən mühüm cəbhələrindən biri də tarixdir. Tarixi bilməyən cəmiyyətə onun keçmişi haqqında istənilən saxta hekayəni qəbul etdirmək daha asandır. Bu reallıqdan çıxış edərək bir sıra vacib addımlar atılmalıdır. Zənnimizcə, Azərbaycan tarixinin rəqəmsal arxivləri genişləndirilməli; Qarabağ və Şərqi Zəngəzurla bağlı sənədlər müxtəlif dillərdə əlçatan edilməli; arxiv sənədləri, xəritələr və hüquqi materiallar rəqəmsallaşdırılmalı; beynəlxalq akademik əməkdaşlıq genişləndirilməli; xarici dillərdə elmi və populyar nəşrlər hazırlanmalıdır. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü, Qarabağ münaqişəsinin tarixi, işğal dövrü və postmünaqişə reallıqları ilə bağlı faktlara əsaslanan milli və beynəlxalq informasiya bazası yaradılmalıdır. Tarixi yaddaş yalnız dərslikdə qalmamalı, o, kitabda, kinoda, rəqəmsal platformada, sənədli filmdə və beynəlxalq akademik mühitdə yaşamalıdır.
6. Süni intellekt və “deepfake” təhdidlərinə qarşı Milli Rəqəmsal Müdafiə Proqramı
Yaxın illərdə ideoloji təxribatların əsas alətlərindən biri generativ süni intellekt olacaqdır. Bu reallıqda dezinformasiya istehsalı texniki məsələyə çevrilir. Başqa sözlə, saxta olmaqla prezident çıxışları, dövlət xadimlərinin videoları, audio yazılar, sənədlər və fotoşəkillər hazırlamaq asan
Hesab edirik ki, yuxarıda sadalaAzərbaycan üçün xüsusi Deepfake və Rəqəmsal Manipulyasiya ilə Mübarizə Proqramı hazırlanmalıdır. Bu proqram çərçivəsində ilk növbədə saxta materialları aşkar edən texnologiyalar tətbiq edilməli; dövlət qurumları üçün operativ yoxlama sistemi yaradılmalı; kritik dezinformasiya hallarında sürətli rəsmi izahat verilməli; media nümayəndələrinə texniki təlim keçirilməli; seçki və digər həssas siyasi proseslər zamanı xüsusi rəqəmsal monitorinq aparılmalıdır. Gələcəyin informasiya müharibəsində əsas məsələ yalnız “kim daha çox danışır?” sualı yox. “İnsan həqiqi məlumatla saxta məlumatı ayırd edə bilirmi?” olmalıdır.
7. Dövlətin strateji kommunikasiya sisteminin gücləndirilməsi
İnformasiya boşluğu təhlükə yaradır. Dövlət qurumları yalnız böhran yarananda reaksiya verməməlidir. Onlar qabaqlayıcı məlumat verməli; mürəkkəb qərarları izah etməli; ictimai suallara vaxtında cavab verməli; rəqəmləri və faktları əlçatan formada təqdim etməlidirlər. Zənnimizcə, bütün bunları nəzərə alıb, vahid Strateji Kommunikasiya Standartı hazırlanmalıdır. Hər bir dövlət qurumu üçün əsas prinsip belə olmalıdır, çünki dezinformasiya çox vaxt yalanın gücü ilə deyil, həqiqətin gecikməsi ilə qalib gəlir.
8. Cəmiyyətin sosial və mənəvi birliyinin qorunması
İdeoloji təxribatın əsas məqsədlərindən biri insanları bir-birinə qarşı qoymaqdır. Bu səbəbdən milli təhlükəsizlik siyasəti sosial siyasətdən ayrı səviyyədə olmamalıdır. Aşağıdakı istiqamətlər ideoloji təhlükəsizlik baxımından da vacibdir. Bu məqsədlə, regionaların inkişafına xüsusi önəm verilməlidir. Sosial ədalət gücləndirilməli, gənclərin məşğulluği problemi həll edilməli, vətəndaş-dövlət etimadı artırılmalı, dini tolerantlıq qorunmalı və etnik icmaların ümumi dövlətçilik məkanına inteqrasiyası möhkəmləndirilməlidir. Bu, bir aksiom tələbidir ki, cəmiyyətdə nə qədər çox qarşılıqlı etimad varsa, onu xaricdən parçalamaq bir o qədər çətindir. Deməli, Azərbaycanın multikulturalizm modeli yalnız humanitar nailiyyət deyil, həm də milli təhlükəsizlik resursudur.
9. Müstəqil ekspertiza və “ideoloji tədqiqat mərkəzləri” şəbəkəsinin yaradılması
İdeoloji təhlükəsizliyin yalnız dövlət məmurlarının hazırladığı hesabatlarla təmin edilməsi mümkünsüzdür. Bu sahədə işin kefiyyətcə yenidən qurulması üçün alimlər, politoloqlar, sosioloqlar; psixoloqlar, tarixçilər, informasiya texnologiyaları mütəxəssisləri, hüquqşünaslar, və media ekspertlərinin bilik və bacarığından maksimum faydalanmaq lazımdır. Universitetlər və analitik mərkəzlərdə informasiya müharibəsi, hibrid təhdidlər, dezinformasiya, radikallaşma, milli kimlik və sosial media təsirləri üzrə tədqiqat proqramları yaradılmalıdır. Başqa sözlə, dövlət ideoloji təhlükəni yalnız hiss etməməli, onu elmi şəkildə ölçməyi də bacarmalıdır.
10. “Milli İdeoloji İmmunitet” proqramının yaradılması
Bu strategiyanın yekun və ən mühüm istiqaməti bütövlükdə cəmiyyətin ideoloji immunitetinin formalaşdırılmasıdır. Fiziki immunitet insan orqanizmini xəstəlikdən qoruyur. İdeoloji immunitet isə cəmiyyəti yalandan, nifrətdən, manipulyasiyadan, radikalizmdən, saxta tarixi narrativlərdən və xarici informasiya təxribatlarından qoruyur. Ən vacib məsələ budur ki, vətəndaş ideoloji təhlükədən dövlətin məcburiyyəti ilə deyil, öz düşüncə qabiliyyəti və şüurlu mövqeyi ilə qorunsun. Qeyd edilən strateji istiqamətlər üzrə uğur qazanmaq üçün 3 fundamental prinsipə əməl etmək vacibdir.
1. Preventiv addım atmaq, yəni təhlükə baş verməzdən əvvəl onu müəyyən etmək
2. Maarifləndirmək, yəni cəmiyyətə nə düşünməyi deyil, necə düşünməyi öyrətmək
3. Birləşdirmək, milli birlik və vətəndaş həmrəyliyini ideoloji müdafiənin əsas xəttinə çevirmək
Bəs sadalanan reallıqlar nəzərə alınmaqla Azərbaycanın ideoloji təhlükəsizlik modeli necə olmalıdır?
Azərbaycanın modeli başqa ölkələrin təcrübəsini mexaniki şəkildə təkrarlamamalıdır. Finlandiyadan media savadlılığı və cəmiyyətin dayanıqlılığını, Sinqapurdan xarici gizli müdaxilələrə qarşı institusional çevikliyi, Avropa təcrübəsindən isə rəqəmsal platformaların məsuliyyəti və texnoloji təhlükəsizliyi öyrənmək mümkündür, lakin Azərbaycan öz modelini öz reallıqları üzərində qurmalıdır. Bu modelin mərkəzində, heç şübhəsiz,güclü dövlət, məlumatlı vətəndaş, sağlam milli kimlik, müasir təhsil, sosial birlik və açıq, lakin manipulyasiyaya qarşı dayanıqlı informasiya məkanı dayanmalıdır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, ideoloji risklər sərhəd tanımır. Deməli, onlara qarşı mübarizə də yalnız sərhəd-keçid məntəqəsində aparıla bilməz. Bu mübarizə məktəbdə başlayır, ailədə formalaşır, universitetdə inkişaf edir, media məkanında sınaqdan keçir və nəticədə vətəndaşın şüurunda qalib gəlir.
Əgər Azərbaycan vətəndaşı öz tarixini bilir, milli kimliyinə sahib çıxır, informasiyanı yoxlamağı bacarır və emosional manipulyasiyaya qarşı dayanırsa, onda ideoloji təhlükəsizliyin ən möhkəm səddi artıq qurulmuş olur. Çünki ən güclü dövlət yalnız sərhədlərini qoruyan dövlət deyilir. Ən güclü dövlət həm də vətəndaşının şüurunu manipulyasiyadan qorumağı bacaran dövlətdir.

Elman Nəsirov
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər