“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var”. Ümummilli Lider Heydər Əliyevin bu fikirləri dövlət müstəqilliyinin və milli rəmzlərin xalqımız üçün daşıdığı böyük mənanı ifadə edir. Üçrəngli bayrağımız Azərbaycanın tarixi keçmişini, azadlıq mübarizəsini və gələcəyə yönəlmiş inkişaf yolunu özündə birləşdirir. Bu bayraq xalqımızın milli qürurunu, dövlətimizin suverenliyini və Vətənə sədaqətini təcəssüm etdirir.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. Mavi, qırmızı və yaşıl rənglər milli ideologiyanın əsas prinsiplərini özündə nümayiş etdirərək xalqımızın tarixi köklərini, müasirlik arzusunu və mənəvi dəyərlərini ifadə edib. Bu bayraq müstəqil dövlət qurmaq istəyinin, milli özünüdərkin və azadlıq məfkurəsinin rəmzinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət rəmzi statusunu itirsə də, onun ifadə etdiyi istiqlal ideyası xalqımızın yaddaşında yaşamaqda davam edib. Müstəqilliyə qayıdış yolunda atılan addımlar sırasında Ümummilli Lider Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımızın qəbul edilməsinə nail olması xüsusi yer tutur. Bu qərar milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm siyasi addım idi.
1991-ci il fevralın 5-də üçrəngli bayrağımız yenidən Azərbaycan Respublikasının dövlət bayrağı elan edildi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə bayrağımız müstəqil Azərbaycanın suverenliyini təcəssüm etdirən müqəddəs rəmz kimi öz layiqli yerini tutdu. Beləliklə, bir vaxtlar istiqlal uğrunda mübarizənin ifadəsi olan bayraq müasir Azərbaycan dövlətinin əsas atributlarından birinə çevrildi.
Ümummilli Lider Heydər Əliyev dövlət bayrağına münasibətdə milli-mənəvi dəyərləri və vətənpərvərlik tərbiyəsini ön plana çəkirdi. Onun fikrincə, hər bir vətəndaş bayrağın mənasını dərk etməli, onu sevməli və qorumağı özünün mənəvi borcu hesab etməlidir. Ulu Öndərin dövlətçilik siyasəti milli rəmzlərin cəmiyyətdəki mövqeyinin möhkəmlənməsinə və azərbaycançılıq məfkurəsinin inkişafına mühüm töhfə verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağının təbliği və onun ətrafında milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, Dövlət Bayrağı Gününün qeyd edilməsi və dövlət rəmzlərimizin beynəlxalq tədbirlərdə nümayişi bayrağımıza verilən yüksək dəyərin ifadəsidir. Azərbaycan bayrağı bu gün dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qarşısında dalğalanaraq dövlətimizin müstəqilliyini və beynəlxalq mövqeyini nümayiş etdirir. Bu mənzərə hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çünki bayrağımızın yüksəldiyi hər bir məkan müstəqil dövlətimizin dünyada tanınması və milli iradənin ifadəsidir.
Üçrəngli bayrağın tarixində ən parlaq səhifələrdən biri torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlıdır. Uzun illər xalqımızın qəlbində yaşayan arzu – dövlət bayrağının bütün ərazilərimizdə dalğalanması – 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə gerçəkləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına nail oldu. Azad edilmiş ərazilərdə bayrağımızın ucaldılması təkcə hərbi uğurun deyil, həm də milli iradənin, tarixi ədalətin və dövlət suverenliyinin təntənəsi idi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər doğma torpaqlarımızda dalğalanan bayrağımız şəhidlərin qanı ilə yazılmış Zəfər tarixinin ifadəsidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində suverenliyin təmin olunması isə dövlət bayrağının ölkəmizin hər yerində dalğalanmasını gerçəkliyə çevirdi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri bayrağımızın ifadə etdiyi mənanı daha da zənginləşdirir. Yenidən qurulan şəhərlər, salınan yaşayış məntəqələri və doğma yurda qayıdan ailələr Azərbaycanın Zəfərdən sonra quruculuq mərhələsinə inamla qədəm qoyduğunun göstəricisidir. Bayrağımız bu torpaqlarda həm keçmiş mübarizənin, həm də gələcək inkişafın rəmzidir.
Dövlət bayrağına hörmət hər bir vətəndaşın Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir. Lakin bu münasibət hüquqi öhdəliklə məhdudlaşmır. Bayrağa sevgi Vətənə sədaqət, dövlət müstəqilliyinə bağlılıq və milli dəyərlərə ehtiram deməkdir. Gənc nəslin dövlət rəmzlərinin tarixini öyrənməsi, onların mənasını dərk etməsi və milli kimliyə sahib çıxması xüsusi əhəmiyyət daşıyır. Çünki müstəqilliyin qorunması hər bir vətəndaşın məsuliyyətidir. Bayrağımızın ucalığını qorumaq dövlətimizin gücünə, xalqımızın birliyinə və gələcəyimizə sahib çıxmaqdır.
Asif Əsgərov
Milli Məclisin deputatı