Azərbaycan xalqının tarixində elə günlər vardır ki, onlar zaman keçdikcə öz əhəmiyyətini daha da artırır, milli yaddaşımızın ayrılmaz hissəsinə çevrilir. 8 Noyabr – Zəfər Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın birliyini, iradəsini, Vətən sevgisini və qəhrəmanlıq ruhunu təcəssüm etdirir. 2020-ci ildə əldə olunan tarixi Qələbə Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Qarabağ münaqişəsi uzun illər Azərbaycan xalqının ən ağrılı məsələlərindən biri olmuşdur. Torpaqlarımızın işğalı minlərlə insanın doğma yurdlarından didərgin düşməsinə, ailələrin ayrılığına və böyük mənəvi itkilərə səbəb olmuşdu. Buna baxmayaraq, xalqımız öz torpaqlarına qayıtmaq, ərazi bütövlüyünü bərpa etmək ümidini heç zaman itirmədi. Bu inam nəsillərdənnəsillərə ötürülərək milli birliyin və mübarizə əzminin əsas dayağına çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əzmlə irəliləyərək işğal altında olan ərazilərin azad edilməsi uğrunda mübarizə apardı. Müharibə boyunca əsgər və zabitlərimizin göstərdiyi şücaət, xalqın orduya verdiyi dəstək və ölkəmizdə yaranan həmrəylik Zəfərin mühüm amilləri oldu. 44 gün davam edən müharibə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla başa çatdı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə Qələbənin rəmzinə çevrildi. Şuşa Azərbaycanın mədəniyyət beşiyi, tarixi və mənəvi dəyərlərinin mühüm mərkəzidir. Onun azad olunması yalnız hərbi baxımdan deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Şuşa Zəfəri xalqımızın öz tarixinə, mədəniyyətinə və milli kimliyinə bağlılığını bir daha nümayiş etdirdi. Bu səbəbdən 8 Noyabrın Zəfər Günü kimi qeyd olunması Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Zəfərin əldə olunmasında şəhidlərimizin və qazilərimizin fədakarlığı misilsizdir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Müharibədə yaralanaraq sağlamlığını itirən qazilərimizin cəsarəti və dözümlülüyü də böyük ehtiramla yad edilir. Zəfər sevinci ilə yanaşı, bu gün bizə Vətən qarşısında məsuliyyətimizi, azadlığın və sülhün dəyərini xatırladır.
8 Noyabr Zəfəri Azərbaycanın beynəlxalq mövqeyinə, milli özünəinamına və gələcəyə baxışına mühüm təsir göstərdi. Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların məskunlaşması ölkəmizin qarşısında yeni imkanlar açır. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi yalnız iqtisadi inkişaf deyil, həm də tarixi ədalətin bərpası və milli yaddaşın yenilənməsi deməkdir. Zəfər Gününün mənası təkcə keçmişdə qazanılmış Qələbəni xatırlamaqla məhdudlaşmır. Bu tarix gələcək nəsillərə Vətəni sevməyi, milli dəyərləri qorumağı, birlik və həmrəylik içində yaşamağı aşılayır. Gənclər üçün Zəfər salnaməsi böyük bir örnəkdir: məqsədə inamla, məsuliyyətlə və birlikdə addımlamaq xalqı uğura aparır.
8 Noyabr – Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı və milli qürurumuzun təntənəsidir. Bu gün xalqımızın qəhrəmanlığını, ordumuzun gücünü və birliyimizin əhəmiyyətini simvolizə edir. Zəfər tariximizə ehtiramla yanaşmaq, şəhidlərimizin xatirəsini yaşatmaq və ölkəmizin inkişafına töhfə vermək hər birimizin mənəvi borcudur. Qoy Zəfər Günümüz daim sülh, əmin-amanlıq və tərəqqi ilə yadda qalsın!
Fatimə Səfərova
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının fəalı,
Naxçıvan Dövlət Universitetinin tələbəsi