Dünyada günəş və külək enerjisi istehsalına yatırımlar artsa da, elektrik şəbəkələrinin mövcud imkanları bu inkişafın qarşısında ciddi maneəyə çevrilir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) rəhbəri xəbərdarlıq edib ki, 2026-cı ildə dünyada yeni təmiz enerji güclərinin artımı son beş ildə ilk dəfə zəifləyə bilər.
Reuters-in məlumatına görə, problemin əsas səbəbi elektrik enerjisinin istehsalı ilə onun ötürülməsi imkanları arasında yaranan uyğunsuzluqdur. IRENA-nın baş direktoru Françesko La Kamera bildirib ki, bir çox ölkədə günəş və külək elektrik stansiyalarının sayı sürətlə artır, lakin istehsal olunan enerjini istehlakçılara çatdırmaq üçün ötürücü şəbəkələr eyni sürətlə inkişaf etmir.
Problemin miqyası xüsusilə Çində özünü göstərir. Dünyanın ən böyük bərpaolunan enerji istehsalçısı olan bu ölkədə 2026-cı ilin ilk yarısında şəbəkələrin ötürmə imkanlarının məhdudluğu səbəbindən istifadə olunmayan təmiz enerji həcminin Meksikanın birillik elektrik tələbatına bərabər olduğu bildirilir.
Global Energy Monitor və CREA təşkilatlarının araşdırmasına əsasən, Çində 2026-cı ilin ilk altı ayında 360 teravatt-saat külək və günəş enerjisi şəbəkəyə ötürülməyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz çoxdur. Mütəxəssislər hesab edirlər ki, problemin həlli üçün yalnız yeni elektrik stansiyalarının tikilməsi kifayət deyil. Ötürücü xətlərin genişləndirilməsi, enerji saxlama batareyalarının qurulması və elektrik şəbəkələrinin modernləşdirilməsi də vacibdir.
Beynəlxalq Enerji Agentliyinin 2026-cı il hesabatında da bu problem xüsusi vurğulanır. Hesablamalara görə, dünyada bərpaolunan enerji, enerji saxlama və iri istehlak layihələri üzrə 2500 giqavatdan çox güc elektrik şəbəkələrinə qoşulmaq üçün növbədə gözləyir.
Lalə Mehralı
ABŞ və Avropanın əsas vəzifəsi alternativ təchizat zəncirlərini yaratmaqdır...
Ukrayna PUA zərbələri Rusiya ixracını aşağı saldı...