PDF Oxu

Siyasət

  • 600

8 Noyabr – Tarixi ədalətin, suverenliyin və milli bütövlüyün təntənəsi - ŞƏRH

8 Noyabr – Tarixi ədalətin, suverenliyin və milli bütövlüyün təntənəsi - ŞƏRH

Azərbaycan Respublikasının müasir dövlətçilik salnaməsinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr – Zəfər Günü milli dövlətçilik tariximizin ən uca zirvəsi, xalqımızın sarsılmaz birliyinin və hərbi-strateji qüdrətinin təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə təsbit edilən bu tarixi gün, otuz ilə yaxın davam edən torpaq işğalına son qoyulmasının, beynəlxalq hüququn və tarixi ədalətin bərpa edilməsinin rəsmi rəmzidir. 2020-ci ilin payızında cəmi 44 gün davam edən Vətən müharibəsində əldə olunan tarixi zəfər, yalnız ərazi bütövlüyümüzün təmin olunması ilə bitməmiş, həm də Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsini köklü şəkildə dəyişdirərək sülh və təhlükəsizliyin yeni dayaqlarını formalaşdırmışdır.
44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi sahədə əldə etdiyi misilsiz nailiyyətlərin və müasir ordu quruculuğu siyasətinin parlaq nəticəsi olmuşdur. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Dəmir Yumruq" hərbi əməliyyatı dünya hərb elmində XXI əsrin döyüş taktikası kimi qiymətləndirilir. Ən müasir texnologiyaların tətbiqi, yüksək dəqiqlikli silahların istifadəsi və şəxsi heyətin göstərdiyi yüksək peşəkarlıq, mənəvi-psixoloji üstünlüklə birləşərək düşmənin uzun illər ərzində qurduğu möhkəm müdafiə xətlərini qısa müddətdə yarmağa imkan vermişdir. Noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi ilə müharibənin hərbi mərhələsi praktiki olaraq başa çatmış və qarşı tərəf kapitulyasiya aktına imza atmağa məcbur edilmişdir.
Zəfər Gününün mahiyyəti müasir Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi müstəqilliyinin sarsılmazlığından irəli gəlir. İllər boyu həyata keçirilən məqsədyönlü xarici və daxili siyasət, milli iqtisadiyyatın gücləndirilməsi, beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinin təbliği və müdafiə sənayesinin inkişafı 8 Noyabr Zəfərinin hüquqi, siyasi və material bünövrəsini təşkil etmişdir. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini öz gücü ilə icra edən Azərbaycan, beynəlxalq müstəvidə öz sözünü deməyə qadir olan, suverenliyini tam təmin etmiş müstəqil aktora çevrildiyini bütöv dünyaya sübut etmişdir. Bu zəfər eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyini nümayiş etdirərək milli ideologiyamızın ən böyük birləşdirici amili rolunu oynamışdır.
Tarixi zəfərdən keçən dövr ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş bərpa və yenidənqurma işlərinə start vermişdir. "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində viran qalmış şəhər və kəndlərin yenidən qurulması, "yaşıl enerji" zonalarının salınması, müasir hava limanlarının, avtomobil və dəmir yollarının istifadəyə verilməsi regiona yeni həyat gətirmişdir. Qarabağ və Şərqi Zəngəzurun sürətli dirçəlişi, soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına qaytarılması dövlətin maliyyə və təşkilati qüdrətinin növbəti nümayışidir. Bu genişmiqyaslı quruculuq işləri regional inteqrasiyanı və iqtisadi əməkdaşlığı stimullaşdıran mühüm amilə çevrilmişdir.
Yekun olaraq, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının şanlı qəhrəmanlıq bayramı olmaqla yanaşı, dövlətimizin parlaq gələcəyinin, sarsılmaz milli birliyinin və regional liderliyinin rəsmi təsdiqidir. Şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı hesabına qazanılmış bu böyük qələbə gələcək nəsillər üçün qürur mənbəyi və əbədi mirasdır. Müasir Azərbaycan 8 Noyabr Zəfərindən aldığı güclə regional sülhün, sabitliyin və tərəqqinin əsas təminatçısı kimi inamla addımlamaqda davam edir.

Yusif Abbasov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər