Qarabağ Zəfəri bir günün, bir ayın və ya bir ilin nəticəsi deyil. O, onilliklər boyu davam edən iradənin, səbrin, gərgin əməyin və uzaqgörən siyasətin məntiqi yekunudur. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Bu yol çətin, keşməkeşli və uzun idi, lakin məqsəd həmişə aydın idi: Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altındakı torpaqlarımızın azad edilməsi.
1990-cı illərin əvvəllərində Azərbaycan çox ağır vəziyyətdə idi. Daxili qarşıdurmalar, iqtisadi böhran və hakimiyyət boşluğu fonunda Ermənistan torpaqlarımızın təxminən iyirmi faizini işğal etdi. Şuşa 1992-ci il mayın 8-də işğal olundu. Belə bir şəraitdə, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövləti xaos və vətəndaş qarşıdurması təhlükəsindən xilas etdi. 1994-cü ildə əldə olunan atəşkəs ölkəyə nəfəs almaq, ordu quruculuğuna başlamaq və dövlətçiliyi möhkəmləndirmək imkanı verdi.
Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası Qələbənin iqtisadi təməlini qoydu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin əsas sütunlarından birinə çevrildi. Bu siyasət sayəsində ölkəyə böyük həcmdə investisiyalar cəlb olundu, regional enerji və nəqliyyat layihələri reallaşdı. Güclü iqtisadiyyat isə güclü ordunun yaradılması üçün zəruri şərt idi. Ulu Öndər hər zaman bildirirdi ki, Qarabağ problemi mütləq həll olunacaq və Azərbaycan torpaqları azad ediləcək. Onun Şuşaya xüsusi məhəbbəti də məlumdur: hələ 1982-ci ildə o, Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmiş, şəhərin mədəni həyatının canlanmasına böyük diqqət göstərmişdi.
2003-cü ildən Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdi və yeni mərhələyə qaldırdı. İqtisadi islahatlar, infrastruktur layihələri və sosial siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi. Ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətinə çevrildi: Silahlı Qüvvələr müasir silah və texnika ilə təchiz olundu, hərbi hazırlıq yeni səviyyəyə yüksəldi. Eyni zamanda, Azərbaycan diplomatiyası haqq işimizi beynəlxalq arenada qətiyyətlə müdafiə etdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edirdi ki, bütün bəyanatlara rəğmən münaqişənin hərbi həll yolu da mövcuddur.
Qələbəyə aparan yolda mühüm mərhələlər oldu. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi və işğalçının “məğlubedilməzlik” mifini sarsıtdı. 2018-ci ildə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı strateji yüksəkliklərin nəzarətə götürülməsi ilə nəticələndi. 2020-ci ilin iyulunda Tovuz döyüşlərində düşmənin təxribatının qarşısı qətiyyətlə alındı. Bütün bunlar xalqın ordusuna, ordunun isə Ali Baş Komandanına olan inamını daha da möhkəmləndirdi.
2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Beləliklə, 44 günlük Vətən müharibəsi başladı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və yüzlərlə kənd bir-birinin ardınca işğaldan azad edildi. Müharibə boyu Azərbaycan Ordusu müasir texnologiyalardan, xüsusən pilotsuz uçuş aparatlarından yüksək məharətlə istifadə etdi, dünyanın hərb mütəxəssislərini heyrətləndirdi. Ali Baş Komandanın xalqa müraciətləri hər bir azərbaycanlıya Qələbəyə inam aşılayırdı, “Dəmir yumruq” ifadəsi isə qətiyyətin rəmzinə çevrildi.
Qarabağ Zəfərinin zirvəsi Şuşa əməliyyatı oldu. Sıldırım qayalar üzərində yerləşən, alınmaz qala kimi tanınan şəhəri azad etmək üçün xüsusi təyinatlılarımız sıx meşələrdən və dağ cığırlarından keçərək, ağır texnikadan istifadə etmədən irəlilədilər. Bu əməliyyat dünya hərb tarixində yüksək dağlıq ərazidə aparılmış ən uğurlu əməliyyatlardan biri kimi öyrənilir. 2020-ci il noyabrın 8-də Şuşa azad edildi və Müzəffər Ali Baş Komandan bu barədə xalqa müraciətində dedi: “Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox.”
Prezident İlham Əliyevin həmin gün söylədiyi digər sözlər də dərin məna daşıyır: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.” Bu sözlər Qarabağ Zəfərinə aparan yolun iki mərhələsini – Ulu Öndərin qoyduğu təməli və Müzəffər Ali Baş Komandanın bu təməl üzərində ucaltdığı Qələbəni bir-birinə bağlayır.
Şuşanın azadlığı ilə müharibənin taleyi həll olundu və noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistan qalan rayonları qaytarmağa məcbur oldu. Bəziləri düşünürdü ki, Azərbaycan bu Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Lakin 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri bir sutkadan az müddətdə başa çatdı və Azərbaycan suverenliyini bütün ərazilərində tam bərpa etdi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə Dövlət bayrağını ucaltdı.
Qələbəyə aparan yolda xalqımızın mənəvi birliyi də həlledici amil oldu. Müharibə günlərində bütün Azərbaycan vahid yumruq kimi birləşdi: cəbhəyə könüllü getmək istəyənlərin sayı on minləri ötdü, xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün səfərbər oldular. Bu birlik ordumuza böyük güc verdi və Qələbəni yaxınlaşdırdı.
Beləliklə, Qarabağ Zəfərinə aparan yol – Ulu Öndərin müəyyən etdiyi strategiyanın, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin, qəhrəman ordumuzun şücaətinin və xalqımızın birliyinin yoludur. Bu yolun ən parlaq səhifəsi isə əbədi olaraq Şuşa Zəfəri olaraq qalacaq.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini