PDF Oxu

Siyasət

  • 665

Zəfər Günü – milli iradəmizin və dövlətçilik əzmimizin təntənəsi - ŞƏRH

Zəfər Günü – milli iradəmizin və dövlətçilik əzmimizin təntənəsi - ŞƏRH

8 Noyabr Azərbaycan xalqının müasir tarixində özünəməxsus yeri və əhəmiyyəti olan, milli qürur və iftixar hissi ilə qeyd edilən möhtəşəm bir gündür. Bu tarix yalnız hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı azadlıq, müstəqillik və dövlətçilik ideallarının gerçəkləşdiyi tarixi mərhələdir. Zəfər Günü xalqımızın iradəsinin sarsılmazlığını, milli birliyinin gücünü və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın qazandığı tarixi Qələbənin təməlində uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordu quruculuğu və milli maraqların qətiyyətlə müdafiəsi dayanırdı. Bu uğur təsadüfi hadisə deyil, düşünülmüş strategiyanın, ardıcıl fəaliyyətin və siyasi iradənin məntiqi nəticəsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə öz potensialını gücləndirərək tarixi hədəfinə doğru inamla irəlilədi.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixə öz möhürünü vurduğu, milli həmrəyliyin ən yüksək səviyyədə təzahür etdiyi dövr oldu. Müharibənin ilk günlərindən etibarən cəmiyyətin bütün təbəqələrinin nümayiş etdirdiyi birlik, həmrəylik və qətiyyət Qələbəyə aparan mühüm amillərdən birinə çevrildi. Cəbhədə döyüşən Azərbaycan əsgəri ilə arxa cəbhədə öz dəstəyini göstərən hər bir vətəndaş eyni amal ətrafında birləşmişdi. Bu amal torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin olunması idi.
Zəfərin əldə edilməsində Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti və yüksək vətənpərvərlik ruhu xüsusi rol oynadı. Əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq xalqımızın hərbi tarixində yeni bir səhifə açdı. Onlar yalnız torpaqlarımızı azad etmədilər, eyni zamanda Azərbaycan xalqının özünəinamını, milli qürurunu və gələcəyə olan inamını daha da möhkəmləndirdilər. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və müharibə iştirakçılarının xidmətləri bu Qələbənin mənəvi əsasını təşkil edir.
Şuşanın azad edilməsi isə Zəfər tariximizin ən parlaq səhifələrindən biridir. Azərbaycanın mədəniyyət paytaxtı olan bu şəhərin azadlığı hərbi baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, milli-mənəvi dəyərlərimizin bərpası baxımından da xüsusi məna kəsb edirdi. Şuşa Azərbaycan xalqının tarixi yaddaşı, mədəniyyətinin beşiyi və milli kimliyinin ayrılmaz parçasıdır. Məhz buna görə Şuşanın azad olunması xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. Bu hadisə göstərdi ki, Azərbaycan öz tarixi və mədəni irsinə sahib çıxmaq əzmindədir.
Zəfər Gününün əhəmiyyəti təkcə keçmişdə qazanılmış Qələbə ilə məhdudlaşmır. Bu tarixi hadisə müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərinə də yeni imkanlar açdı. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü, iqtisadi imkanlarını və uzunmüddətli inkişaf strategiyasını nümayiş etdirir. Yeni yolların, tunellərin, hava limanlarının, yaşayış məntəqələrinin və sosial infrastruktur obyektlərinin inşası Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Bu gün Azərbaycan yalnız qazandığı Qələbə ilə deyil, həm də müharibədən sonrakı dövrdə nümayiş etdirdiyi quruculuq və inkişaf iradəsi ilə seçilir. Ölkəmizin regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına yönəlmiş təşəbbüsləri Azərbaycanın məsuliyyətli dövlət mövqeyini ortaya qoyur. Davamlı sülhün əldə edilməsi, münasibətlərin normallaşdırılması və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi ölkəmizin strateji maraqlarına uyğundur.
8 Noyabr Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Bu tarix bizə bir daha sübut etdi ki, milli məqsəd ətrafında birləşən, öz dövlətinə güvənən və gələcəyinə inanan xalq ən çətin sınaqlardan belə qalib çıxa bilər. Zəfər Günümüz müstəqil Azərbaycanın gücünün, xalqımızın birliyinin və dövlətçilik əzmimizin əbədi rəmzidir.

Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər