PDF Oxu

Siyasət

  • 429

8 Noyabr – Şuşa Günü: Tarixi Zəfərin və milli qürurumuzun təntənəsi - ŞƏRH

8 Noyabr – Şuşa Günü: Tarixi Zəfərin və milli qürurumuzun təntənəsi - ŞƏRH

Şuşa şəhəri qədim dövrlərdən etibarən Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan şəhərlərdən biri kimi tanınıb. 8 Noyabr – Şuşa Günü bu gün xalqımızın milli qürurunun, vətənpərvərlik ruhunun və tarixi nailiyyətlərinin təcəssümünə çevrilib. Bu əlamətdar tarix bir tərəfdən 2020-ci ildə qazanılan möhtəşəm Zəfəri xatırladır, digər tərəfdən isə uzun illər Azərbaycan mədəniyyətinin mərkəzi olmuş Şuşanın yenidən azadlığa qovuşmasının rəmzi kimi böyük məna daşıyır.

Şuşa Azərbaycanın tarixi yaddaşında, milli-mənəvi dünyasında və mədəni irsində özünəməxsus yeri olan qədim şəhərdir. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa zaman keçdikcə Qarabağın əsas idarəçilik, ticarət və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Özünəməxsus memarlığı və zəngin tarixi ilə seçilən bu şəhər Qafqazın ən gözəl yaşayış məskənlərindən biri kimi şöhrət qazanmışdır. Şuşa həm də Azərbaycan musiqisinin, ədəbiyyatının və incəsənətinin inkişafına böyük töhfələr verən sənət ocağıdır. Bu torpaqda yetişən Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmov və Rəşid Behbudov kimi görkəmli şəxsiyyətlər öz yaradıcılıqları ilə Azərbaycan mədəniyyətini zənginləşdirmiş, ölkəmizin adını beynəlxalq miqyasda tanıtmışlar.
Qarabağın incisi və tacı adlandırılan Şuşa əsrlər boyu milli musiqimizin, muğam sənətimizin, poeziyamızın və ədəbiyyatımızın inkişafında mühüm rol oynayıb. Şəhərin mədəni həyatında xüsusi yer tutan Molla Pənah Vaqifin yaradıcılığı, Xurşidbanu Natəvanın ədəbi fəaliyyəti, Üzeyir Hacıbəylinin musiqi irsi və Bülbülün sənət yolu Şuşanın Azərbaycan mədəniyyətindəki əvəzsiz mövqeyini müəyyənləşdirib. Burada formalaşan musiqi mühiti, xanəndəlik ənənələri və sənət məktəbləri nəsildən-nəslə ötürülərək milli mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Məhz buna görə də Şuşanın azad edilməsi yalnız torpaqlarımızın geri qaytarılması deyil, həm də xalqımızın tarixi və mədəni irsinə sahib çıxmasının mühüm təzahürü idi.
Uzun illər davam edən işğal dövründə Şuşa şəhəri böyük dağıntılara və mədəni irsimizə qarşı yönəlmiş vandalizmə məruz qalmışdır. Tarixi abidələr, məscidlər, muzeylər və mədəniyyət ocaqları zərər görmüş, şəhərin tarixi görkəminə ciddi xələl gətirilmişdir. Buna baxmayaraq, Azərbaycan xalqı Şuşaya olan bağlılığını heç vaxt itirməmiş, bu qədim şəhərin yenidən azadlığa qovuşacağına inamını qoruyub saxlamışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Döyüş meydanında nümayiş etdirilən qəhrəmanlıq, xalqımızın birliyi və ordumuzun yüksək döyüş hazırlığı nəticəsində tarixi torpaqlarımızın böyük hissəsi azad edildi. Bu mübarizənin ən mühüm hadisələrindən biri isə noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması oldu.
Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri hesab olunur. Dağlıq ərazi, sərt relyef və mürəkkəb döyüş şəraiti Azərbaycan Ordusunun qarşısında ciddi çətinliklər yaratsa da, hərbçilərimizin göstərdiyi misilsiz igidlik və peşəkarlıq nəticəsində şəhər azad edildi. Bu qələbə hərbi baxımdan böyük strateji əhəmiyyət daşımaqla yanaşı, düşmənin müqavimət imkanlarını da ciddi şəkildə zəiflətdi. Noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad edilməsi barədə xalqa müraciəti Azərbaycanın müasir tarixinin ən unudulmaz anlarından birinə çevrildi.
Şuşanın azad olunması Azərbaycan xalqının uzun illər qəlbində yaşatdığı arzusunun gerçəkləşməsi idi. Həmin gün ölkəmizin hər yerində böyük sevinc, qürur və fərəh hissi yaşandı. İnsanlar küçələrə çıxaraq tarixi qələbəni qeyd etdilər. Bu hadisə bir daha sübut etdi ki, xalqın birliyi, dövlətin qətiyyəti və ordunun gücü qarşıya qoyulan ən mürəkkəb məqsədlərin belə reallaşdırılmasına imkan yaradır. Şuşanın azadlığı həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələlərdən biri kimi tarixə düşdü.
Şəhərin azad edilməsindən sonra Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. İlk növbədə tarixi-mədəni irsin qorunması, şəhərin infrastrukturunun yenilənməsi, yolların, yaşayış və ictimai obyektlərin bərpası istiqamətində mühüm layihələr həyata keçirilməyə başlandı. Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Vaqifin məqbərəsi və digər tarixi məkanların bərpasına xüsusi diqqət yetirildi. Bütün bunlar dövlətimizin milli-mədəni irsimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına verdiyi önəmin bariz nümunəsidir.
2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixi statusunun yenidən təsdiqlənməsi baxımından mühüm hadisə oldu. Həmin il Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi, Vaqif Poeziya Günlərinin bərpası şəhərin əvvəlki mədəni həyatına qayıdışının rəmzinə çevrildi. Bu tədbirlər Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə regionun mühüm mədəniyyət mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirdi.
Bu gün Şuşada həyata keçirilən quruculuq işləri, yeni infrastruktur layihələri və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Şəhərin müasir standartlara uyğun yenidən qurulması ilə yanaşı, onun tarixi memarlıq üslubunun və milli simasının qorunması da əsas prioritetlərdəndir. Şuşanın dirçəlişi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi böyük bərpa strategiyasının mühüm tərkib hissəsidir.
8 Noyabr – Şuşa Günü xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı tarixdir. Bu gün bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və Azərbaycan Ordusunun misilsiz şücaətini xatırladır. Şuşanın azadlığı təkcə hərbi qələbə deyil, həm də milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir.
Şuşa bu gün azad Azərbaycanın quruculuq və inkişaf yolunda inamla irəliləməsinin, milli-mənəvi dəyərlərinə sadiqliyinin və gələcəyə olan ümidlərinin rəmzidir. Bu qədim şəhər bundan sonra da Azərbaycan xalqının qürur mənbəyi, mədəniyyətimizin beşiyi və dövlətimizin gücünün təcəssümü kimi yaşayacaqdır. 8 Noyabr tarixi isə xalqımızın birliyini, əzmini və Zəfər salnaməsini gələcək nəsillərə çatdıran əbədi bir bayram olaraq qalacaqdır.

İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər