PDF Oxu

Siyasət

  • 599

Üçrəngli bayrağımız–xalqımızın azadlıq və istiqlal məfkurəsinin təcəssümü - ŞƏRH

Üçrəngli bayrağımız–xalqımızın azadlıq və istiqlal məfkurəsinin təcəssümü - ŞƏRH

Hər bir xalqın milli kimliyini, tarixi keçmişini, mənəvi dəyərlərini və dövlətçilik ənənələrini özündə əks etdirən müqəddəs rəmzləri vardır. Azərbaycan xalqı üçün bu müqəddəs rəmzlərdən biri də üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərin və ay-ulduzun vəhdətindən yaranan bayrağımız xalqımızın azadlıq arzularının, milli birliyinin, müstəqillik iradəsinin və dövlətçilik qürurunun parlaq ifadəsidir.
Hər il noyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar tarix xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığını, müstəqil dövlətçilik ənənələrinə sədaqətini və Vətənə olan sonsuz sevgisini nümayiş etdirir.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu tarixi hadisə xalqımızın milli dövlətçilik düşüncəsinin və istiqlal mübarizəsinin mühüm nailiyyətlərindən biri olmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlətçilik rəmzi kimi öz layiqli yerini tutmuşdur. Bu prosesdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd edilməlidir. 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilmiş, onun Azərbaycan SSR-in dövlət rəmzi kimi tanınması məsələsi qaldırılmışdır. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlmiş, dövlət rəmzlərimizə hörmət və ehtiram cəmiyyətimizdə daha da möhkəmlənmişdir.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu qərar dövlət rəmzlərimizə ehtiramın yüksəldilməsi, milli vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması və burada dünyanın ən böyük bayraqlarından birinin ucaldılması da dövlətimizin milli rəmzlərimizə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan bayrağının şərəfini və əzəmətini daha da yüksəltdi. Xüsusilə Şuşanın azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağ torpaqlarında dalğalanması xalqımızın yaddaşına əbədi həkk olundu. Bu gün Xankəndidə, Şuşada, Laçında, Füzulidə, Zəngilanda, Cəbrayılda və digər azad edilmiş ərazilərimizdə dalğalanan Dövlət Bayrağımız tarixi ədalətin bərpasının və milli qürurumuzun rəmzidir. Bu bayraq uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır. Onların bizə əmanət etdiyi müstəqil dövlətimizi qorumaq, bayrağımızı daim yüksəklərdə dalğalandırmaq hər birimizin vətəndaşlıq borcudur.
Dövlət Bayrağı Günü yalnız tarixi bir hadisənin qeyd olunması deyil, həm də gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında tərbiyə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hər bir gənc üçrəngli bayrağımızın tarixini, onun ifadə etdiyi mənəvi dəyərləri və müstəqilliyimizin hansı çətinliklər hesabına əldə olunduğunu dərindən bilməlidir.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün qürur, iftixar və milli həmrəylik günüdür. Bu bayraq bizim tariximizdir, bu günümüzdür, gələcəyimizdir. O, müstəqilliyimizin əbədi, dövlətçiliyimizin sarsılmaz, xalqımızın isə yenilməz olduğunun ifadəsidir.
Bu gün Azərbaycan öz inkişaf yolunda inamla irəliləyir. Dövlətimizin gücü, xalqımızın birliyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət üçrəngli bayrağımızın beynəlxalq aləmdə daha böyük qürurla dalğalanmasına zəmin yaradır. Bayrağımız ucaldıqca Vətənimiz ucalır, dövlətimiz güclənir, xalqımızın qüruru daha da artır. Üçrəngli bayrağımız hər zaman başımızın üzərində dalğalansın!

Yaşasın müstəqil Azərbaycan! Yaşasın üçrəngli Dövlət Bayrağımız!

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər