PDF Oxu

Siyasət

  • 423

Tarixi ənənələrin yaşadığı ünvan - ŞƏRH

Tarixi ənənələrin yaşadığı ünvan - ŞƏRH

Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri və mədəni irsi haqqında danışarkən Şuşanın adını xüsusi ehtiramla çəkməmək mümkün deyil. Əsrlər boyu Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayan bu şəhər xalqımızın tarixi yaddaşında özünəməxsus yerə sahibdir. Qarabağın incisi hesab edilən Şuşa yalnız coğrafi məkan deyil, həm də milli ruhun, mənəvi bağlılığın və tarixi ənənələrin yaşadığı ünvandır. Onun azadlığı uzun illər xalqımızın ən böyük arzularından biri olub və 2020-ci il noyabrın 8-də bu arzu möhtəşəm Zəfərlə gerçəkləşib.

Şuşanın azad edilməsi Azərbaycanın hərbi tarixində xüsusi əhəmiyyət daşıyan hadisədir. Vətən müharibəsi zamanı həyata keçirilən bu əməliyyat yüksək peşəkarlıq, çevik taktika və böyük qəhrəmanlıq tələb edirdi. Azərbaycan hərbçiləri mürəkkəb təbii şəraitdə, düşmənin ciddi müdafiə olunduğu ərazilərdə irəliləyərək şəhərin azadlığına nail oldular. Bu qələbə ordumuzun döyüş qabiliyyətinin, əsgərlərimizin mənəvi gücünün və Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi strategiyanın uğurunu təsdiqlədi.

Şuşanın azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ tamamlandı. Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözləri həmin günün tarixi mahiyyətini və xalqımızın yaşadığı duyğuları özündə ifadə etdi. Bu müraciət illərlə davam edən həsrətin, doğma torpaqlara qayıtmaq arzusunun və tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Noyabrın 8-də əldə olunan bu qələbə sonradan Zəfər Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladı.

Şuşanın Azərbaycan üçün əhəmiyyəti onun tarixi və hərbi mövqeyindən daha geniş məna daşıyır. Şəhər milli musiqimizin, poeziyamızın, teatr sənətimizin və xalq yaradıcılığının inkişaf etdiyi mühüm mərkəzlərdən biri olub. Şuşanın yetişdirdiyi böyük sənətkarlar Azərbaycanın adını dünyaya tanıdıb, milli mədəniyyətimizin zənginləşməsinə töhfə veriblər. Üzeyir Hacıbəyli və Bülbülün musiqi irsi, Natəvanın poeziyası, Xan Şuşinskinin ifaçılıq sənəti bu şəhərin mənəvi zənginliyini nümayiş etdirən dəyərli nümunələrdir. Şuşanın azadlığı ilə bu irsin qorunması və gələcək nəsillərə çatdırılması üçün yeni imkanlar yaranıb.

Zəfərdən sonra şəhərin bərpası və yenidən qurulması istiqamətində mühüm işlər görülür. Şuşada tarixi binaların, dini abidələrin və mədəniyyət müəssisələrinin bərpası ilə yanaşı, şəhərin müasir tələblərə uyğun inkişafı üçün geniş layihələr həyata keçirilir. Dövlət proqramları və şəhərin Baş planı əsasında infrastrukturun yenilənməsi, yaşayış sahələrinin yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi və turizm potensialının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bütün bu təşəbbüslər Şuşanın özünəməxsus simasını qoruyaraq gələcəyə doğru inkişafını təmin etməyə yönəlib.

Şuşanın yenidən Azərbaycanın mədəni həyatının mərkəzinə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günlərinin şəhərdə keçirilməsi onun qədim sənət ənənələrinin bərpasına, milli mədəniyyətimizin təbliğinə və beynəlxalq əlaqələrin genişlənməsinə xidmət edir. Şuşanın 2022-ci ildə “Şuşa İli” elan edilməsi, 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi və 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması şəhərin artan nüfuzunu və geniş inkişaf perspektivlərini göstərir.

Şuşanın həyatına yeni nəfəs gətirən əsas amillərdən biri doğma yurda qayıdış prosesidir. 2026-cı il oktyabrın 23-dək Şuşa şəhərinə 377 ailə, yəni 1 411 nəfər, Böyük Qaladərəsi kəndinə 17 ailə və 78 nəfər, Kiçik Qaladərəsi kəndinə isə 26 ailə və 90 nəfər köçürülüb. Ümumilikdə, 420 ailənin 1 579 üzvünün doğma torpaqlarında məskunlaşması şəhərin sosial həyatının bərpasında mühüm mərhələdir. Hər yeni ailənin qayıdışı Şuşanın yalnız yenidən qurulmadığını, həm də öz sakinləri ilə əvvəlki canlılığına qovuşduğunu göstərir.

Bu gün Şuşa Azərbaycanın gələcəyə baxışını, quruculuq siyasətini və milli inkişaf strategiyasını əks etdirən mühüm məkandır. Şəhərdə aparılan bərpa işləri, tarixi-mədəni irsin qorunması və yaşayış şəraitinin yaxşılaşdırılması işğaldan azad olunmuş ərazilərin kompleks inkişafının tərkib hissəsidir. Şuşanın dirçəlişi həm də Azərbaycanın öz tarixi köklərinə bağlılığının, milli dəyərlərə sadiqliyinin və gələcək nəsillər qarşısında məsuliyyətinin ifadəsidir.

8 Noyabr – Şuşa şəhəri günü xalqımız üçün sadəcə təqvimdə qeyd olunan tarix deyil. Bu gün azadlığın, tarixi ədalətin, milli iradənin və Vətən sevgisinin təntənəsidir. Şuşanın azadlığı Azərbaycanın gücünü və birliyini dünyaya nümayiş etdirdi. Bu müqəddəs şəhərin inkişafı, qorunması və daha da gözəlləşməsi hər birimizin milli qürur mənbəyi olaraq qalır.

Zərnişan Əliyeva

YAP Babək rayon təşkilatının fəal üzvü

Digər xəbərlər