Hər bir xalqın tarixində onun gələcək nəsillərə qürurla ötürəcəyi, milli kimliyini və mənəvi gücünü ifadə edən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü bu baxımdan xüsusi məna daşıyır. Bu tarix ölkəmizin uzun illər davam edən münaqişəyə son qoymaq, işğal altında olan torpaqlarını azad etmək və beynəlxalq hüquq normalarına əsaslanan haqqını təmin etmək uğrunda mübarizəsinin parlaq nəticəsidir. Zəfər Günü həm də Azərbaycanın sarsılmaz dövlətçilik iradəsinin, milli birliyinin və gələcəyə inamının simvoludur.
Azərbaycanın bu böyük uğuru təsadüfi deyil, uzunmüddətli strateji hazırlığın və güclü siyasi iradənin məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iqtisadi inkişafın təmin edilməsi, müdafiə sənayesinin formalaşdırılması, ordunun müasir standartlara uyğun yenidən qurulması və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bütün bu tədbirlər Azərbaycanın qarşısında duran tarixi vəzifənin həyata keçirilməsi üçün zəruri zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarını azad etmək əzmini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən döyüşlər Azərbaycan Ordusunun üstün hərbi hazırlığını, döyüş meydanında çevik qərarlar qəbul etmək qabiliyyətini və yüksək peşəkarlığını ortaya qoydu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşanın, eləcə də çoxsaylı yaşayış məntəqələrinin azad edilməsi müharibənin gedişində strateji üstünlüyün ölkəmizin tərəfinə keçməsini təmin etdi.
Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi həmrəylik xüsusi qeyd olunmalıdır. Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar, xaricdəki soydaşlarımız, gənclər və yaşlı nəslin nümayəndələri vahid amal ətrafında birləşərək dövlətimizin və ordumuzun yanında olduqlarını nümayiş etdirdilər. Bu birlik müharibənin mənəvi gücünü artırdı və “Dəmir yumruq” ifadəsi xalqımızın sarsılmaz iradəsini əks etdirən ümummilli rəmzə çevrildi.
8 Noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri oldu. Qarabağın incisi, musiqi və mədəniyyət beşiyi olan Şuşa xalqımızın milli yaddaşında xüsusi yer tutur. Bu şəhərin azadlığı təkcə hərbi baxımdan deyil, həm də mənəvi və siyasi cəhətdən böyük əhəmiyyətə malik idi. Azərbaycan hərbçilərinin çətin dağlıq şəraitdə həyata keçirdikləri əməliyyat onların yüksək döyüş məharətini və Vətənə bağlılığını nümayiş etdirdi.
Prezident İlham Əliyevin Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciəti hər bir azərbaycanlının qəlbində dərin iz buraxdı. Bu müraciət xalqımızın illərlə gözlədiyi müjdənin, milli qürurun və tarixi ədalətin təntənəsi idi. Şuşanın azad edilməsi nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalandı və hərbi qarşıdurmanın dayandırılması təmin edildi. Ardınca 8 Noyabrın Zəfər Günü elan olunması bu tarixin əhəmiyyətini dövlət səviyyəsində təsdiqlədi.
2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndi. Oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində konstitusiya quruluşunun və dövlət hakimiyyətinin təmin edilməsinin rəmzi oldu. Bununla da Azərbaycan xalqının uzun illər davam edən mübarizəsi yeni tarixi mərhələyə qədəm qoydu.
Hazırda azad edilmiş ərazilərdə aparılan bərpa işləri, iqtisadi layihələr, müasir infrastrukturun yaradılması və Böyük Qayıdış prosesi ölkəmizin gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm hissəsidir. Bu torpaqlarda həyatın yenidən canlanması, insanların doğma yurdlarına qayıtması Zəfərin real nəticələrini əks etdirir.
8 Noyabrın mənası həm də şəhidlərimizin əbədi xatirəsində, qazilərimizin şərəfli xidmətində və gələcək nəsillərə ötürülən milli birlik dərsində yaşayır. Zəfər Günü Azərbaycanın müstəqilliyinin, gücünün və milli iradəsinin əbədi təntənəsi olaraq tariximizdə daim yaşayacaqdır.
Gülnarə Kərimova
YAP Babək rayon təşkilatının fəal üzvü