PDF Oxu

Siyasət

  • 354

8 Noyabr – Şuşanın azadlığı ilə yazılan Zəfər tariximiz - ŞƏRH

8 Noyabr – Şuşanın azadlığı ilə yazılan Zəfər tariximiz - ŞƏRH

Bəzən bir şəhərin azadlığı bütöv bir xalqın taleyini dəyişir, onun milli qürurunu, tarixi yaddaşını və gələcəyə inamını yenidən canlandırır. Şuşanın azad edilməsi məhz belə bir tarixi hadisədir. 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı təkcə Qarabağın tacına qovuşmadı, həm də uzun illər davam edən həsrətinə son qoyaraq tarixi ədaləti bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi misilsiz Şuşa əməliyyatı xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Bu gün 8 Noyabr – Şuşa Şəhəri Günü milli birliyimizin, dövlətimizin qüdrətinin və xalqımızın yenilməz iradəsinin təntənəsidir.

Azərbaycanın çoxəsrlik tarixində özünəməxsus yeri olan Şuşa sadəcə qədim şəhər deyil, xalqımızın milli-mənəvi dəyərlərinin, mədəni irsinin və dövlətçilik ənənələrinin yaşadığı müqəddəs məkandır. 1752-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən əsası qoyulan şəhər qısa müddətdə mühüm siyasi, hərbi və mədəniyyət mərkəzinə çevrilib. Əlverişli coğrafi mövqeyi, sıldırım qayaları və möhkəm qala divarları Şuşanı Qarabağın strateji dayaqlarından biri edib.

Ümummilli Lider Heydər Əliyevin Şuşanın tarixi-mədəni irsinin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər də xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin təşəbbüsü ilə 1977-ci ildə şəhərə tarix-memarlıq qoruğu statusunun verilməsi onun milli sərvət kimi mühafizəsinə mühüm töhfə oldu. Həmin dövrdə tarixi abidələrin qorunması, görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər Şuşanın mədəniyyət paytaxtı kimi mövqeyini daha da möhkəmləndirdi.

Lakin 1992-ci il mayın 8-də Şuşanın Ermənistan tərəfindən işğalı xalqımızın tarixinə ağır bir faciə kimi yazıldı. Bu hadisə yalnız torpaq itkisi deyil, həm də milli mədəniyyətimizə, tarixi irsimizə və mənəvi dəyərlərimizə qarşı törədilmiş böyük cinayət idi. İşğal illərində şəhərin tarixi abidələri dağıdıldı, mədəniyyət nümunələrimizə qarşı vandalizm aktları törədildi. Buna baxmayaraq, Azərbaycan xalqı Şuşaya qayıdacağına, onun üzərində üçrəngli bayrağımızın yenidən dalğalanacağına inamını heç vaxt itirmədi.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində mühüm uğurlar əldə edildi. Döyüş meydanında qazanılan hər bir qələbə bizi illərdir arzuladığımız böyük Zəfərə yaxınlaşdırırdı.

Bu tarixi mübarizənin ən mürəkkəb və həlledici mərhələsi isə Şuşa əməliyyatı oldu. Sıldırım qayaları, dərin dərələri, sıx meşələri və mürəkkəb relyefi ilə seçilən şəhər düşmən tərəfindən alınmaz qala hesab edilirdi. Lakin Azərbaycan əsgərinin Vətən sevgisi, döyüş ruhu və qəhrəmanlığı bütün maneələri aradan qaldırdı. Xüsusi təyinatlı qüvvələrimizin ağır texnikadan istifadə etmədən, çətin dağ yollarını və sıldırım qayaları aşaraq Şuşaya daxil olması dünya hərb tarixində diqqətçəkən əməliyyatlardan birinə çevrildi. Yaxın məsafəli və əlbəyaxa döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuruldu. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun peşəkarlığını, əsgər və zabitlərimizin yüksək döyüş əzmini və Vətən uğrunda hər cür çətinliyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad olunduğunu bəyan etdi. Dövlət başçısının «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!» sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Bu tarixi müraciət 28 illik həsrətin sona çatmasının, milli qürurumuzun bərpasının və tarixi ədalətin təntənəsinin müjdəsi idi.

Prezident İlham Əliyevin «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!» fikirləri həmin günün mənəvi mahiyyətini daha aydın ifadə edir. Şuşanın azad edilməsi xəbəri bütün ölkədə böyük sevinc və qürurla qarşılandı. İnsanlar küçələrə çıxaraq Azərbaycan bayraqlarını dalğalandırır, illərdir həsrətində olduqları müqəddəs şəhərin azadlığını bayram edirdilər.

Şuşa Zəfəri Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsinə çevrildi. Şəhərin azad edilməsindən cəmi iki gün sonra – noyabrın 10-da Ermənistan hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Beləliklə, Azərbaycan döyüş meydanında əldə etdiyi tarixi qələbəni siyasi müstəvidə də təsdiqlədi. Noyabrın 8-də Şuşada ucaldılan bayrağımız isə dövlət suverenliyimizin və milli iradəmizin rəmzinə çevrildi.

Şuşanın işğaldan azad edilməsi ilə başlayan yeni mərhələnin əsas məqsədi şəhərin tarixi simasını qorumaq, onun əvvəlki şöhrətini qaytarmaq və müasir inkişafını təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Şuşanın yenidən Azərbaycanın mədəniyyət və turizm mərkəzinə çevrilməsinə xidmət edir.

2021-ci il yanvarın 14-də dövlət başçısının Şuşaya səfəri zamanı Azərbaycan bayrağının ucaldılması şəhərin azadlıq tarixinin rəmzi hadisələrindən biri oldu. Həmin səfərdən sonra şəhərin infrastrukturunun yenidən qurulması, tarixi abidələrin bərpası və yaşayış mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Şuşaya aparan 101 kilometrlik Zəfər yolunun inşası isə bu quruculuq salnaməsinin ilk mühüm səhifələrindən biri oldu.

Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il «Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında» Qanunun qəbul edilməsi şəhərin qorunması, bərpası və inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi. 2022-ci ilin ölkəmizdə «Şuşa İli» elan olunması isə bu qədim şəhərin milli-mədəni həyatımızdakı əhəmiyyətini bir daha təsdiqlədi.

Bu gün Şuşada aparılan bərpa işləri şəhərin tarixi simasının qorunması prinsipi əsasında həyata keçirilir. Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi və heykəli bərpa edilərək yenidən xalqımızın istifadəsinə verilib. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin doğma şəhərə qaytarılması isə tarixi ədalətin bərpasının rəmzi ifadəsinə çevrilib. Yuxarı və Aşağı Gövhər ağa, Saatlı məscidlərində aparılan bərpa işləri, digər tarixi-memarlıq abidələrinin yenidən qurulması Şuşanın zəngin irsinin qorunmasına xidmət edir.

Şuşa, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasi və diplomatik həyatında mühüm yer tutur. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Şəhərdə beynəlxalq tədbirlərin, o cümlədən Qlobal Media Forumlarının keçirilməsi Şuşanı qlobal fikir mübadiləsi və dialoq məkanına çevirib.

Bu gün 8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaətinin əbədiləşdirilməsinə xidmət edir.

Şuşanın azad edilməsi bir daha sübut etdi ki, güclü dövlət, qüdrətli ordu, milli birlik və qətiyyətli siyasi iradə qarşıya qoyulan ən mürəkkəb hədəflərə çatmağın əsas təminatıdır. Bu Zəfər Azərbaycan xalqının öz tarixinə, milli-mənəvi dəyərlərinə və torpaqlarına bağlılığının təntənəsi oldu. Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı isə heç vaxt unudulmayacaq.

Şuşa bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. Pənahəli xanın təməlini qoyduğu, Ümummilli Lider Heydər Əliyevin qoruduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilərək yenidən qurulan bu müqəddəs şəhər milli kimliyimizin və dövlətçilik iradəmizin əbədi rəmzi olaraq yaşayacaq.

8 Noyabr – Şuşa Şəhəri Günü tariximizin qəhrəmanlıq salnaməsinə yazılmış şanlı Zəfərin, milli birliyimizin və sarsılmaz dövlətçiliyimizin təntənəsidir. Şuşanın azadlığı ilə Azərbaycan xalqı yalnız doğma şəhərinə deyil, həm də öz tarixi qüruruna, milli bütövlüyünə qovuşdu.

Əziz Şuşa, sən azadsan! Sən Azərbaycanınsan və əbədi olaraq Azərbaycanın olacaqsan!

Pərviz Hüseynzadə

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər