"Azərbaycanın əldə etdiyi tarixi Zəfər təkcə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası demək deyildi. Bu tarixi Zəfər, eyni zamanda, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini yenidən müəyyənləşdirdi və rolunu artırdı".Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.Deputat qeyd edib ki, tarixi Qələbəmizi həm dövlətçilik baxımından, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı yeni status və rol baxımından qiymətləndirməliyik:"Hazırda beynəlxalq münasibətlər sistemi müəyyən mənada beynəlxalq hüquqla tənzimlənən sistemdir və ya ən azı belə bir sistem olmalıdır. Çox təəssüf ki, beynəlxalq hüquq uzun müddətdir lazımi səviyyədə işləmir. Ancaq Azərbaycan beynəlxalq hüququn həyata keçirilməsinin yeni nümunəsini yaratdı. Birləşmiş Millətlər Təşkilatının qətnamələrini yerinə yetirməklə, daha sonra insan hüquqlarının qorunması ilə bağlı müvafiq konvensiyaların tələblərinə əməl etməklə və beynəlxalq hüquqla tanınan insanın təməl hüquqlarından biri olan doğulduğu yerdə yaşamaq hüququnu bərpa etməklə buna nail oldu.Bütün bunlar sadəcə Azərbaycanın qələbəsi, beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun artması ilə məhdudlaşmadı. Eyni zamanda, müxtəlif xalqlarda pozulmuş hüquqlarının beynəlxalq hüquq çərçivəsində bərpası ilə bağlı ümid yaratdı. Kanadadan Yaxın Şərqə qədər dünyanın müxtəlif yerlərində hüquqları pozulmuş xalqlar Azərbaycanın yaratdığı reallığı böyük rəğbətlə qarşıladılar. Bu, həmin xalqlarda gələcəkdə məhz beynəlxalq hüquqa istinad edərək öz hüquqlarını bərpa edə biləcəklərinə dair ümid yaratdı.Ona görə də düşünürəm ki, tarixi Zəfərimiz, ilk növbədə, Azərbaycan xalqı və dövləti üçün son dərəcə mühüm tarixi hadisədir. Bununla yanaşı, beynəlxalq münasibətlər sistemində beynəlxalq hüququn tətbiqi baxımından yeni bir nümunədir".
Müəllif: Günel Fərzəliyeva