Tarix elə hadisələrlə zəngindir ki, onların əsl qiyməti yalnız zaman keçdikcə daha dərindən dərk olunur. Azərbaycan xalqının həyatında 8 Noyabr – Zəfər Günü belə unudulmaz hadisələrdən biridir. Bu gün Vətən uğrunda mübarizənin, milli qürurun, qəhrəmanlığın və fədakarlığın ən yüksək zirvəsini ifadə edir. Zəfər Günü xalqımızın illərlə arzuladığı ədalətin bərpa olunduğu, Azərbaycanın öz gücünə arxalanaraq tarixi missiyasını həyata keçirdiyi və milli iradənin qarşısında heç bir maneənin dayana bilmədiyi gün kimi yaddaşımıza həkk olunub.
Azərbaycanın qazandığı bu möhtəşəm qələbə xalqımızın birliyinin, dövlətimizin siyasi iradəsinin və ordumuzun döyüş qabiliyyətinin nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti ölkəmizin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artırdı. İqtisadi inkişaf, hərbi sahəyə ayrılan diqqət, müasir silah və texnologiyaların əldə olunması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi Azərbaycanın qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi üçün möhkəm zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarını azad etmək uğrunda mübarizəsinin yeni mərhələsi oldu. 44 gün ərzində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək düşmənin uzun illər ərzində qurduğu müdafiə sistemini darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşanın, eləcə də yüzlərlə yaşayış məntəqəsinin azad olunması ordumuzun hərbi üstünlüyünü və yüksək döyüş hazırlığını təsdiqlədi.
Bu müharibə yalnız döyüş meydanında aparılan mübarizə ilə məhdudlaşmadı. Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, milli məsələlər ətrafında birləşmək, dövlətin və ordunun yanında olmaq, ümumi məqsədə xidmət etmək bizim ən böyük gücümüzdür. Prezident İlham Əliyevin qətiyyətli çıxışları, beynəlxalq mediaya verdiyi müsahibələr və xalqımıza ünvanladığı müraciətlər ölkəmizin haqq mübarizəsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət etdi. “Dəmir yumruq” anlayışı məhz bu birlik və həmrəyliyin rəmzi kimi xalqımızın yaddaşında möhkəmləndi.
8 Noyabr tarixində Şuşanın azad edilməsi isə müharibənin ən şərəfli və həlledici anı oldu. Qarabağın tarixi şəhəri olan Şuşa Azərbaycanın milli-mədəni həyatında xüsusi yer tutur. Bu şəhərin azadlığı həm xalqımızın mənəvi qələbəsi, həm də hərbi əməliyyatların taleyini müəyyən edən strateji uğur idi. Azərbaycan əsgərlərinin Şuşa uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün örnək olacaq bir tarix yaratdı.
Prezident İlham Əliyevin Şuşanın azad olunmasını elan etdiyi müraciət xalqımızın qəlbində əbədi yaşayacaq. Bu tarixi qələbə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə müharibənin başa çatmasına gətirib çıxardı. Ardınca 8 Noyabrın Zəfər Günü elan edilməsi həmin günün milli yaddaşımızda xüsusi mövqeyini müəyyənləşdirdi.
Lakin Azərbaycanın mübarizəsi bununla bitmədi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərdə tam bərpa edildi. Xankəndidə Dövlət Bayrağının ucaldılması Azərbaycan tarixində yeni mərhələnin başlanmasını simvolizə etdi. Bu hadisə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin və dövlətçilik prinsiplərinin bütün ərazilərdə bərqərar olmasının təntənəsi idi.
Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq tədbirləri, Böyük Qayıdış proqramı və insanların doğma yurdlarına qayıtması qələbənin həyatımıza gətirdiyi dəyişiklikləri əyani şəkildə göstərir. Şəhidlərimizin canı və qanı bahasına əldə olunan bu nailiyyətin qorunması, dövlətimizin inkişafına töhfə vermək və milli həmrəyliyi möhkəmləndirmək hər birimizin məsuliyyətidir.
Zəfər Günü şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin şərəfli mübarizəsini və Azərbaycan xalqının yenilməz ruhunu özündə birləşdirir. 8 Noyabr tarix boyunca yalnız bir qələbə günü deyil, həm də Vətən sevgisinin, fədakarlığın və milli birliyin ən böyük təcəssümü kimi yaşayacaqdır.
Zərnişan Əliyeva
YAP Babək rayon təşkilatının fəal üzvü