Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə qeyd olunmur, millətin yaddaşına və taleyinə həkk olunur. 8 Noyabr məhz belə bir gündür. 2020-ci ilin bu günü Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunduğunu bütün dünyaya bəyan etdi. Bu xəbər otuz ilə yaxın davam edən həsrətə, ağrıya və gözləntiyə son qoydu.
Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq başladı. Lakin bu cavab gözlənilməz deyildi. Ötən illər ərzində ordu quruculuğuna ardıcıl diqqət göstərilmiş, müasir texnika və silahlarla təchiz olunma, döyüş hazırlığının yüksəldilməsi və peşəkar kadr potensialının formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdu. Beləliklə, 44 günlük müharibə uzun illərin hazırlığının, dəqiq strateji planlaşdırmanın və möhkəm siyasi iradənin nəticəsi idi.
Cəbhədə qazanılan uğurlar Ali Baş Komandanın birbaşa rəhbərliyi altında həyata keçirildi. Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və onlarla şəhər, qəsəbə və kəndin işğaldan azad edilməsi bir-birini izlədi. Ən mühüm məqam isə Şuşa əməliyyatı oldu. Çətin dağlıq relyefdə, strateji baxımdan çox əlverişli mövqelərdə yerləşən qədim mədəniyyət beşiyimizin azad edilməsi hərbi sənət baxımından da nadir nümunə kimi dəyərləndirilir.
Zəfər təkcə döyüş meydanında qazanılmadı. Prezident İlham Əliyev müharibə dövründə həm hərbi, həm siyasi, həm də informasiya cəbhəsində ardıcıl və prinsipial mövqe nümayiş etdirdi. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Azərbaycanın haqq işinin əsasını təşkil edirdi. Azərbaycan lideri dünya ictimaiyyətinə həqiqətləri çatdırdı, dəqiq və inandırıcı arqumentlərlə ölkəmizin mövqeyini müdafiə etdi. 10 Noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat isə münaqişənin siyasi həllində yeni mərhələ açdı.
Bu Zəfərin ən dəyərli sirlərindən biri xalqın birliyi idi. Müharibə günlərində bütün cəmiyyət vahid yumruq kimi birləşdi. Yaşından, peşəsindən, yaşadığı yerdən asılı olmayaraq insanlar ordunun arxasında dayandı. Könüllü olaraq cəbhəyə yollananlar, qan verənlər, şəhid ailələrinə dəstək olanlar, maddi yardım toplayanlar, xaricdə ölkə həqiqətlərini təbliğ edən soydaşlarımız bu birliyin canlı təzahürü idi.
“Xalq-ordu birliyi” ifadəsi həmin günlərdə şüar olmaqdan çıxıb real həyat həqiqətinə çevrildi. Ordu xalqın dəstəyini, xalq isə ordunun qələbə əzmini hiss edirdi. Məhz bu qarşılıqlı etimad Zəfərin əsas mənəvi dayağı oldu.
Zəfər minlərlə igid övladımızın qanı və canı bahasına qazanıldı. Şəhidlərimiz Vətənin bütövlüyü uğrunda ən uca fədakarlığı göstərdi. Qazilərimiz isə bu yolda sağlamlığını qurban verdi, amma mübarizə ruhunu itirmədi. Hər bir əsgər, zabit və general öz üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi. Onların mətanəti, cəsarəti və vətənə sədaqəti gələcək nəsillər üçün məktəb, nümunə və qürur mənbəyidir.
Şəhid analarının, atalarının, həyat yoldaşlarının və övladlarının dözümü də bu Zəfərin ayrılmaz hissəsidir. Onların göz yaşı ilə qürur yanaşı gəzir, itkinin ağrısı Vətənin azadlığı ilə təsəlli tapır.
8 Noyabr yalnız keçmişə baxış günü deyil, həm də gələcəyə məsuliyyət günüdür. Azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır. Yollar çəkilir, enerji və kommunikasiya infrastrukturu yaradılır, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu, Zəfərin təbii davamı, onun real nəticəsidir.
Həmçinin gənc nəslin Zəfər ruhunda, vətənpərvərlik və milli dəyərlər əsasında tərbiyə olunması mühüm vəzifədir. Çünki qələbəni qazanmaq çətin olsa da, onu qorumaq və yaşatmaq daha böyük məsuliyyət tələb edir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının iradəsinin, birliyinin və ədalət uğrunda mübarizəsinin rəmzidir. Bu gün biz şəhidlərimizin xatirəsini ehtiramla anır, qazilərimizə minnətdarlıq bildirir, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi qələbəni qürurla qeyd edirik.
Zəfər bizə bir həqiqəti bir daha göstərdi. Birlik olan yerdə qələbə qaçılmazdır. Bu həqiqəti yaddaşımızda saxlamaq, Vətənə sədaqətlə xidmət etmək isə hər birimizin müqəddəs borcudur.
Zəfərimiz mübarək olsun!
Naqif Həmzəyev
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı