Azərbaycan xalqının çoxəsrlik tarixində milli iradənin, qəhrəmanlığın və dövlətçilik ənənələrinin özünü göstərdiyi mühüm hadisələr az olmayıb. Müasir tariximizin ən böyük nailiyyətlərindən biri olan 8 Noyabr – Zəfər Günü isə bu hadisələr sırasında xüsusi yer tutur. Bu tarix Azərbaycan xalqının uzun müddət davam edən işğala son qoymaq, öz torpaqlarına qovuşmaq və tarixi ədaləti bərpa etmək uğrunda mübarizəsinin möhtəşəm nəticəsidir. Zəfər Günü həm də müstəqil Azərbaycan dövlətinin gücünü, milli birliyini və qətiyyətli siyasi iradəsini nümayiş etdirən əlamətdar gündür.
Ölkəmizin bu uğuru ardıcıl və düşünülmüş dövlət siyasətinin nəticəsi olaraq meydana çıxdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqelərini möhkəmləndirdi, iqtisadi inkişafını sürətləndirdi və müdafiə potensialını artırdı. Güclü ordunun formalaşdırılması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi və müasir texnologiyaların tətbiqi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün zəruri imkanlarını təmin etdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində dönüş yaradan hadisəyə çevrildi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı və əzmkarlıq nümayiş etdirərək düşmən üzərində üstünlük qazandı. İşğal altında olan ərazilərin azad olunması istiqamətində həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində bir sıra şəhər, qəsəbə və kəndlər öz azadlığına qovuşdu. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri ilə yanaşı, Hadrut və Suqovuşan qəsəbələrinin azad edilməsi müharibənin gedişində mühüm strateji əhəmiyyət daşıdı.
Bu dövrdə Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik və birlik qələbənin mənəvi dayaqlarından biri oldu. Ölkəmizin hər yerində insanlar ordumuza dəstək göstərir, şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır, Vətən uğrunda mübarizəyə öz töhfələrini verirdilər. Prezident İlham Əliyevin çıxışları və beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm təsir göstərirdi. Xalqımızın birlik və qətiyyətini ifadə edən “Dəmir yumruq” anlayışı həmin günlərdə milli rəmzə çevrildi.
Zəfərin ən mühüm simvolu olan Şuşanın azadlığı Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq. Şuşa yalnız coğrafi məkan deyil, həm də milli mədəniyyətimizin, musiqimizin, incəsənətimizin və mənəvi dəyərlərimizin beşiyidir. 2020-ci il noyabrın 8-də bu şəhərin azad olunması hərbi baxımdan mühüm uğur olmaqla yanaşı, xalqımızın mənəvi dünyasında böyük dönüş yaratdı. Şuşa uğrunda aparılan əməliyyat Azərbaycan əsgərlərinin qəhrəmanlığını, döyüş məharətini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
Şuşanın azad olunmasından sonra 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə hərbi qarşıdurma dayandırıldı. Prezident İlham Əliyevin 8 Noyabr tarixini Zəfər Günü elan etməsi bu böyük hadisənin Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutduğunu təsdiqlədi. Beləliklə, xalqımızın uzun illər davam edən mübarizəsi tarixi qələbə ilə nəticələndi.
2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. Oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağımızın ucaldılması dövlətimizin bütün ərazilərində öz hakimiyyətini və suveren hüquqlarını təmin etməsinin rəmzi oldu. Bununla Azərbaycan öz tarixində yeni bir mərhələyə qədəm qoydu.
Qələbədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq layihələrinin həyata keçirilməsi dövlətimizin inkişaf strategiyasının mühüm istiqamətinə çevrilib. Yeni yollar, yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri və digər infrastruktur obyektləri inşa olunur. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması tarixi Zəfərin ən mühüm nəticələrindən biridir. Bu proses Qarabağ və Şərqi Zəngəzurun iqtisadi, sosial və mədəni həyatının yenidən canlanmasına xidmət edir.
Zəfər Gününün daşıdığı mənəvi məna xalqımızın şəhidlərə ehtiramında, qazilərə göstərilən diqqətdə, milli birliyin qorunmasında və gələcək nəsillərin vətənpərvərlik ruhunda öz əksini tapır. Bu möhtəşəm qələbə Azərbaycan dövlətinin gücünü və xalqımızın yenilməzliyini təsdiqləyən tarixi hadisədir. 8 Noyabr Azərbaycanın keçmişinə ehtiram, bu gününə qürur və gələcəyinə inam bəxş edən əbədi Zəfər salnaməsidir.
Nazilə Qurbanlı
YAP Babək rayon təşkilatının fəal üzvü