PDF Oxu

Siyasət

  • 500

Azərbaycan xalqının qəhrəmanlıq və Zəfər salnaməsi - ŞƏRH

Azərbaycan xalqının qəhrəmanlıq və Zəfər salnaməsi - ŞƏRH

Tarixin elə günləri var ki, onlar yalnız təqvimdəki bir tarix olmaqla kifayətlənmir, bütöv bir xalqın taleyini dəyişir, milli yaddaşına əbədi həkk olunur. 2020-ci il noyabrın 8-i Azərbaycan xalqı üçün məhz belə bir gündür. Həmin gün Qarabağın döyünən ürəyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin işğaldan azad edilməsi ilə xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri yazıldı. Bu tarixi hadisə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbənin kulminasiya nöqtəsinə çevrilərək Azərbaycanın gücünü, xalqımızın sarsılmaz iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirdi.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, ərazi bütövlüyümüzün və tarixi ədalətin təntənəsidir. Bu tarix həm də otuz ilə yaxın davam edən işğala, məcburi köçkünlük həyatına, doğma yurd həsrətinə və xalqımızın üzləşdiyi haqsızlıqlara son qoyulması istiqamətində aparılan mübarizənin parlaq nəticəsidir.

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan Qarabağ münaqişəsi xalqımız üçün ağır faciələrə səbəb olmuşdu. Birinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız işğal edilmiş, şəhər və kəndlərimiz dağıdılmış, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Uzun illər ərzində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə, aparılan danışıqlara baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən əl çəkmirdi. Azərbaycan xalqı isə heç vaxt öz torpaqlarının işğalı ilə barışmadı, tarixi ədalətin bərpasına olan inamını itirmədi.

Bu müddət ərzində Azərbaycan dövləti qarşıya qoyduğu strateji məqsədə çatmaq üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, ordu quruculuğunun inkişaf etdirilməsi və hərbi potensialın artırılması istiqamətində mühüm addımlar atıldı. Müasir silahlarla təchiz edilən, yüksək döyüş hazırlığına malik Azərbaycan Ordusu formalaşdırıldı. Eyni zamanda, milli hərbi sənaye kompleksinin yaradılması ölkəmizin müdafiə qüdrətini daha da artırdı.

Bütün bunlar təsadüfi deyildi. Azərbaycan rəhbərliyi yaxşı anlayırdı ki, ərazi bütövlüyünün bərpası üçün güclü iqtisadiyyat, müstəqil siyasət, müasir ordu və xalq-iqtidar birliyi əsas şərtlərdir. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi və cəmiyyətdə formalaşan yüksək vətənpərvərlik ruhu gələcək Qələbənin möhkəm təməlini yaratdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan və tarixə “Dəmir yumruq” adı ilə düşən Vətən müharibəsi xalqımızın çoxdankı arzusunun gerçəkləşməsi ilə nəticələndi. Müharibənin ilk saatlarından etibarən Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək Ordumuza hərtərəfli dəstək göstərdi. Ön cəbhədə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq nümayiş etdirir, arxa cəbhədə isə hər bir vətəndaş Vətənin müdafiəsi naminə öz töhfəsini verirdi.

44 gün davam edən müharibə Azərbaycan Ordusunun hərbi qüdrətini, müasir döyüş texnologiyalarına yiyələnməsini və yüksək peşəkarlığını nümayiş etdirdi. Suqovuşan, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi ilə Azərbaycan Ordusu irəliləyərək düşmənin illərlə qurduğu müdafiə sədlərini darmadağın etdi. Hər yeni qələbə xalqımızın mübarizə əzmini daha da artırır, Böyük Zəfərə olan inamı möhkəmləndirirdi.

Nəhayət, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi. Mürəkkəb relyefə və çətin döyüş şəraitinə baxmayaraq, qəhrəman hərbçilərimizin misilsiz şücaəti nəticəsində həyata keçirilən Şuşa əməliyyatı hərb tariximizə qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Şəhərin azad edilməsi müharibənin sonrakı gedişinə həlledici təsir göstərdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Şuşanın azad olunması təkcə hərbi-strateji qələbə deyildi. Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına və mədəni irsinə sahib çıxmasının təntənəsi idi. Çünki Şuşa Azərbaycan musiqisinin, ədəbiyyatının, incəsənətinin beşiyi, milli kimliyimizin ayrılmaz parçasıdır. Məhz buna görə də Şuşanın azad edilməsi xalqımızın qəlbində xüsusi yer tutdu və Zəfər Gününün məhz noyabrın 8-də qeyd olunması tarixi rəmzi məna qazandı.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 300-dən çox şəhər, kənd və qəsəbəni, eləcə də mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Həmin razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı. Beləliklə, ölkəmiz uzun illər davam edən işğala son qoyaraq ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə etdi.

Bu Qələbə, ilk növbədə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsi idi. Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi şücaət, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı tariximizin heç vaxt unudulmayacaq qəhrəmanlıq səhifəsinə çevrildi. Azərbaycan xalqı bir daha sübut etdi ki, milli maraqlar və Vətən sevgisi ətrafında birləşdikdə qarşıya qoyulan ən çətin məqsədlərə belə nail olmaq mümkündür.

Zəfərin tarixi əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirdi, dövlətimizin siyasi nüfuzunu artırdı və xalqımızın milli özünüdərkinə yeni güc verdi. Otuz ilə yaxın müddətdə öz doğma torpaqlarından ayrı düşmüş insanların qayıdış arzusu gerçəkləşmək üçün real zəmin qazandı. Azərbaycan öz gücünə, iradəsinə və müstəqil siyasətinə arxalanaraq tarixi ədaləti bərpa etdi.

Dövlətimizin başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-i Zəfər Günü elan edildi. Qələbənin əbədiləşdirilməsi məqsədilə “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də Vətən müharibəsində göstərilən qəhrəmanlıq və xidmətləri qiymətləndirən bir sıra medallar təsis olundu. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradı isə Azərbaycanın hərbi qüdrətinin və tarixi Qələbəsinin təntənəsinə çevrildi.

Zəfər tarixinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır. Bakıda yaradılan Hərbi Qənimətlər Parkı Vətən müharibəsinin gedişini, Azərbaycan Ordusunun qazandığı uğurları və düşmənin törətdiyi hərbi cinayətləri əks etdirən mühüm tarixi məkandır. Eyni zamanda, Zəfər parkının yaradılması xalqımızın tarixi Qələbəsinə verilən yüksək dəyərin ifadəsidir. Parkın memarlıq kompozisiyasında yer alan 44 metr hündürlüyündə Zəfər tağı və 44 sütun Vətən müharibəsinin 44 gününə işarə edən rəmzlər kimi xüsusi məna daşıyır. Bu məkanlar yalnız tarixi hadisələri xatırlatmır, həm də gələcək nəsillərə qəhrəmanlıq, vətənpərvərlik və milli birlik dərsləri verir.

Azərbaycanın Zəfəri 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyimizin tam bərpası istiqamətində mühüm mərhələyə çevrildi. Beləliklə, ölkəmizin bütün ərazilərində konstitusiya quruluşunun bərqərar edilməsi təmin olundu. Bu hadisələr 2020-ci ildə qazanılmış tarixi Qələbənin məntiqi davamı olmaqla Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu.

Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar çəkilir, yaşayış məntəqələri bərpa edilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bir zamanlar dağıntılar içərisində qalan bu torpaqlarda həyat yenidən canlanır. Qarabağda aparılan bərpa işləri Azərbaycanın yalnız müharibədə qalib gələn deyil, həm də sülh, quruculuq və inkişaf naminə böyük iradə nümayiş etdirən dövlət olduğunu göstərir.

Bəli, 8 Noyabr Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu tarix bizə bir daha xatırladır ki, dövlətin gücü onun iqtisadi və hərbi potensialı ilə yanaşı, xalqın birliyində, milli ruhunda və öz liderinə olan inamında təcəssüm olunur. Vətən müharibəsində qazanılan Zəfər gələcək nəsillər üçün qürur mənbəyi, milli həmrəyliyin və vətənpərvərliyin əbədi nümunəsidir.

Altı il əvvəl Şuşada dalğalanan üçrəngli bayrağımız bu gün azad Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində qürurla ucalır. Həmin gün Azərbaycan xalqı təkcə torpaqlarını deyil, həm də tarixi ədaləti, milli ləyaqətini və gələcəyə olan inamını bərpa etdi.

8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifəsi, milli qürurumuzun və dövlətçilik əzmimizin əbədi rəmzidir. Bu Zəfər bizimlə əbədi olacaq!

Pərviz Hüseynzadə

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər