8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik şanlı tarixinə qızıl hərflərlə yazılmış, milli qürurumuzun, sarsılmaz iradəmizin və bütövlüyümüzün ən uca zirvəsidir. Otuz ilə yaxın bir müddətdə işğal altında qalan, həsrəti ilə neçə-neçə nəslin qəlbində dərin göynərti yaradan doğma torpaqlarımızın azad edilməsi illər boyu yaşatdığımız Vətən nisgilinə son qoydu. Bu tarixi dönüş nöqtəsi təkcə torpaqlarımızın geri qaytarılması deyil, həm də xalqımızın tapdanmış haqqının, tarixi ədalətin və milli ləyaqətimizin bərpası idi. Noyabrın 8-i hər bir azərbaycanlının yaddaşına sonsuz fəxarət günü kimi həkk olunaraq, dövlətimizin qüdrətini və xalqımızın yenilməzlik rəmzini bütün dünyaya nümayiş etdirdi.
Bu möhtəşəm Zəfər Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi qətiyyətli siyasi iradə, rəşadətli Azərbaycan Ordusunun misilsiz şücaəti və xalqımızın "Dəmir Yumruq" kimi bir nöqtəyə vurulan sarsılmaz birliyinin məntiqi nəticəsidir. 44 günlük Vətən müharibəsində hər bir addım, hər bir azad olunan kənd və şəhər illərlə davam edən həsrətin sonu, böyük Zəfərə doğru atılan addım idi. 8 Noyabr günü həm də torpaqlarımızın hər qarışı uğrunda canını fəda edən, qanı ilə dastan yazan müqəddəs şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdiyimiz, onların bizə əmanət etdiyi azadlığın və bütövlüyün təntənəsinə çevrildiyi müqəddəs bir andır.
Zəfərə aparan yol illər boyu addım-addım işlənən uzaqgörən dövlət siyasətinin, güclü iqtisadiyyatın və müasir standartlara cavab verən ordunun qurulmasının məntiqi yekunu idi. 44 gün davam edən döyüşlər zamanı hərbçilərimizin nümayiş etdirdiyi yüksək peşəkarlıq, mühəndislik və taktiki üstünlük dünya hərb elmində yeni bir səhifə açdı. Düşmənin uzun illər ərzində qurduğu dərin müdafiə xətlərinin yarılması, strateji yüksəkliklərin bir-bir fəth olunması və cəbhənin hər bir istiqamətində əldə edilən üstünlük Azərbaycan əsgərinin döyüş ruhunun nə qədər sarsılmaz olduğunu göstərdi. Arxada dayanan milyonlarla insanın bir ürək kimi döyünməsi, hər bir evdən yüksələn dualar və cəbhəyə göndərilən dəstək cəbhədəki qəhrəmanlarımıza əlavə güc verərək bu möhtəşəm yürüşü dayandırılmaz etdi.
Bu böyük qələbə Cənubi Qafqaz regionunda onilliklər boyu davam edən geostrateji qeyri-müəyyənliyə və ədalətsizliyə son qoyaraq tamamilə yeni bir inkişaf, təhlükəsizlik və əməkdaşlıq erasının əsasını qoydu. İşğaldan azad edilmiş ərazilərdə bu gün böyük sürətlə həyata keçirilən bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri, beynəlxalq hava limanlarının inşası və "Böyük Qayıdış" proqramı çərçivəsində soydaşlarımızın mərhələli şəkildə doğma ocaqlarına dönməsi qazanılan qələbənin real və əbədi nəticələridir. Dağıdılmış şəhər və kəndlərimizin yenidən dirçəldilməsi, mədəni-tarixi irsimizin bərpası Azərbaycanın təkcə hərbi meydanda deyil, həm də quruculuq və sülh prosesində necə böyük gücə və iradəyə malik olduğunu aydın şəkildə nümayiş etdirir.
Eyni zamanda, bu Zəfər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu keyfiyyətcə yeni bir mərhələyə qaldırdı, dövlətimizin öz hüquqlarını və milli maraqlarını qorumağa qadir olduğunu sübut etdi. Döyüş meydanında yazılan bu şanlı dastan xalqımızın öz özünə inamını, gələcəyə olan ümidlərini dəfələrlə möhkəmləndirdi. Zəfər Günü bizə bir daha sübut etdi ki, milli maraqlar və vətən torpağı uğrunda sıx birləşən xalqın qarşısında heç bir maneə dura bilməz və bu birlik bizim gələcək bütün uğurlarımızın əsas zəmanətidir.
8 Noyabr – Zəfər Günü sadəcə qazanılmış hərbi uğurun təqvimlərdəki əksi deyil, Azərbaycan xalqının gələcək nəsillərə fəxarətlə ötürəcəyi ən müqəddəs mənəvi irs və müstəqilliyimizin əbədi təminatıdır. Bu tarixi qələbə milli dövlətçilik şüurumuzun keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu, xalqımızın öz taleyini özünün yazmaq qüdrətində olduğunu bütün dünyaya bəyan etdi. Qazanılan Zəfər hər bir azərbaycanlı üçün milli kimliyimizin, sarsılmaz birliyimizin və sülh şəraitində qurub-yaratmaq iradəmizin rəmzidir.
Bu gün işğaldan azad edilmiş torpaqlarda ucalan hər bir yeni bina, çəkilən yollar və doğma yurduna qayıdan soydaşlarımızın simasındakı təbəssüm Noyabrın 8-də yazılan dastanının canlı davamıdır. Şəhidlərimizin əziz xatirəsi və qazilərimizin fədakarlığı üzərində ucalan bu möhtəşəm Zəfər Azərbaycanın gələcək inkişaf yoluna hər zaman işıq saçacaq, bizə birliyimizin nələrə qadir olduğunu daim xatırladan əbədi bir mayak olaraq qalacaqdır.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı