PDF Oxu

Siyasət

  • 384

Şuşanın zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi - ŞƏRH

Şuşanın zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi - ŞƏRH

Azərbaycan xalqının çoxəsrlik tarixində milli qürurun, qəhrəmanlığın, azadlıq mübarizəsinin və dövlətçilik iradəsinin təcəssümünə çevrilən əlamətdar günlər vardır. 8 Noyabr məhz bu tarixi günlər sırasında özünəməxsus yeri ilə seçilir. Bu gün xalqımızın milli birliyinin, ordumuzun gücünün, dövlətimizin qətiyyətinin və Vətən sevgisinin təntənəsidir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycan tarixində yeni bir mərhələnin əsası qoyuldu. 44 günlük Vətən müharibəsinin ən həlledici hadisələrindən biri olan bu qələbə uzun illər davam edən torpaq həsrətinə son qoydu, xalqımızın milli yaddaşında silinməz iz buraxdı. Şuşanın azadlığı ilə Azərbaycan yalnız hərbi qələbə qazanmadı, həm də tarixi ədalətin bərpasına, milli-mənəvi dəyərlərinin qorunmasına və gələcək nəsillərə daha güclü dövlət miras qoymağa nail oldu.

Şuşanın azad olunması Azərbaycan xalqının yaddaşında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tarixi müraciəti ilə əbədi yaşayır. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri həmin gün milyonlarla insanın qəlbində qürur, sevinc və qələbə hisslərini daha da gücləndirdi. Bu müraciət Azərbaycanın öz torpaqlarına qayıdış əzmini, milli iradəsini və sarsılmaz dövlətçilik mövqeyini bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsi ilə xalqımızın illər boyu qəlbində yaşatdığı arzu gerçəkləşdi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi dönüş baş verdi.
Qazanılan Zəfər uzun illər ərzində həyata keçirilən ardıcıl, məqsədyönlü və düşünülmüş dövlət siyasətinin məntiqi nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası müstəqil Azərbaycanın möhkəmlənməsinə, siyasi sabitliyin qorunmasına, iqtisadi inkişafın təmin edilməsinə və milli maraqların müdafiəsinə xidmət etdi. Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu və dövlətçilik ənənələri Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirildi. Ölkəmizin iqtisadi potensialının yüksəldilməsi, beynəlxalq mövqeyinin gücləndirilməsi, müasir silahlı qüvvələrin formalaşdırılması və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın gələcək qələbələrinin möhkəm təməlini yaratdı.
44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünü, xalqımızın həmrəyliyini və ordumuzun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi. Müharibə dövründə xalq və dövlət, arxa cəbhə və ön cəbhə vahid məqsəd ətrafında birləşdi. Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və xalqımızın əzmkar mövqeyi Zəfərin əldə olunmasında müstəsna rol oynadı. Şuşa əməliyyatı isə hərbi tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olundu. Çətin relyef şəraitində həyata keçirilən və yüksək peşəkarlıq tələb edən bu əməliyyat Azərbaycan əsgərinin Vətən uğrunda mübarizəsinin, cəsarətinin və qətiyyətinin təcəssümünə çevrildi.
Şuşa Azərbaycanın yalnız coğrafi məkanlarından biri deyil, xalqımızın milli-mədəni kimliyinin, tarixi yaddaşının və mənəvi dünyasının ayrılmaz hissəsidir. Qarabağın tacı adlandırılan bu şəhər əsrlər boyunca Azərbaycan musiqisinin, poeziyasının, ədəbiyyatının və incəsənətinin inkişafında mühüm rol oynayıb. Şuşa görkəmli şəxsiyyətlərin, tanınmış sənətkarların və musiqi xadimlərinin yetişdiyi, milli mədəniyyətimizin zənginləşdiyi müqəddəs bir məkandır. Bu şəhərin hər bir küçəsi, tarixi binası, mədəniyyət ocağı və təbiət mənzərəsi xalqımızın keçmişindən xəbər verir. Şuşanın azadlığı ilə Azərbaycan öz mədəni irsinin mühüm bir hissəsinə yenidən sahib çıxdı, milli dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün geniş imkanlar əldə etdi.
Şuşanın beynəlxalq miqyasda artan nüfuzu onun tarixi və mədəni əhəmiyyətinin daha geniş şəkildə tanınmasının göstəricisidir. Şəhərin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa İli” kimi qeyd olunması, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi və 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu qazanması bu qədim şəhərin beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Bu statuslar Şuşanın yalnız Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası və beynəlxalq mədəniyyət ictimaiyyəti üçün əhəmiyyətli bir mərkəz olduğunu təsdiqləyir.
Şuşanın işğaldan azad olunmasından sonra şəhərdə genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işlərinə başlanılıb. Qarşıya qoyulan əsas məqsəd şəhərin tarixi simasını qorumaq, onun mədəni irsini yaşatmaq, eyni zamanda, müasir və rahat yaşayış mühiti formalaşdırmaqdır. Bu istiqamətdə tarixi və dini abidələrin, məscidlərin, mədəniyyət müəssisələrinin və digər memarlıq nümunələrinin bərpası həyata keçirilir. Şuşanın Baş planına uyğun olaraq aparılan quruculuq işləri şəhərin özünəməxsus memarlıq üslubunun qorunmasına, müasir infrastrukturun yaradılmasına və gələcək inkişafının təmin edilməsinə xidmət edir. Burada görülən işlər Azərbaycanın tarixi irsinə münasibətini, milli dəyərlərə bağlılığını və azad edilmiş torpaqların inkişafına verdiyi əhəmiyyəti göstərir.
Şuşanın mədəni həyatının yenidən canlanması şəhərin dirçəliş prosesinin mühüm istiqamətlərindən biridir. Uzun illər fasilədən sonra Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının doğma şəhərdə yenidən keçirilməsi Azərbaycan mədəniyyətinin öz tarixi məkanına qayıdışının rəmzinə çevrilib. Bu tədbirlər Şuşanın zəngin sənət ənənələrinin davam etdirilməsinə, ölkəmizin mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə və şəhərin turizm potensialının inkişafına mühüm töhfə verir. Şuşada keçirilən festivallar, konsertlər və mədəni tədbirlər bir daha sübut edir ki, bu şəhər öz tarixi missiyasını davam etdirir və Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamaqdadır.
Şuşaya çəkilən 101 kilometrlik Zəfər yolu da tarixi əhəmiyyətinə görə xüsusi diqqətə layiqdir. Bu yolun istifadəyə verilməsi azad edilmiş ərazilərə gediş-gəlişin təmin olunması, bölgənin sosial-iqtisadi inkişafı və Şuşanın ölkənin digər şəhərləri ilə əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Eyni zamanda, Zəfər yolu xalqımızın doğma torpaqlarına qayıdışını, qələbəyə aparan mübarizəsini və milli iradəsini simvolizə edir. Bu yolun hər kilometri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini, ərazi bütövlüyümüz uğrunda apardığımız mübarizəni və qazandığımız tarixi nailiyyəti xatırladır.
Şuşanın dirçəlişinin ən mühüm göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. Uzun illər öz torpaqlarından ayrı düşmüş insanların yenidən ata-baba yurdlarında məskunlaşması Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən biridir. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə olmaqla 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 420 ailə və 1 579 nəfər doğma torpaqlarına qayıdaraq yeni həyata başlayıb. Bu rəqəmlər təkcə statistik göstəricilər deyil, həm də illərlə davam edən ayrılığın sona çatmasının, ailələrin doğma yurdlarına qovuşmasının və həyatın yenidən bərpasının real ifadəsidir.
Doğma yurda qayıdış insanların yalnız yaşayış şəraitinin təmin olunması ilə məhdudlaşmır. Bu proses həm də sosial həyatın yenidən qurulmasını, iqtisadi fəaliyyətin canlandırılmasını, təhsil və digər xidmətlərin təşkili, insanların öz doğma mühitində təhlükəsiz və firavan yaşamasını nəzərdə tutur. Şuşada həyata keçirilən quruculuq işləri gələcəkdə şəhərin inkişaf etmiş yaşayış məkanına, turizm və mədəniyyət mərkəzinə çevrilməsi üçün mühüm zəmin yaradır. Burada formalaşdırılan yeni həyat azad edilmiş ərazilərin davamlı inkişafının və Azərbaycanın gələcəyə yönəlmiş siyasətinin mühüm tərkib hissəsidir.
Bu gün Şuşa öz tarixinin yeni və şərəfli mərhələsini yaşayır. Bir vaxtlar işğalın ağrılarını yaşamış şəhər indi quruculuğun, inkişafın və dirçəlişin ünvanına çevrilib. Şuşada həyata keçirilən layihələr, mədəni tədbirlər, tarixi abidələrin bərpası və insanların doğma torpaqlarına qayıdışı Azərbaycanın güclü dövlət kimi öz gələcəyini qurmaq əzmini nümayiş etdirir. Şəhərin dirçəlişi xalqımızın tarixi yaddaşına sahib çıxmasının, milli-mənəvi dəyərlərini qorumasının və əldə etdiyi Zəfəri real inkişafla möhkəmləndirməsinin göstəricisidir.
8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının qəhrəmanlıq tarixini, dövlətimizin gücünü, milli birliyini və sarsılmaz iradəsini özündə birləşdirən əlamətdar gündür. Bu tarix bizə bir daha xatırladır ki, Vətən sevgisi, xalq-dövlət birliyi və güclü siyasi iradə ən çətin sınaqlardan belə qalib çıxmağa imkan verir. Şuşanın azadlığı ilə başlanan yeni mərhələ bu gün Qarabağın bərpası, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və doğma torpaqlarda həyatın yenidən qurulması ilə davam edir.
Əminliklə demək olar ki, Şuşa bundan sonra da Azərbaycan xalqının qürur mənbəyi, milli mədəniyyətimizin beşiyi, tarixi yaddaşımızın qoruyucusu və Zəfərimizin əbədi ünvanı olacaqdır. Bu müqəddəs şəhər Azərbaycanın keçmişini, bu gününü və gələcəyini birləşdirərək xalqımızın milli ruhunu və dövlətçilik əzmini daim yaşadacaqdır.

İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri

Digər xəbərlər