Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlət müstəqilliyini, suverenliyini və azadlıq arzularını özündə əks etdirən müqəddəs dövlət rəmzlərindən biridir. Hər bir azərbaycanlı üçün üçrəngli bayrağımız Vətənə bağlılığın, milli qürurun və dövlətçiliyimizə sədaqətin rəmzidir. 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın tarixində xüsusi əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir.
Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayrağımız xalqımızın milli və mənəvi dəyərlərini, inkişaf və tərəqqi ideallarını ifadə edir. Mavi rəng türk mənşəyimizi, türkçülük ideyasını, qırmızı rəng müasirliyi, demokratiyanı və inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu simvolizə edir. Bayrağın üzərindəki ağ rəngli aypara və səkkizguşəli ulduz da milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadə olunmasa da, xalqımızın qəlbində müstəqillik və azadlıq ideallarının simvolu olaraq yaşamağa davam etmişdir. 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi üçrəngli bayrağımız yenidən qəbul edilmişdir. Daha sonra bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi statusunu almış və müstəqil dövlətimizin əsas atributlarından birinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dövlət bayrağımıza və milli rəmzlərimizə xüsusi diqqət və ehtiram göstərir. Prezidentin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu qərar bayrağımızın dövlətçilik tariximizdəki əhəmiyyətinin daha da yüksəldilməsinə və gənc nəslin milli ruhda tərbiyə olunmasına xidmət edir.
Bu gün Azərbaycan bayrağı ölkəmizin bütün bölgələrində, beynəlxalq tədbirlərdə və mötəbər platformalarda dalğalanaraq dövlətimizin gücünü, xalqımızın birliyini və müstəqilliyimizin dönməzliyini nümayiş etdirir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın çoxəsrlik mübarizəsinin, şəhidlərimizin qanı və qazilərimizin qəhrəmanlığının təntənəsinə çevrilmişdir.
Bu gün Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Füzulidə, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərimizdə dalğalanan Azərbaycan bayrağı xalqımızın tarixi ədaləti bərpa etmək əzmini və dövlətimizin qüdrətini nümayiş etdirir. Hər bir azərbaycanlı üçün bu mənzərə böyük qürur və fəxarət mənbəyidir.
Dövlət Bayrağı Günü yalnız bir dövlət rəmzinin qeyd olunduğu tarix deyil, həm də milli birliyimizin, vətənpərvərliyimizin və müstəqilliyimizə sədaqətimizin ifadəsidir. Bayrağımıza hörmət etmək dövlətimizə, tariximizə və torpağımıza hörmət etmək deməkdir. Hər bir vətəndaşın borcu bu müqəddəs rəmzi qorumaq, onun ucalığını və şərəfini gələcək nəsillərə ötürməkdir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini