PDF Oxu

Siyasət

  • 430

8 Noyabr – Şuşa şəhəri günü: azadlığın, qürurun və dirçəlişin simvolu - ŞƏRH

8 Noyabr – Şuşa şəhəri günü: azadlığın, qürurun və dirçəlişin simvolu - ŞƏRH

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təqvimdə adi bir tarix olmaqdan çıxaraq milli yaddaşın, milli kimliyin ayrılmaz hissəsinə çevrilir. 2020-ci il noyabrın 8-i məhz belə bir gündür. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Bu xəbər bir anda bütün ölkəyə, dünyanın hər yerində yaşayan azərbaycanlılara yayıldı. Bakının, Gəncənin, Sumqayıtın, bütün şəhər və kəndlərimizin küçələri əllərində üçrəngli bayraq tutmuş, sevinc göz yaşlarını gizlədə bilməyən insanlarla doldu. Təxminən 28 il yarım davam edən ayrılıq, həsrət və intizar sona çatmışdı.

Şuşa Azərbaycan üçün sadəcə bir şəhər deyil. O, Qarabağın tacı, milli mədəniyyətimizin beşiyi, musiqimizin, poeziyamızın, memarlığımızın canlı muzeyidir. Şuşa qalasının əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Şəhər uzun müddət Qarabağ xanlığının paytaxtı olub, XIX əsrdə isə Cənubi Qafqazın ən iri və inkişaf etmiş şəhərlərindən birinə çevrilib. Bu torpaq Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi dahiləri yetişdirib. Elə buna görə də Şuşanın 1992-ci il mayın 8-də işğalı xalqımızın qəlbində ən ağır yaralardan biri idi.

Şuşa uğrunda döyüşlər 44 günlük Vətən müharibəsinin ən ağır və şərəfli səhifəsidir. Sıldırım qayalar üzərində yerləşən, təbii qala kimi qorunan şəhəri azad etmək üçün əsgər və zabitlərimiz sıx meşələrdən, dərələrdən, dağ cığırlarından keçərək, əsasən yüngül silahlarla irəliləyirdilər. Hərb tarixində yüksək dağlıq ərazidə aparılmış ən uğurlu əməliyyatlardan biri kimi öyrənilən Şuşa əməliyyatı Azərbaycan əsgərinin şücaətini, peşəkarlığını və Vətənə sonsuz məhəbbətini bütün dünyaya göstərdi. Şuşanın azadlığı müharibənin taleyini həll etdi: cəmi iki gün sonra, noyabrın 10-da Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu, Ağdam, Kəlbəcər və Laçın rayonları isə bir güllə belə atılmadan geri qaytarıldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin gün söylədiyi sözlər xalqımızın yaddaşına əbədi həkk olunub: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu sözlər həm Qələbə sevincinin, həm də gələcəyə verilən sözün ifadəsi idi. Dövlət başçısı həmin gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini, onun ruhu qarşısında baş əydiyini və ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt insan saydığını bildirdi. Bu, Qarabağ Zəfərinə aparan uzun yolun Ulu Öndərin müəyyən etdiyi strategiyanın məntiqi davamı olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev Şuşanın azadlığını belə dəyərləndirdi: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.” Həqiqətən də, otuz ilə yaxın davam edən və heç bir nəticə verməyən danışıqlar prosesindən sonra Azərbaycan BMT Təhlükəsizlik Şurasının icra olunmayan qətnamələrini öz gücü ilə icra etdi, beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi.

Bu gün 8 Noyabr ölkəmizdə həm Zəfər Günü, həm də Şuşa şəhəri günü kimi xüsusi ehtiramla qeyd olunur. Lakin bu bayramın mənası təkcə keçmişin xatırlanması ilə bitmir. Şuşa artıq dirçəliş, quruculuq və gələcəyə inamın simvoludur. Azadlıqdan sonra keçən illər ərzində şəhərdə tarixi məscidlər, ev-muzeylər, bulaqlar, malikanələr bərpa olunub, yeni yaşayış kompleksləri, məktəb, xəstəxana, hotellər, yollar və tunellər inşa edilib. 2024-cü ilin mayında birinci yaşayış kompleksi istifadəyə verildi və ilk sakinlər doğma şəhərlərinə qayıtdılar. Bu gün Şuşanın küçələrində yenidən uşaq səsləri eşidilir, Cıdır düzündə yenidən muğam səslənir, Xarıbülbül yenidən öz torpağında çiçək açır.

Şuşanın mədəni statusu da xüsusi qeyd olunmalıdır. Şəhər 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edildi, 2022-ci il ölkəmizdə “Şuşa İli” kimi qeyd olundu, 2023-cü ildə Şuşa Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı oldu. Bu statuslar Şuşanın təkcə Azərbaycan üçün deyil, bütün türk və islam dünyası üçün böyük mənəvi əhəmiyyət daşıdığını göstərir. Şəhərdə keçirilən “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumu və digər beynəlxalq tədbirlər onu yenidən dünyanın diqqət mərkəzinə çıxarıb.

Şuşanın azadlığı beynəlxalq aləmdə də Azərbaycanın nüfuzunu artırdı. Bu gün dünya liderləri Şuşaya səfər edir, burada mühüm beynəlxalq sənədlər imzalanır. 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsi, 2024-cü ildə isə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi məhz bu şəhərdə imzalandı. Bir vaxtlar işğal altında olan Şuşa artıq regional əməkdaşlığın, dostluğun və sülhün ünvanına çevrilib.

8 Noyabr hər bir azərbaycanlı üçün həm də şəhidlərimizin xatirəsini dərin ehtiramla yad etdiyimiz gündür. Bu Qələbə onların qanı, qazilərimizin fədakarlığı, bütün xalqın birliyi hesabına qazanılıb. Xalq, ordu və Ali Baş Komandanın sarsılmaz birliyi Şuşa Zəfərinin əsas mənbəyi oldu. Bu birlik bu gün də quruculuq işlərində, Böyük Qayıdışın hər mərhələsində özünü göstərir.

Şuşa şəhəri günü bizə xatırladır ki, haqq işi uğrunda mübarizə aparan, birliyini qoruyan və güclü dövlətə arxalanan xalq heç vaxt məğlub olmur. Şuşa bizimdir, Qarabağ Azərbaycandır və bu həqiqət nəsillərdən-nəsillərə ötürüləcək. Bayramınız mübarək, əziz həmvətənlər! Şəhidlərimizin ruhu şad olsun!

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər