Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsi olmaqla yanaşı, milli birlik və siyasi həmrəyliyin nə qədər böyük əhəmiyyət daşıdığını da nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi bir daha təsdiqlədi ki, dövlətin qarşısında taleyüklü vəzifələr dayandığı zaman cəmiyyətin vahid məqsəd ətrafında birləşməsi, milli maraqların siyasi fərqlərdən üstün tutulması və xalqın öz dövlətinə dəstəyi mühüm strateji gücə çevrilir.
Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzü və torpaqlarının işğalı ilə üzləşmişdi. Bu dövrdə ərazi bütövlüyümüzün bərpası xalqımızın ən böyük arzusu və ümummilli məqsədi idi. Münaqişənin həlli istiqamətində aparılan siyasi-diplomatik fəaliyyət, beynəlxalq təşkilatlarda nümayiş etdirilən prinsipial mövqe və dövlətin gücləndirilməsi üçün görülən işlər cəmiyyətin diqqət mərkəzində dayanırdı. Lakin 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi milli birliyin yalnız mənəvi dəyər deyil, həm də real güc mənbəyi olduğunu bütün aydınlığı ilə ortaya qoydu.
Müharibənin ilk günlərindən etibarən Azərbaycan cəmiyyətində misilsiz həmrəylik müşahidə olundu. İnsanlar siyasi baxışlarından, sosial mövqelərindən və yaşadıqları bölgələrdən asılı olmayaraq, Vətənin müdafiəsi və torpaqların azad edilməsi məqsədi ətrafında birləşdilər. Cəbhədə döyüşən əsgər və zabitlərimiz arxa cəbhədə milyonlarla insanın mənəvi dəstəyini hiss edirdi. Bu birlik ordunun döyüş ruhunu yüksəldir, xalqın qələbəyə inamını daha da möhkəmləndirirdi.
Vətən müharibəsi dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi milli birliyin formalaşmasında və qorunmasında xüsusi rol oynadı. Dövlət başçısının qətiyyətli mövqeyi, xalqa müraciətləri, beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr və müharibənin gedişi ilə bağlı açıqlamaları cəmiyyətdə inam və ruh yüksəkliyini gücləndirdi. Prezidentin çıxışlarında Azərbaycanın haqq mövqeyi, xalqımızın iradəsi və torpaqlarımızın azad edilməsi əzmi ardıcıl şəkildə ifadə olunurdu.
Dövlət başçısının “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri bu gün də xüsusi aktuallıq daşıyır. Bu yanaşma göstərir ki, milli həmrəylik yalnız müharibə dövründə zəruri olan müvəqqəti səfərbərlik deyil. O, dövlətin davamlı inkişafı, təhlükəsizliyi və beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün daimi ictimai-siyasi dəyərdir. Azərbaycanın artan regional və beynəlxalq nüfuzu milli birliyin qorunmasını daha da vacib edir.
Vətən müharibəsi dövründə siyasi partiyaların nümayiş etdirdiyi mövqe də milli həmrəyliyin mühüm təzahürlərindən biri oldu. Ölkənin siyasi həyatında fərqli mövqeləri təmsil edən qüvvələrin ümummilli məsələdə ortaq mövqe sərgiləməsi, dövlətin və ordunun yanında olduqlarını bəyan etmələri Azərbaycanın siyasi tarixində əlamətdar hadisə idi. Bu münasibət göstərdi ki, milli maraqların qorunması məsələsində siyasi rəqabət və fikir ayrılıqları arxa plana keçə, ümumi məqsəd naminə həmrəylik ön plana çıxa bilər.
Müharibə zamanı xalqın ordusuna göstərdiyi dəstək müxtəlif formalarda özünü büruzə verdi. Könüllü olaraq hərbi xidmətə yollanmaq istəyən vətəndaşların müraciətləri, hərbçilərin ehtiyaclarına dəstək təşəbbüsləri, informasiya cəbhəsində fəallıq və şəhid ailələrinə göstərilən diqqət cəmiyyətin bütövlükdə səfərbər olduğunu nümayiş etdirirdi. İnsanlar qələbənin yalnız cəbhədə deyil, arxa cəbhədə də ümumi məsuliyyət və fədakarlıq tələb etdiyini anlayırdılar.
Bu birlik informasiya müharibəsində də özünü göstərdi. Ermənistanın və onun havadarlarının Azərbaycan əleyhinə apardığı təbliğata qarşı cəmiyyətin ayıq və məsuliyyətli mövqeyi, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərilən səylər mühüm əhəmiyyət daşıyırdı. Dövlət başçısının müsahibələri, rəsmi məlumatlar və vətəndaşların informasiya məkanındakı fəallığı Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasına xidmət edirdi. Eyni zamanda, informasiya təhlükəsizliyinin qorunması, dezinformasiyaya qarşı diqqətli olmaq və rəsmi məlumatlara əsaslanmaq da ümumi məsuliyyətin tərkib hissəsinə çevrilmişdi.
Milli birliyin gücü müharibədən sonra da öz əhəmiyyətini itirmədi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ölkəmizin qarşısında yeni tarixi vəzifələr müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın həyata keçirilməsi, dövlət sərhədlərinin və təhlükəsizliyin qorunması, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi cəmiyyətin birgə fəaliyyətini tələb edən məsələlərdir.
Bu gün milli həmrəyliyin qorunması yalnız tarixi Qələbənin xatirəsini yaşatmaq baxımından deyil, Azərbaycanın gələcək inkişafı üçün də vacibdir. Müxtəlif siyasi baxışlara və ictimai mövqelərə malik insanların dövlətçilik maraqları ətrafında birləşməsi, cəmiyyətdə qarşılıqlı hörmətin və məsuliyyətin güclənməsi ölkənin dayanıqlı inkişafına xidmət edir. Milli maraqların üstün tutulması, dövlətin müstəqilliyinin və suverenliyinin qorunması hər bir vətəndaşın ümumi məsuliyyətidir.
8 Noyabr – Zəfər Günü bizə xatırladır ki, Azərbaycan xalqı ən çətin sınaqlardan birlik və həmrəylik sayəsində qalib çıxdı. Bu Qələbənin arxasında yalnız ordunun hərbi gücü deyil, bütöv bir xalqın iradəsi, dövlətə inamı və Vətən sevgisi dayanırdı. Milli birlik Azərbaycanın ən böyük mənəvi və siyasi sərvətlərindən biridir. Onun qorunması və gələcək nəsillərə ötürülməsi isə tarixi Zəfərimizin davamlılığını təmin edən mühüm amillərdəndir.
Fərqanə Ağalarova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Şorkənd kənd ümumi orta məktəbin direktoru