Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdə əlamətdar gün kimi deyil, milli yaddaşımızın, dövlətçilik tariximizin və xalqımızın sarsılmaz iradəsinin təcəssümü kimi yaşayır. 8 Noyabr – Zəfər Günü də məhz belə əziz və möhtəşəm tarixlərdən biridir. Bu gün Azərbaycan xalqının milli qürurunun, birliyinin, vətənpərvərliyinin və torpaq sevgisinin təntənəsidir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsi təmin olundu və xalqımızın onilliklər ərzində qəlbində yaşatdığı torpaq həsrətinə son qoyulması istiqamətində həlledici mərhələ başa çatdı.
Azərbaycanın qazandığı bu möhtəşəm Qələbə uzun illər davam edən münaqişənin, xalqımıza qarşı həyata keçirilmiş işğalçılıq siyasətinin və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan əməllərin nəticəsində yaranmış tarixi ədalətsizliyin aradan qaldırılması ilə nəticələndi. Otuz ilə yaxın müddətdə torpaqlarımızın işğal altında qalması, bir milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin düşməsi xalqımızın yaddaşında dərin iz buraxmışdı. Lakin Azərbaycan xalqı heç vaxt öz torpaqlarından imtina etmədi, ərazi bütövlüyümüzün bərpasına olan inamını itirmədi. Dövlətimizin qətiyyətli siyasəti, xalqımızın birliyi və Azərbaycan Ordusunun gücü bu inamı reallığa çevirdi.
Bu tarixi Qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi xüsusi əhəmiyyət daşıdı. Ötən illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan gücləndi, beynəlxalq mövqelərini möhkəmləndirdi, müasir və qüdrətli ordu formalaşdırdı. Dövlət başçısının qətiyyətli mövqeyi, milli maraqlara əsaslanan siyasi kursu və Azərbaycan xalqının iradəsinə söykənən fəaliyyəti Zəfərə aparan yolun əsas amillərindən oldu. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, güclü dövlət, güclü ordu və milli birlik istənilən çətinliyin öhdəsindən gəlmək iqtidarındadır.
Vətən müharibəsi Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığının, fədakarlığının və döyüş ruhunun parlaq nümunəsinə çevrildi. Onlar hər qarış torpaq uğrunda mübarizə apararaq, canları və qanları bahasına xalqımıza tarixi Qələbə yaşatdılar. Bu Qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı, döyüşçülərimizin cəsarəti və bütövlükdə Azərbaycan xalqının sarsılmaz iradəsi dayanır. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq məktəbi olacaqdır.
8 Noyabr tarixinin məhz Şuşanın azad edilməsi ilə əlamətdar olması xüsusi rəmzi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı, milli musiqimizin, ədəbiyyatımızın və incəsənətimizin beşiyi olan Şuşa hər bir azərbaycanlı üçün müqəddəs şəhərdir. Şuşanın azad edilməsi yalnız hərbi uğur deyil, həm də milli-mənəvi qələbəmizin təntənəsi idi. Mürəkkəb relyef və çətin döyüş şəraitində Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq dünya hərb tarixində özünəməxsus yer tutdu. Şuşanın azad olunması ilə düşmənin müqavimət imkanları ciddi şəkildə sarsıldı və müharibənin taleyi həll olundu.
Eyni zamanda, Azərbaycanın əldə etdiyi tarixi Qələbə regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Ölkəmiz beynəlxalq hüquqa və milli maraqlarına əsaslanan mövqeyini qətiyyətlə ortaya qoyaraq regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində mühüm addımlar atır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, davamlı sülhün əldə edilməsi və regional kommunikasiyaların açılması ölkəmizin irəli sürdüyü əsas prioritetlərdəndir. Azərbaycan bundan sonra da öz suverenliyini və ərazi bütövlüyünü qorumaqla yanaşı, regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verməyə hazır olduğunu nümayiş etdirir.
Bu gün Zəfər Gününü qeyd edərkən qarşımızda dayanan əsas vəzifələrdən biri də qazanılmış tarixi Qələbənin mahiyyətini gənc nəslə düzgün çatdırmaq, onlarda milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Vətənə bağlılıq hissini daha da gücləndirməkdir. Çünki Zəfər yalnız keçmişimizin qürur mənbəyi deyil, həm də gələcəyimiz üçün böyük məsuliyyətdir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi Qələbənin qorunmasında, ölkəmizin inkişafında və dövlətimizin daha da güclənməsində öz töhfəsini verməlidir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Bu tarix bizə bir daha sübut etdi ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli liderlik sayəsində ən çətin məqsədlərə belə nail olmaq mümkündür. Azərbaycan xalqı öz tarixinin ən şanlı səhifələrindən birini yazaraq dünyaya iradəsini, gücünü və mübarizə əzmini nümayiş etdirdi. Bu Qələbə xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və gələcəyə inamının rəmzidir. Zəfərimiz əbədi, müstəqilliyimiz sarsılmaz olsun!
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı