“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Ümummilli Lider Heydər Əliyevin bu sözləri üçrəngli bayrağımızın xalqın həyatında daşıdığı mənanı, milli kimliyimizdəki yerini və dövlətçilik tarixindəki mövqeyini aydın ifadə edir. Azərbaycan bayrağı xalqımızın azadlıq iradəsinin, müstəqil dövlətçilik ənənələrinin, milli birliyinin və Vətənə sədaqətinin təcəssümüdür. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü də bu müqəddəs rəmzə ehtiramın, tarixi irsimizə bağlılığın ifadəsidir.
Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən qəbul edilən bayraq milli istiqlal ideologiyasının əsas prinsiplərini özündə birləşdirirdi. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə islam mədəniyyətinə bağlılığı ifadə edir. Bu ideyanın əsasını görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü milli düşüncə təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın istiqlal düşüncəsində yaşamaqda davam etdi. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi milli dövlətçilik tarixinin dönüş nöqtələrindən biri oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı yenidən dövlət rəmzi kimi təsdiqlədi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi hüquqi əsasını tapdı.
Beləliklə, üçrəngli bayrağımız müstəqil Azərbaycanın dövlətçilik atributu kimi öz layiqli yerini tutdu. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində milli rəmzlərə xüsusi münasibət xalqın tarixi yaddaşının qorunmasına və azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edirdi. Ulu Öndərin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” fikri də hər bir vətəndaşın dövlət rəmzlərinə münasibətinin mənəvi əsasını müəyyənləşdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tarixi irs yeni məzmun qazanıb. Dövlət Bayrağı Meydanının yaradılması, üçrəngli bayrağımızın beynəlxalq tədbirlərdə və dünyanın müxtəlif ölkələrində dalğalanması müstəqil Azərbaycanın artan nüfuzunun göstəricisidir. Paytaxt Bakıda ucaldılan möhtəşəm bayraq xalqımızın dövlət müstəqilliyinə, milli birliyinə və gələcəyinə inamını nümayiş etdirir.
Bayrağımızın tarixində ən qürurverici səhifələrdən biri isə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlıdır. Uzun illər xalqımızın qəlbində yaşayan müqəddəs arzu 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə gerçəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi, üçrəngli bayrağımız doğma torpaqlarımızda yenidən dalğalanmağa başladı. İşğaldan azad edilmiş ərazilərə səfərləri zamanı dövlət başçısının bayrağımızı ucaltması milli qürurun, tarixi ədalətin və suverenliyin təntənəsinə çevrildi.
Bu gün Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında və digər azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli bayraq xalqımızın iradəsini, ordumuzun qəhrəmanlığını və dövlətimizin gücünü nümayiş etdirir. Xankəndidə Azərbaycan bayrağının ucalması isə suverenliyin ölkəmizin bütün ərazilərində təmin edilməsinin rəmzi ifadəsidir. Bayrağımızın bu torpaqlarda dalğalanması uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə ehtiram, qazilərin fədakarlığına minnətdarlıq deməkdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsi hər bir vətəndaşın dövlət rəmzlərinə hörmət etmək vəzifəsini müəyyənləşdirir. Lakin bayrağa ehtiram yalnız qanunla nəzərdə tutulan öhdəlik deyil. Bu, həm də Vətənə bağlılığın, milli məsuliyyətin və dövlətçilik şüurunun göstəricisidir. Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın tarixini, rənglərinin mənasını və onun uğrunda aparılan mübarizəni dərindən bilməsi milli dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından vacibdir.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlıya müstəqilliyin hansı tarixi mübarizələr hesabına qazanıldığını, dövlət suverenliyinin necə qorunduğunu və Zəfərimizin hansı fədakarlıqlarla əldə edildiyini xatırladır. Bu gün Azərbaycan bayrağı azadlığın, suverenliyin və qalibiyyətin rəmzi kimi yüksəklərdə dalğalanır.
Nurlan Həsənov
Milli Məclisin deputatı