8 Noyabr – Azərbaycan Xalqının Şanlı Tarixinin və Milli Qürurunun Dirçəliş Günüdür
Noyabrın 8-i Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə ən parlaq, ən möhtəşəm səhifə kimi həkk olunub. 30 illik yurd həsrətinə son qoyan, regionun geosiyasi mənzərəsini kökündən dəyişən və xalqımıza milli qürurunu yenidən bəxş edən şanlı Zəfər Günü sadəcə hərbi qələbə deyil. Bu qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son iyirmi ildə xalqın, dövlətin və ordunun vahid amal uğrunda apardığı sistemli və uzaqgörən siyasətin məntiqi yekunudur. Tarix sübut etdi ki, güclü lider fenomeninin rəhbərlik etdiyi dövlət hər bir sınaqdan qalib çıxmağa qadirdir.
Ali Baş Komandan İlham Əliyevin qətiyyətli fəaliyyəti sayəsində Azərbaycan müharibəyə qədərki dövrdə bir neçə mühüm cəbhədə böyük üstünlük qazandı. İlk öncə, reallaşdırılan qlobal enerji və nəqliyyat layihələri (Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi) ölkəmizin tam iqtisadi müstəqilliyini təmin etdi. İqtisadiyyatı güclü olan dövlət isə heç bir xarici təzyiqdən asılı olmadan müstəqil qərarlar qəbul etmək gücünə sahib olur.
Beynəlxalq arenada aparılan hücum diplomatiyası düşmənin bütün yalan təbliğatını iflasa uğratdı. BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu birmənalı şəkildə təsdiqləyən hüquqi baza formalaşdırıldı. Ermənistan beynəlxalq birliyin gözündə işğalçı dövlət kimi tam təcrid vəziyyətinə salındı.
Uzaqgörən rəhbərin ən böyük xidmətlərindən biri də dünyanın ən güclü orduları sırasında yer alan müasir Azərbaycan Silahlı Qüvvələrini formalaşdırması oldu. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitlər ən müasir silahların, pilotsuz uçuş aparatlarının (PUA) və yüksək dəqiqlikli raket sistemlərinin alınmasına yönəldildi. Lakin ən əsası, ölkədə vətənpərvərlik ruhunda böyüyən, torpaq uğrunda canından keçməyə hazır olan rəşadətli bir gənc nəsil yetişdirildi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan "Dəmir Yumruq" əməliyyatı İlham Əliyevin hərbi sərkərdəlik məharətinin nümayişinə çevrildi. Müharibənin gedişatını şəxsən idarə edən Ali Baş Komandanın tətbiq etdiyi hərbi taktikalar bu gün dünyanın ən qabaqcıl hərbi akademiyalarında dərslik kimi öyrənilir. Azərbaycan ordusunun şəhidlər verərək, sıldırım qayaları dırmaşaraq Şuşanı azad etməsi isə dünya hərb tarixinə misilsiz qəhrəmanlıq nümunəsi kimi düşdü.
Müharibə təkcə döyüş meydanında deyil, həm də qərəzli beynəlxalq media məkanında gedirdi. Prezident İlham Əliyev müharibənin davam etdiyi 44 gün ərzində dünyanın 30-dan çox aparıcı xəbər agentliyinə, o cümlədən BBC, CNN, Rossiya-24 kimi nəhəng kanallara müsahibələr verdi. Bəzi xarici jurnalistlərin qərəzli, təhrikedici və birtərəfli suallarına dövlət başçısının mükəmməl intellekt, tarixi faktlar və dəmir məntiqlə verdiyi cavablar Azərbaycanın haqlı səsini dünyaya çatdırdı. O, informasiya cəbhəsində təkbaşına bir ordu rolunu oynayaraq, düşmənin propaqanda maşınını tamamilə iflic etdi.
8 Noyabr Zəfəri ilə kapitulyasiya aktına imza atan Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu. Lakin Ali Baş Komandan bununla kifayətlənmədi. 2023-cü ilin sentyabrında həyata keçirilən cəmi 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində separatizmin kökü kəsildi. Prezident İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə müqəddəs üçrəngli bayrağımızı ucaldaraq Azərbaycanın suverenliyini ölkənin bütün ərazisində tam təmin etdi.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda dövlət başçısının birbaşa rəhbərliyi və nəzarəti altında genişmiqyaslı yenidənqurma və "Böyük Qayıdış" proqramı uğurla icra olunur. Külə dönmüş şəhərlər, kəndlər "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən tikilir, beynəlxalq hava limanları inşaa edilir və keçmiş məcburi köçkünlər doğma yurdlarına böyük sevinclə qayıdırlar.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyinin, iradəsinin və rəhbərinə olan sonsuz inamının rəmzidir. Dövlətimizin başçısı İlham Əliyev bu möhtəşəm zəfərlə adını tarixə əbədi olaraq torpaqları xilas edən, tarixi ədaləti bərpa edən Müzəffər Lider kimi yazdırmışdır.
Sitarə Babayeva
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi