PDF Oxu

Siyasət

  • 586

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının və Lənkəran Tibb Kollecinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Lənkəran Tibb Kollecində təşkil olunan tədbir rəsmi və bədii hissələrdən ibarət olub.

Tədbirin rəsmi hissəsini Lənkəran Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Rəvanə Bəşirova açaraq iştirakçıları salamlayıb, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən, milli qürur və dövlətçilik tariximizdəki xüsusi yerindən bəhs edib.

Daha sonra çıxış edən Lənkəran Tibb Kollecinin direktor vəzifəsini icra edən Solmaz Babayeva Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayıb, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadığını qeyd edib.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. Kollecin tələbələrinin ifasında təqdim olunan musiqi və bədii kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda çıxış edən YAP Lənkəran rayon təşkilatının əməkdaşı Böyükağa Axundov 8 Noyabr – Zəfər Gününün xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirib. O, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin milli birliyimizin, güclü dövlətçilik siyasətinin və xalq-ordu həmrəyliyinin təntənəsi olduğunu vurğulayıb.

Böyükağa Axundov qeyd edib ki, Zəfər Günü yalnız hərbi Qələbənin deyil, həm də xalqımızın milli iradəsinin, əzminin, torpaq sevgisinin və tarixi ədalətin bərpasının rəmzidir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, Zəfər tariximizin dərindən öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində bir qrup müharibə iştirakçısına və qaziyə xüsusi diqqət və ehtiramın ifadəsi olaraq onların qələm vasitəsilə çəkilmiş portret fotoşəkilləri təqdim olunub. Bu mənalı təşəbbüs Vətən uğrunda fədakarlıq göstərmiş qəhrəmanlara göstərilən hörmətin və minnətdarlığın rəmzi kimi dəyərləndirilib.

Tədbirin sonunda kollektiv, qazilər, müharibə iştirakçıları və digər iştirakçılarla birlikdə xatirə fotoşəkli çəkdirilib.

Tədbir iştirakçılarda yüksək vətənpərvərlik ruhu və xoş təəssürat yaradıb.

Digər xəbərlər