Azərbaycan ilə Türkiyə arasında münasibətlər ortaq tarix, dil, din, mədəniyyət və milli-mənəvi dəyərlər üzərində formalaşaraq zaman keçdikcə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasındakı əlaqələr yalnız tarixi və mənəvi yaxınlıqla deyil, həm də regional və beynəlxalq proseslərdə üst-üstə düşən milli maraqlar, qarşılıqlı dəstək və əməkdaşlıq prinsipləri ilə səciyyələnir. Bu münasibətlərin inkişafında 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi xüsusi mərhələ təşkil edir. Sənəd Azərbaycan-Türkiyə əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltməklə iki dövlət arasında əməkdaşlığın siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, humanitar və digər istiqamətlər üzrə genişləndirilməsi üçün möhkəm hüquqi-siyasi çərçivə yaratdı.
Şuşa Bəyannaməsinin məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanması xüsusi tarixi və siyasi məna daşıyırdı. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri iki ölkə arasındakı qardaşlıq münasibətlərinin siyasi müstəvidə yeni ifadəsi oldu. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan sənəd Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm dövlətlərarası razılaşma kimi tarixə düşdü. Bu hadisə həm də Şuşanın Azərbaycanın suverenliyinin bərpasından sonra beynəlxalq siyasi görüşlərə ev sahibliyi edən mühüm məkana çevrilməsinin başlanğıc mərhələlərindən biri idi.
Bəyannamənin əsas siyasi mahiyyəti iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın keyfiyyətcə yeni müttəfiqlik mərhələsinə yüksəldilməsidir. Sənəddə dövlətlərin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri xüsusi yer tutur. Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərdə fəaliyyətlərini əlaqələndirmək, xarici siyasət sahəsində məsləhətləşmələri davam etdirmək və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərmək barədə razılığa gəliblər. Bu müddəalar Azərbaycan və Türkiyənin beynəlxalq münasibətlər sistemində ortaq mövqelərinin formalaşdırılması və milli maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Şuşa Bəyannaməsinin diqqət çəkən əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Sənədə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz baş verdiyi qənaətinə gəlinərsə, birgə məsləhətləşmələr aparılmalı, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun təşəbbüslər həyata keçirilməli, zəruri yardım göstərilməsi məsələsi müzakirə olunmalıdır. Eyni zamanda, müdafiə ehtiyaclarının təmin edilməsi üçün mümkün yardımın həcmi və forması müəyyənləşdirildikdən sonra birgə tədbirlər və silahlı qüvvələrin müvafiq qurumları arasında əlaqələndirilmiş fəaliyyət nəzərdə tutulur. Sənəddə hərbi sahədə təcrübə mübadiləsi, birgə təlimlər, orduların müasir tələblərə uyğun yenidən təşkili və müdafiə sənayesi sahəsində əməkdaşlıq da öz əksini tapıb. Bu yanaşma iki ölkənin təhlükəsizlik maraqlarının qarşılıqlı şəkildə nəzərə alınmasına xidmət edir.
Bəyannamə regional iqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı baxımından da mühüm müddəaları əhatə edir. Sənəddə Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, birgə istehsal sahələrinin yaradılması və ixracın şaxələndirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının yaradılması, bunun davamı olaraq Naxçıvan-Kars dəmir yolunun tikintisi iki ölkə arasında iqtisadi və kommunikasiya əlaqələrinin genişləndirilməsi baxımından mühüm istiqamət kimi müəyyənləşdirilib. Bu layihələr yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionun nəqliyyat-logistika imkanlarının inkişafı kontekstində də əhəmiyyətlidir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin müdafiə və iqtisadi əməkdaşlığı ilə yanaşı, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, humanitar əlaqələr və beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılması məsələlərini də əhatə edir. Xüsusilə müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diasporlarının fəaliyyətinin əlaqələndirilməsi, milli maraqların müdafiəsi, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və dezinformasiyaya qarşı birgə fəaliyyət sənədin mühüm istiqamətlərindəndir. Müasir dövrdə informasiya məkanında baş verən proseslər nəzərə alındıqda bu əməkdaşlıq sahəsinin əhəmiyyəti daha aydın görünür. İki ölkənin diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti beynəlxalq platformalarda ortaq mövqelərin təqdim edilməsi üçün əlavə imkanlar yaradır.
Sənəddə Türk dünyasının birliyinin və inkişafının dəstəklənməsi də ayrıca yer tutur. Azərbaycan və Türkiyə türk xalqları arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin gücləndirilməsinə, Türk Dövlətləri Təşkilatı və digər ortaq qurumların fəaliyyətinin genişləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyublar. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında münasibətləri tənzimləyən sənəd deyil, həm də daha geniş regional əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən siyasi platformadır. Türk dünyasının inteqrasiyası, ortaq tarixi-mədəni irsin qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində Azərbaycan-Türkiyə əməkdaşlığının xüsusi rolu vardır.
Şuşa Bəyannaməsinin əhəmiyyəti onun imzalanması ilə məhdudlaşmır. Sənədin müddəalarının hüquqi qüvvəyə minməsi və dövlətlərarası münasibətlərdə tətbiqi də mühüm mərhələ təşkil edib. Türkiyədə Bəyannamə 2022-ci il martın 23-də ratifikasiya edilərək Rəsmi Qəzetdə dərc olunub. Beləliklə, sənəddə müəyyənləşdirilən müttəfiqlik münasibətlərinin hüquqi əsasları daha da möhkəmləndirilib. Sonrakı dövrdə iki ölkə arasında siyasi dialoqun, hərbi əməkdaşlığın, iqtisadi əlaqələrin və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin davam etdirilməsi Bəyannamənin əhatə etdiyi istiqamətlərin praktiki əhəmiyyətini nümayiş etdirir.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra şəhərin beynəlxalq siyasi tədbirlər üçün seçilməsi də onun yeni regional reallıqlardakı mövqeyini göstərən mühüm amillərdəndir. 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və Qarabağ Bəyannaməsinin imzalanması Türk dünyasının əməkdaşlıq gündəliyində Şuşanın yerini daha da möhkəmləndirdi. Bu hadisə Şuşa Bəyannaməsində ifadə olunan Türk dünyasının birliyi və qarşılıqlı əməkdaşlıq ideyalarının daha geniş regional müstəvidə inkişafı baxımından diqqətəlayiqdir.
Azərbaycan-Türkiyə münasibətləri bu gün ortaq maraqlara, qarşılıqlı etimada və dövlətlərarası hüquqi sənədlərlə möhkəmləndirilmiş əməkdaşlığa əsaslanır. Şuşa Bəyannaməsi isə bu münasibətlərin strateji istiqamətlərini müəyyənləşdirən mühüm sənəd kimi iki qardaş ölkənin gələcək fəaliyyətinə geniş perspektivlər açır. Onun imzalandığı Şuşa şəhəri Azərbaycan tarixində ərazi bütövlüyünün bərpasının rəmzi olmaqla yanaşı, Azərbaycan-Türkiyə müttəfiqliyinin də tarixi ünvanına çevrilib. Bu baxımdan Şuşa Bəyannaməsi müasir Azərbaycan diplomatiyasının mühüm nailiyyətlərindən biri, iki dövlət arasında münasibətlərin gələcək inkişafını istiqamətləndirən strateji sənəd kimi xüsusi əhəmiyyət daşıyır.
Şəhriyar Ələkbərov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Yenikənd kənd İƏD üzrə nümayəndə