PDF Oxu

Siyasət

  • 1 271

“Böyük Qayıdış ölkənin gələcək inkişafına xidmət edən strateji və milli əhəmiyyətli layihədir” -DEPUTAT DANIŞDI

“Böyük Qayıdış ölkənin gələcək inkişafına xidmət edən strateji və milli əhəmiyyətli layihədir” -DEPUTAT DANIŞDI

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın qazandığı tarixi uğurların təhlili və qarşıdakı dövr üçün strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı çıxışında Vətən müharibəsinə qədər keçilən mürəkkəb yola, əldə edilən tarixi Qələbəyə, Azərbaycan Ordusunun qəhrəmanlığına və şəhidlərimizin göstərdiyi misilsiz fədakarlığa diqqət çəkib.Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, Zəfərdən sonrakı mərhələdə qarşıda duran ən mühüm strateji vəzifələrdən biri Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsidir:“İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, mina təhlükəsinin minimuma endirilməsi və keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəkildə qayıtmasının təmin edilməsi kompleks yanaşma, ciddi maliyyə resursları və ardıcıl fəaliyyət tələb edir. İlk növbədə həmin ərazilərdə müasir infrastrukturun qurulması, yol-kommunikasiya xətlərinin çəkilməsi, elektrik enerjisi, qaz və içməli su təminatının yaradılması insanların normal həyat şəraitinə qovuşması üçün əsas şərtlərdəndir.Bu istiqamətdə beynəlxalq qurumların və ayrı-ayrı ölkələrin mina təmizlənməsi, eləcə də bərpa-quruculuq layihələrinə dəstəyinin genişləndirilməsi vacibdir. Xüsusilə qardaş türk dövlətlərinin malik olduğu imkanlardan və təcrübədən daha səmərəli istifadə edilməsi məqsədəuyğundur. Belə əməkdaşlıq azad edilmiş ərazilərdə yenidənqurma prosesinin intensivləşməsinə, bölgədə sülhün, təhlükəsizliyin və davamlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verə bilər.Bu gün Qarabağ və Şərqi Zəngəzurda icra olunan layihələr təkcə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır, eyni zamanda həmin ərazilərin iqtisadi imkanlarının üzə çıxarılmasına yönəlib. Torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə qaytarılması, istehsal və sənaye obyektlərinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni iş imkanlarının formalaşdırılması regionun ümumi iqtisadi sistemə inteqrasiyasını sürətləndirəcək. Bu baxımdan Böyük Qayıdış insanların doğma yurdlarına dönməsi ilə yanaşı, onların əmək fəaliyyətinə cəlb olunmasını, sosial rifahının yüksəldilməsini və regional iqtisadiyyatın inkişafında fəal iştirakını da nəzərdə tutur.Böyük Qayıdış sadəcə əhalinin əvvəlki yaşayış məntəqələrinə köçürülməsi prosesi deyil, ölkənin gələcək inkişafı baxımından strateji və milli əhəmiyyətli layihədir. Bu proqram uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtmasına şərait yaratmaqla yanaşı, cəmiyyət daxilində həmrəyliyin güclənməsinə, ərazi bütövlüyünün praktiki müstəvidə möhkəmlənməsinə və milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Ona görə də bu prosesi yalnız məskunlaşma tədbiri kimi deyil, dövlətin milli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır.Bununla yanaşı, əldə olunan tarixi uğurların qorunub saxlanılması üçün cəmiyyətdə milli birlik və həmrəyliyin davamlı olması, dövlətin təhlükəsizlik imkanlarının daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə quruculuq və inkişaf tədbirlərinin ardıcıl şəkildə davam etdirilməsi mühüm prioritetlər olaraq qalır”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər