PDF Oxu

Müsahibə

  • 1 163

Azərbaycançılıq ideoloji təhlükəsizliyimizin əsasını təşkil edir

Azərbaycançılıq ideoloji təhlükəsizliyimizin əsasını təşkil edir

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı

- Mübariz müəllim, məlumdur ki, hər bir dövlətin və xalqın yüksəlişində, onun milli və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsində ideoloji prinsiplərin mühüm rolu var. Azərbaycan xalqı üçün belə fundamental dəyərlərdən biri azərbaycançılıqdır. Bu ideologiyanın mahiyyətini, müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və milli birliyin təmin olunmasında rolunu necə xarakterizə edərdiniz?
- Milli ideologiya xalqı vahid məqsəd və məram ətrafında birləşdirən, onun keçmişi, bu günü və gələcəyi arasında mənəvi-siyasi bağlılıq yaradan əsas amillərdəndir. Bu baxımdan Azərbaycançılıq ideologiyası müstəqil Azərbaycan dövlətinin siyasi və mənəvi dayaqlarını təşkil edən, cəmiyyətimizin bütövlüyünü və milli həmrəyliyini təmin edən fundamental dəyərdir.
Azərbaycançılıq anlayışı yalnız milli mənsubiyyətin ifadəsi deyil. Bu, Azərbaycanın tarixi, dili, mədəniyyəti, milli-mənəvi dəyərləri, dövlətçilik ənənələri, ərazi bütövlüyü və müstəqilliyi ətrafında formalaşmış bütöv bir məfkurədir. Onun mahiyyətində Vətənə bağlılıq, milli kimliyə hörmət, dövlətə sədaqət, xalqın tarixi irsinə sahib çıxmaq və gələcək nəsillər qarşısında məsuliyyət dayanır. Azərbaycançılıq həm də ölkəmizdə yaşayan müxtəlif xalqların və etnik qrupların vahid Vətən ideyası ətrafında birləşməsinin ideoloji əsasını təşkil edir.
Azərbaycançılığın ideyadan müasir dövlətçilik ideologiyası səviyyəsinə yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bilavasitə bağlıdır. Hələ Azərbaycana birinici rəhbərliyi dövründə Heydər Əliyevin siyasi fəaliyyətində azərbaycançılıq prinsipləri özünü açıq şəkildə göstərib. 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyası təsis olunanda partiyanın proqramında öz əksini tapan ideoloji prinsiplərdən biri məhz azərbaycançılıq prinsipi olub.
Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi mürəkkəb siyasi prosesləri, daxili qarşıdurmaları, dövlət idarəçiliyində yaranmış böhranı və Ermənistanın hərbi təcavüzü o dövrün şahidi olmuş insanlar yaxşı xatırlayırlar. Belə bir şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın gələcək inkişaf istiqamətini müəyyənləşdirdi. Ulu Öndər, ilk növbədə, dövlət müstəqilliyinin qorunmasını, milli birliyin təmin olunmasını və cəmiyyətdə sabitliyin yaradılmasını strateji vəzifə kimi qarşıya qoydu.
Respublikada siyasi rəhbərliyə başladıqdan sonra Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun mühüm istiqamətlərindən biri milli ideologiyanın formalaşdırılması və cəmiyyətin vahid ideya ətrafında səfərbər edilməsi idi. Ulu Öndər yaxşı bilirdi ki, müstəqil dövlətin möhkəmliyi yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Dövlətin ideoloji dayaqları, xalqın milli özünüdərki, vətəndaş həmrəyliyi və ümummilli maraqlara bağlılığı da bu prosesdə həlledici əhəmiyyət daşıyır. Məhz bu yanaşma nəticəsində Azərbaycançılıq dövlətçilik ideologiyası kimi sistemli məzmun qazandı və cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən ümummilli məfkurəyə çevrildi.
Ulu Öndərin Azərbaycançılıq konsepsiyası milli kimliyin qorunmasını, Azərbaycan dilinin inkişafını, milli-mənəvi dəyərlərə bağlılığı, müstəqil dövlətçiliyin möhkəmləndirilməsini və dünya azərbaycanlılarının həmrəyliyini özündə birləşdirirdi. Bu ideologiyanın mühüm xüsusiyyətlərindən biri onun birləşdirici və ümumbəşəri xarakter daşımasıdır. Azərbaycançılıq heç bir ayrı-seçkiliyə əsaslanmır, əksinə, ölkəmizin bütün vətəndaşlarını milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, vahid dövlətçilik ideyası ətrafında bir araya gətirir. Bu baxımdan o, həm milli kimliyimizin qorunmasına, həm də cəmiyyətimizdə qarşılıqlı hörmət və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri tolerantlıq və multikulturalizm ənənələridir. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Bu ənənələr müasir dövrdə də dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir. Konstitusiyamızda milli mənsubiyyətin qorunması, ana dilindən istifadə və vicdan azadlığı hüquqlarının təsbit olunması dövlətimizin bu sahədəki fundamental prinsiplərini müəyyən edir. Deməli, Azərbaycançılıq milli kimliyimizi qorumaqla yanaşı, müxtəlifliyə hörmət və vətəndaş bərabərliyi prinsiplərini də özündə ehtiva edir.
Azərbaycançılıq xalqımızın milli kimliyini, tarixi yaddaşını və dövlətçilik ənənələrini özündə birləşdirən, müstəqil Azərbaycanın siyasi və mənəvi bütövlüyünü təmin edən əsas məfkurədir. Azərbaycançılıq ideoloji təhlükəsizliyimizin əsasını təşkil edən dəyərdir. Bu ideologiya bizi keçmişimizə bağlayır, bu günümüzün məsuliyyətini dərk etməyə və gələcəyə daha inamla baxmağa istiqamətləndirir. Güclü dövlət, milli birlik, vətəndaş həmrəyliyi və milli-mənəvi dəyərlərə sədaqət Azərbaycançılığın əsas meyarlarıdır. Bu meyarların qorunması və inkişaf etdirilməsi isə hər birimizin Vətən və dövlət qarşısında mənəvi borcudur.
- Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan ötən 23 il ərzində möhtəşəm tarixi nailiyyətlər əldə edib. Xüsusilə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası milli tariximizin ən mühüm hadisələridir. Bu uğurlar fonunda azərbaycançılıq ideologiyasının əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bəli, bu gün Azərbaycançılıq ideologiyasının əhəmiyyəti ölkəmizin keçdiyi tarixi inkişaf yolu və əldə etdiyi nailiyyətlər fonunda daha aydın görünür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan müstəqil dövlət kimi mövqelərini möhkəmləndirib, iqtisadi və hərbi qüdrətini artırıb, beynəlxalq münasibətlər sistemində nüfuzunu yüksəldib. Ən əsası, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin ölkənin bütün ərazisində tam bərpa olunması Azərbaycan xalqının milli iradəsinin və dövlətçilik əzminin təntənəsi oldu.
Bu tarixi hadisələr Azərbaycançılıq ideologiyasının yalnız nəzəri məfkurə olmadığını, real siyasi və ictimai proseslərdə səfərbəredici gücə malik olduğunu nümayiş etdirdi. Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi birlik, həmrəylik və milli həmfikirlik dövlətimizin gücünü müəyyən edən əsas amillərdən biri oldu. Müxtəlif siyasi baxışlara, sosial statusa və dünyagörüşünə malik insanların vahid məqsəd – Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə birləşməsi milli ideologiyanın cəmiyyətdəki rolunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev oktyabrın 27-də Bakıda öz işinə başlayan “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitqində bu barədə deyib: “Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında yeni inkişaf mərhələsinin vəzifələri dayanır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının icrası, iqtisadi potensialın artırılması və beynəlxalq mövqelərin möhkəmləndirilməsi dövlətimizin strateji hədəflərinin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Bu mərhələdə Azərbaycançılıq ideologiyası milli birliyin qorunması, cəmiyyətin ümumi məqsədlər ətrafında səfərbər olunması və gələcək inkişafın ideoloji əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
- Mübariz müəllim, Yeni Azərbaycan Partiyasının müasir dövrün çağırışları fonunda Azərbaycançılıq ideyalarının təbliği və inkişafı istiqamətində partiyanın qarşısında hansı vəzifələr dayanır?
- Yeni Azərbaycan Partiyasının fəaliyyətində də Azərbaycançılıq ideologiyası mühüm yer tutur. Partiyanın siyasi və ideoloji xətti Heydər Əliyevin dövlətçilik irsinə, müstəqilliyin qorunmasına, milli maraqların müdafiəsinə və cəmiyyətin inkişafına xidmət edən prinsiplərə əsaslanır. Bu ideoloji xəttin müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsi partiyanın qarşısında duran mühüm vəzifələrdəndir.
Azərbaycançılıq ideologiyasının təbliği, ilk növbədə, onun mahiyyətinin və prinsiplərinin cəmiyyətə, xüsusilə də gənc nəslə düzgün çatdırılmasını tələb edir. Gənclərimiz Azərbaycanın zəngin tarixini, dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini dərindən bilməli, müstəqilliyimizin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu dərk etməlidirlər. Vətənə sevgi yalnız sözlə deyil, bilik, məsuliyyət, əmək, vətəndaş mövqeyi və dövlət maraqlarına sədaqətlə ifadə olunmalıdır. Müasir dövrdə informasiya məkanında baş verən proseslər, ideoloji təsirlər və qlobal çağırışlar da gənclərin milli düşüncə və vətəndaşlıq mövqeyinin gücləndirilməsini zəruri edir. Bütün bunları nəzərə alaraq YAP gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların milli maraqlara bağlılığının gücləndirilməsi və dövlətçilik düşüncəsinin inkişafı istiqamətində maarifləndirici tədbirlərini davam etdirir.
Digər mühüm məsələ Azərbaycançılıq ideologiyasının informasiya məkanında və rəqəmsal platformalarda təbliğidir. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, müxtəlif ideoloji təsirlərin və informasiya təhdidlərinin artması milli-mənəvi dəyərlərin qorunmasını daha da aktuallaşdırır. Bütün bu məsələlər Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində öz əksini tapmışdır.
Belə şəraitdə partiyanın üzərinə düşən vəzifələrdən biri də milli maraqlarımıza uyğun informasiya siyasətinin təşviqinə, cəmiyyətdə sağlam ictimai düşüncənin formalaşmasına və xüsusilə gənclərin zərərli ideoloji təsirlərdən qorunmasına töhfə verməkdir. YAP bu istiqamətdə də səmərəli fəaliyyət həyata keçirir.
Azərbaycançılıq ideologiyasının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, onun yeni nəsillərə ötürülməsi və ictimai şüurda daha da möhkəmləndirilməsi hər zaman YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. YAP bu istiqamətdə öz üzərinə düşən missiyanı ardıcıl şəkildə yerinə yetirəcək.

Digər xəbərlər